Rusiyalı iqtisadçı baş verənləri təhlil edib
Rusiyanın Ukraynaya hücumundan iki həftə sonra Moody”s beynəlxalq reytinq agentliyi onun suveren kredit reytinqini defoltönünə qədər endirib. Deməli, artıq sabah defolt gözlənilir? O, rusiyalıların gəlirlərinə necə təsir edəcək və hökumət inflyasiyanı ləngitmək üçün nəsə edə biləcəkmi? “Meduza” MDU-nin iqtisadiyyat fakültəsinin İqtisadi siyasət mərkəzinin direktoru Oleq Buklemişevlə söhbət edib. O, 1990-ların sonlarında Maliyyə Nazirliyində, 2000-lərdə isə hökumətdə işləyib.
Defolt olacaqmı?
Oleq Buklemişev deyib ki, Rusiya hökumətinin bütün bunlarla yanaşı, üstəlik defolt elan etməsi üçün heç bir maneə görmür:
“Az qala bütün dünyaya müharibə elan etmək, nüvə silahından istifadə olunacağına eyham vurmaq, – aparıcı xarici ekspertlər Rusiyanın nüvə kompleksini belə təsnifatlaşdırır, – və bununla yanaşı, bu qədər gərgin münasibətdə olduğun ölkəyə ödəməyə davam etmək təəccüblü olardı. Zənnimcə, bu, indiki vəziyyətin paradoksudur: insanlar ətrafda xeyli dəhşətli şeylər baş verdiyi halda məhz defoltla bağlı narahat olublar”.
Ekspert defolt zamanı nə baş verəcəyinə də aydınlıq gətirib.
“Nə qədər çətin olsa da, deməliyəm ki, defolt Rusiyanın hazırda çəkəcəyi an az ağrıdır. Ondan hələ qaçmaq olarmı? Bəli, indi nəzəri nöqteyi-nəzərdən dövriyyədə olan bütün borc kağızlarını almaq olar. Onlar ucuzdur və ehtimal ki, Rusiyanın bunu təmin etməsi üçün hələ ki ehtiyatı var. Amma düşünmürəm ki, kimsə bununla fəal şəkildə məşğul olacaq, çünki bu, sadəcə mənasızdır”, – iqtisadçı deyib.
“Hər şeyin bərpa olacağına inanmıram”
“Tutaq ki, Rusiya yaxın zamanda “xüsusi hərbi əməliyyatı” başa çatdıracaq. Bundan sonra sanksiyaların qaldırılması və iqtisadiyyatın bərpa olmasına nə qədər ehtimal var?” – sualına Oleq Buklemişevin cavabı belə olub:
“Düşünürəm ki, bundan sonra kəskin sanksiyaları qaldıracaqlar, lakin açığı hər şeyin bərpa olmasına inanmıram. Səbəb sadədir: artıq heç kəs son iki həftədə ərzində baş verənlərin təkrar olunmasını istəməyəcək. Nə bir öpüşüb-görüşmə, nə qucaqlaşma, nə də mehriban xalqlar ailəsinə giriş artıq olmayacaq.
Ən pis halda sürünmə, ölkənin yerdə qalan dünyanın künc-bucağında mövcudluğu baş verəcək. İnfrastrukturun dağılmaması, təyyarələrin uça bilməsi üçün Rusiyaya humanitar yardım göstərəcəklər”.
“Ən pis variant inkişafsız variant, yavaş-yavaş sönmə variantıdır. Bu variantdan qaçmaq istərdik. Bundan qaçmaq üçünsə papağımızı qarşımıza qoyub fikirləşməliyik: bizi bu hala nə gətirdi və biz bu vəziyyətdən necə çıxa bilərik. Rusiya ictimaiyytəində hələ ki bu cür düşüncələri müşahidə etmirəm”, – iqtisadçı suala cavabını tamamlayıb.
İran ssenarisi təkrarlana bilər
İran ssenarisinin təkrarlanacağına (ölkə həm də enerji daşıyıcılarının təchizinə total qadağa ilə qarşılaşa bilər) gəlincə, iqtisadçı deyib ki, Rusiya iqtisadiyyatı İran iqtisadiyyatı ilə müqayisədə daha geniş və diversifikasiya olunub. Üstəlik rusiyalılar avropalıdır, ən azından Rusiya elitası: “Düşünürəm ki, bu cür ssenari olarsa, Rusiya milyon, bəlkə də bir neçə milyon insan itirəcək. Onlar Yer kürəsinin başqa nöqtəsində olacaqlar. Özü də mən ən müxtəlif elitanı nəzərdə tuturam. Bu proses başlayıb və davam edir. İran ssenarisindən nəsə yaxşı bir şey gözləmək lazım deyil”.
“Əgər total neft-qaz embarqosu yenə də tətbiq edilərsə, iqtisadiyyat daxilində nə baş verəcək? Eksportun yönünü dəyişmək cəhdlərini, İran nümunəsinə uyğun olaraq, vasitəçilər vasitəsi ilə ticarət etmək səylərini görəcəyikmi?” – “Meduza”nın bu sorğusuna cavabında Oleq Buklemişev deyib ki, onları istənilən halda bu cür aqibət gözləyir. İndi olmasa belə, on ildən sonra, çünki enerji keçidinə (karbohidrogenin enerjinin daha təmiz mənbələrlə dəyişdirilməsi “Meduza”nın qeydi) heç kəs hazır deyil:

“Gözəl məqsədlər bəyan edilib, bütün bunlar bir dövlət proqramından digərinə ötürülüb, lakin böyük anlamda ölkənin ödəmə balansının kökündən dəyişdirilməsinə heç bir hazırlıq görülməyib. Rusiya iqtisadiyyatı digər neft nəhəngləri ilə müqayisədə daha geniş diversifikasiya olunsa da, heç bir sanksiya olmadan belə ödəmə balansından böyük bir parçanın qopması təhlükəsi var. Qərbin hazırda bunu etməkdə qərarlı olması, zənnimcə, aşkardır. Heç kəs, xüsusilə də qonşuluqda yaşayanlar bu qədər etibarsız tədarükçüyə arxayın olmayacaq”.
“Artıq bu gün Ukrayna ərazisindəki qaz kəməri paradoksdur: ətrafda qan tökülür, binalar dağıdılır, müqəddəs qaz kəməri isə yerindədir və onun vasitəsilə qaz ötürülür. Məsələ bunda deyil ki, neft və ya qaz özlüyündə pisdir. Kobud desək, alman byurgeri maşınına neft vurarkən Xarkov şəhərini xatırlayacaq. Hazırkı dünyada bir çox ölkə üçün bu vəziyyət hansısa nöqtədə dözülməz hala gəlir. Onlar uzun müddət bunu görməzdən gəliblər, bu günsə triggerlər işə düşüb. Həmin triggerlər insanlar əvvəlki baxışlarından imtina edəcəkləri qədər güclüdür. “Əsas odur ki, Rusiya bizə neft və qaz versin, yerdə qalan vecimizə deyil” – onlar artıq bu cür düşünmürlər”, – iqtisadçı deyib.
Yeni sanksiyalar və ya hər şeyin dibi
Enerji daşıyıcılarına tam qadağa, yeni sanksiyalar haqda suala gəlincə, iqtisadçı deyib ki, əvvəllər də qoyulan sanksiyaları ələ salmamağı tövsiyə edib, indi isə hər kəs hər şeyi görür: “Zənnimcə, Rusiya iqtisadiyyatının qısa müddət ərzində çökməsi üçün hazırkı vəziyyət yetərlidir. Mənim qiymətləndirməmə görə, yəqin ki, bu cür şəkildə üç ay davam gətirə bilərik”.
“Belə bir əminlik vardı ki, ən azından Avropa heç nəyə toxunmayacaq. Odur ki, hər şey avro ilə qutulaşdırılırdı. Lakin sanksiya məsələsində həmrəylik tamamilə gözlənilməz oldu. Təyyarələrlə baş verənlər zəif nöqtələrdən biridir. Növbəti mərhələdə yarımkeçiricilərdir. Axı Rusiyanın öz istehsalı yoxdur. Onu sıfırdan yaratmaq üçün nə bir texnologiya, nə də bacarıq var. Üstəlik buna qabil olan insanlar da ölkəni tərk edirlər”.
“Proqnoz vermək çətindir”
Oleq Buklemişev düşünmür ki, indi kimsə inflyasiya ilə bağlı proqnoz verə bilsin:
“Biz artıq 20 faizə qalxmışıq. Yeri gəlmişkən, Ukraynada hazırda açar tarif 125-dir ki, bu da çox şeydən xəbər verir”.
Mərkəzi Bankın inflyasiya ilə mübarizə aparmaq üçün kifayət qədər vəsaitinin olub-olmamasına gəlincə, iqtisadçı deyib ki, baxır Mərkəzi Bank bununla nə üçün mübarizə aparmaq istəyir: “Ölkəyə müdafiə qabiliyyətini artırmağa kömək etmək? Onda yəqin ki, heç bir vasitə yetərli olmayacaq. Belə başa düşürəm ki, sonuncu artım valyuta vasitələri axınının qarşısının alınması üçün edilmişdi, lakin bunun işə yaramayacağı gün kimi aydın idi. Məlumdur ki, insanlar rubldan qaçırlar, çünki ona heç kəs inanmır”.
“Siz və başqaları “İqtisadiyyatın dağılması”, “üç aydan sonar iqtisadiyyatın çökəcəyi” barədə deyəndə bu nə anlama gəlir?” sualına Oleq Buklemişev belə cavab verib:
“Mən bunu müəyyən texnoloji proseslərin dayandırılması kimi təsəvvür edirəm. Həmin proseslər məhsullara tələbat olmadığı və ya hansısa başqa iqtisadi səbəbdən dayanmır. KamAZ artıq təcili ixracın əvəz olunmasının zərurəti barədə elan edir, AvtoVAz-ın isə yarımkeçiriciləri bitir və s. Yaxın üç ayda bizi bax proseslərin bu cür yarımçıq kəsilməsi gözləyir. Zənnimcə, belə şeylər çox olacaq. Ona görə də deyirəm ki, texnoloji böhran sosial böhranı qabaqlayacaq”.