Rusiya Kiyevi raket atəşinə tutub: ölən və yaralananların olduğu bildirilir (yenilənib)

Kiyev. Foto: “Нацполиция Украины”

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində ölənlərin sayı on birə çatıb.
Məlumatı Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Aleksandr Xorunjiy verib.


O, yaralananların sayının altmış doqquza çatdığını əlavə edib.


Ukraynada ölənlərin sayının doqquza çatdığı bildirilir

Ukraynanın səkkiz vilayətinə (Xmelnitski, Lvov, Dnepr, Vinnitsa, İvano-Frankovs, Zaparjye, Sumı, Xarkov, Jitomir, Kirovoqrad) və paytaxt Kiyevə raket zərbələri zamanı ölənlərin sayının doqquza çatdığı bildirilir.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumatına görə, yaralananlar 36 nəfərdir.

Həmçinin qeyd olunur ki, zərbələr mühüm infrastruktur obyektlərinə (əsasən enerji təchizatı obyektləri) endirilib.

Lvov, Poltava, Sumı, Xarkov və Ternopilda tamamilə, Ukraynanın qalan ərazilərində isə elektrik enerjisinin verilişi qismən kəsilib.

Dağıntı və yanğınların aradan qaldırılması üçün 120-dən çox insan və minə qədər xüsusi texnika cəlb olunub.


Ukrayna FHN: “Yaralananların sayı 30-a çatıb, ölənlərin sayı dəqiqləşdirilir”

Oktyabrın 10-da, səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə, həmçinin Lvov, Ternopil, Dnepr, Xmelnitski və Jitomirdə partlayışların baş verdiyi bildirilir.

Bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb, ölənlərin sayı dəqiqləşdirilir.

Son məlumatlara görə, partlayış nəticəsində 8 nəfər həlak olub.

Məlumata görə, Kiyevdəki bütün yeraltı stansiyalar sığınacaq olaraq istifadə olunur və qatarların hərəkəti dayandırılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski “İnstagram”da paylaşdığı videomüraciətdə sığınacaqlarda qalmağa çağırıb.

“Çətin səhərdir – terrorçularla mübarizə aparırıq. Onlarla raket, İran istehsalı “Şahed” pilotsuz uçuş aparatları. Onların iki hədəfi var: cənubda – Kiyev, Xmelnitski, Lvov, Dnepr, Vinnitsa, İvano-Frankovs, Zaparjye, Sumı, Xarkov, Jitomir və Kirovoqradda təşviş və xaos yaratmağa çalışır, bizim enerji sistemlərimizi məhv etmək istəyirlər. İkinci hədəf isə insanlardır. Sığınacaqlarda qalın”, – deyə Zelenski qeyd edib.

Bu partlayışların Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur.

Kiyev. Foto: “Reuters”.

Oktyabrın 8-də, səhər saatlarında Krım körpüsünün dəmiryol xəttində partlayış baş verib.

Krım Dəmir Yol İdarəsinin mətbuat xidməti bildirib ki, saat 06:05-də Kerç boğazından keçən nəqliyyat keçidinin dəmir yolu hissəsində yük qatarının yanacaq çənində partlayış baş verib.

2022-ci ilin avqustunda “Washington Post” qəzeti İranın Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) göndərilməsi barədə məlumat yayıb.

Daha sonra ABŞ Adminstrasiyası xəbəri təsdiqləyib.

“Rusiya avqust ayında bir neçə gün ərzində İrandan “Mohajer-6” və “Shahed” seriyalı PUA-ları alıb”, – Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə deyib.

2022-ci il sentyabrın 23-də İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili səfir akkreditasiyasından məhrum edilib.

Ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda İran tərəfinə bildirilib ki, Ukraynaya qarşı hərbi əməliyyatlar aparmaq üçün Rusiyaya silah tədarükü İranla münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiya Kiyevi raket atəşinə tutub: ölən və yaralananların olduğu bildirilir (yenilənib)