Zərdüş Əlizadə: “Müşahidəçilik missiyası Azərbaycanın üzərinə heç bir öhdəlik qoymur”
Rusiya Prezidenti Vladimir Putin MDB-nin digər ölkələrinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) ilə daha dərin əməkdaşlığa dəvət edilməsini təklif edib.
TASS-ın verdiyi məlumata əsasən, Aİİ-də sədriliyin 2018-ci il yanvarın 1-də Rusiyaya keçməsi münasibətilə birliyə üzv ölkələrin rəhbərlərinə müraciətində V.Putin AİB ilə MDB-nin daha dərindən əməkdaşlığının mümkünlüyünü araşdırmağın vacibliyini
qeyd edib.
“MDB-ə üzv bəzi ölkələr Aİİ-də müşahidəçi ola bilərlər”, – V.Putin deyib.
Ümumilikdə Aİİ-in fəaliyətinə qiymət verən Rusiya prezidenti bəyan edib ki, bundan sonra da üzv ölkələr arasında valyuta-maliyyə, pul-kredit siyasətinin yaxınlaşdırılmasına yönəlik kursu davam etdirməyin vacib olduğunu deyib.
O perspektivdə vahid maliyyə bazarının yaradılmasını qeyd edib.
V.Putinin fikrincə üç il ərzində Aİİ özünün effektliyini nümayiş etdirib və iqtisadi göstəriciləri yaxşılaşdırıb.
“Müşahidəçilik ölkə üzərinə öhdəlik qoymur
Siyasi icmalçı Zərdüşt Əlizadə Avrasiya İqtisadi İttifaqının dövlət yox, beynəlxalq təşkilat olduğunu xatırladaraq, bildirib ki, Azərbaycan quruma müşahidəçi kimi üzv olsa belə, üzərinə heç bir öhdəlik götürmür.
“Sadəcə, dövlətin nümayəndəsi Avrasiya İqtisadi İttifaqının iclaslarında iştirak etmək hüququ qazanır. Bununla nümayəndə ittifaq barədə məlumat alıb hökumətinə hesabat verir. Biri var mediadan izləyəsən, biri də var ittifaqın sənədləri ilə tanış olursan”.
O qeyd edib ki, müşahidəçilik missiyası Azərbaycanın üzərinə heç bir öhdəlik qoymur, gələcəkdə nə üzv qəbul olunmaq, nə də kənarlaşmaq öhdəyiliyi qoyur.
“Məsələn, İran və Hindistan Şanxay Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında müşahidəçidir. Müşahidəçilik hansısa icbari öhdəlik qoymur”.
Siyasi icmalçı deyir ki, Azərbaycanın iqtisadiyyatı olsaydı, Avrasiya İqtisadi İttifaqına üzv olub Rusiya bazarından istifadə edə bilərdi.
“Azərbaycanın ixrac potensialı çox miskindir. İnhisarçılıq Azərbaycan xalqının yaradıcılıq bacarığını boğub. Hakim zümrənin hər şeyi inhisara götürmək qabiliyyəti var, amma rəqabətə davamlı və keyfiyyətli məhsul istehsal etməyə mədəniyyəti çatmır. Bilirsiniz, pomidorla, xiyarla, almayla, narla və digər meyvələrlə bazara ciddi təsir göstərmək olmaz. Ölkənin əsas ixrac məhsulu neft və qazdır, onun da alıcısı Qərbdir”.
Rusiya Avrasiya İqtisadi İttifaqının lokomotivi ola bilməz
Bununla belə Zərdüşt Əlizadə Avrasiya İqtisadi İttifaqının gələcəyini görmür:
“Hər hansı iqtisadi birlik lokomotivi olduğu zaman səmərəli olur. Rusiya zəif və dağılan iqtisadiyyatı ilə heç cür lokomotiv ola bilməz”.
Z.Əlizadə nümunə olaraq qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı Belarus üçün bazar və xammal mənbəyi rolunu oynayır, ona görə də Belarus bu ittifaqdan ikiəlli yapışıb.
“Ermənistan Rusiyanın forpostu olduğundan onun əmriylə siyasətini yürüdür. Ermənistanın seçimi könüllü deyil, əmr ediblər, o da Avrasiya İqtisadi İttifaqına üzv olub. Bu üzvlük ölkənin iqtisadiyyatına müsbət təsir göstərməsi haqqında fikirlər cəfəngiyyatdır. Səbəb Ermənistanın iqtisadi potensialının zəif olmasıdır. Qazaxıstana gəlincə, Nazarbayev çox yaxşı siyasət yürüdür, anlayır ki, Rusiyanın maraqlarına qarşı getsə, ölkəsi bəlalarla üzləşəcək. Bunlardan biri rəsmi Kremlin Qazaxıstanın şimalındakı rusları qaldırması ola bilər. Nazarbayev onsuz da indiki hakimiyyətlə Rusiyanın gələcəyinin olmadığını bilir. Tacikistan, Qırğızıstan və Özbəkistandakı problemlər oxşardır. Bu ölkələrin əhalisi Rusiyada çörək pulları qazanır həm də iqtisadiyyatları zəifdir. Ona görə də bu dövlətlər Rusiyaya yaxınlaşmağa məcburdurlar”.