Rusiya korrupsiya araşdırmaları dərc edən medialardan məqalələri silməyi tələb edir

Rusiyanın mediaya nəzarət agentliyi Roskomnadzor media qurumlarına onlarla məktub göndərib. Onlara həbsdə olan müxalifət lideri Aleksey Navalnının qadağan olunmuş təşkilatının korrupsiya araşdırmaları haqda onlayn məqalələrin silinməsi göstərişi verilib. Əks halda, vebsaytlar bloklana bilərlər.
Rəsmi göstəriş heç də məqalələrin, yaxud orijinal araşdırmaların məzmunu ilə əsaslandırılmır. Navalnının Antikorrupsiya Fondunun (FBK) ötən il “ekstremist” təşkilat kimi qadağan edilməsi səbəb göstərilir. Navalnı və bir çoxları bu təsnifatı əsassız və siyasi motivli hesab edir.
Rusiya hökumətinin ötən iyulda “arzuolunmaz təşkilat” siyahısına saldığı “Proyekt” araşdırma jurnalistikası layihəsinin bir sıra tədqiqatları da hədəfə alınıb.
Tənqidçilər Kremlin sözügedən təsnifatlarla korrupsiyanı və digər problemləri ifşa etmək cəhdlərini boğmaq niyyəti güddüyünü deyirlər.
Araşdırmalarda Prezident Vladimir Putin, keçmiş prezident Dmitri Medvedev, Rusiya hakim elitasındakı digər şəxslərə korrupsiya iddiaları səslənib və bu iddialar cavabsız qalıb.
“Bu materialların çıxarılması aşkar klassik senzuradır”, – “Insider” onlayn araşdırma orqanının baş redaktoru Roman Dobroxotov deyib.
“Bəhanənin nə olmasının, keçmişə aid edilməsinin dəxli yoxdur. Bürokratlar, yaxud təhlükəsizlik agentlikləri özlərinin korrupsiyası haqda materialı çıxarırlarsa, bunun senzuradan başqa adı yoxdur”, – o, sözlərinə əlavə edib.

Ana səhifəVideoRusiya korrupsiya araşdırmaları dərc edən medialardan məqalələri silməyi tələb edir