Rusiya avqustun 27-dən 28-nə keçən gecə Kiyevə dron və ballistik raketlərlə kütləvi hava hücumları edib.
Hücumun nəticələri Kiyevin altı rayonunda – Darnitski, Dneprovsk, Solomensk, Şevçenkov, Obolonski və Desnyanski rayonlarında 20-dən çox yerdə qeydə alınıb.
Yaşayış binalarına, uşaq bağçasına, ticarət mərkəzinə, dayanacağa, onlarla avtomobilə, həmçinin “Ukrainska pravda”nın redaksiyasına, “British Council”in ofisinə, “İntercity+” sürətli qatar deposuna ziyan dəyib.
Son məlumata görə, əksəriyyəti Darnitski rayonunda olmaq şərtilə 14 nəfər həlak olub, onlardan üçü uşaqdır. 38 nəfər yaralanıb, 10 nəfər isə itkin düşüb.
Rusiya Ukraynanın digər bölgələrinə də hücum edib. Vinnitsa vilayətində, yerli administrasiyanın məlumatına görə, enerji obyektlərinə ziyan dəyib, 29 yaşayış məntəqəsində 60 min istehlakçı işıqsız qalıb. Bundan əlavə, Vinnitsa vilayətinin Kazatin şəhərində dəmir yolu infrastrukturuna ziyan dəyib, Kiyev və Lvov arasında hərəkət edən qatarlar müvəqqəti olaraq marşrutlarını dəyişib, , bu haqda “Ukrzaliznitsa” dəmir yolu daşıyıcısı məlumat verir.
Kiyevin Darnitski rayonunda ən azı 6 obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya Silahlı Qüvvələrinin kütləvi zərbəsi “dünyada həftələr və aylar ərzində atəşkəs və real diplomatiya çağırışı edən hər kəsə aydın cavabdır”.
“Rusiya danışıqlar masası əvəzinə ballistikanı seçir. O, müharibəni bitirməkdənsə, öldürməyə davam etməyi seçir. Bu isə o deməkdir ki, Rusiya hələ də bunun nəticələrindən qorxmur. Rusiya hələ də dünyanın ən azı bir hissəsinin öldürülən uşaqlara göz yummasından istifadə edir və Putin üçün bəhanələr axtarır”, – Ukrayna lideri bildirib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, Kiyev “Rusiyanın Kiyevə və digər şəhərlərə amansız zərbəsinə qətiyyətli beynəlxalq cavab verməsini” tələb edir. Onun sözlərinə görə, zərbə nəticəsində Aİ-nin Ukraynadakı missiyasına ziyan dəyib.
“Putin Alyaskada nə desə də, onun real hərəkətləri diplomatiya, dialoq və sülh səylərini rədd edir”, – Sibiqa deyib.
Kiyevdə avqustun 29-u Rusiya hücumu qurbanlarının xatirəsinə matəm günü elan edilib.