Deputat isə sazişi vacib və əhəmiyyətli sayır
Fevralın 22-də Moskvada imzalanan “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin 2 ili tamam olur.
43 bənddən ibarət olan Bəyannamə 2022-ci ildə dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında imzalanıb.
Moskvada imzalanan sənədin 3 iyul 1997-ci il tarixli Müqaviləyə, “Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Prezidenti V. Putin və Azərbaycan Prezidenti İ. Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslandığı qeyd edilib.
Bəyannamənin I bəndində bildirilir ki, hər iki ölkə münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
II bənddə isə ölkələrin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdülməsi yer alıb.
IV bənddə tərəflərin aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqedən çıxış etməsi, o cümlədən ikitərəfli səviyyədə konstruktiv əməkdaşlığı dərinləşdirdiyi, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərilməsi qeyd olunur.
Həmçinin Bəyannamədə bildirilir ki, tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Sənədin imzalanmasından 2 gün sonra Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayıb və savaş bu gün də davam edir.
AXCP sədri Əli Kərimli Meydan TV-yə deyib ki, Azərbaycanın Bəyannamədən heç nə qazana bilməzdi və heç nə də qazanmadı:
“Çünki Rusiyanın işğalçı ölkə olduğunu bütün dünya qəbul edir. İşğalçı ölkənin bütün dünyayla qarşıdurmada olduğu zamanda müttəfiqlik etmək Azərbaycanı xeyli dərəcədə təcrid edib”.
Əli Kərimlinin sözlərinə görə, ötən iki ildə Rusiyanın Azərbaycanın üzərində kölgəsi daha da sıxlaşıb:
“Azərbaycan uzun illər balanslı siyasətdən imtina edib, açıq-aşkar rusiyapərəst siyasət aparır və ötən 2 ildə şimal ölkənin təsiri daha da artıb”.
“Baxmayaraq ki, Qarabağda erməni əhali qalmayıb, amma Rusiyanın “sülhməramlıları” Azərbaycanı tərk etmirlər. Xüsusən son həftələrdə olduqca aqressiv, daxili işlərimizə müdaxilə səviyyəsində bəyanatlar verirlər. Adları müttəfiq olsa da, hətta Azərbaycanı onda ittiham edirlər ki, guya, “sülhməramlılar” olmasaydı, Azərbaycan erməni əhalini sağ buraxmazdı. İkincisi, bizi barbarlıqda ittiham edirlər ki, ermənilərə aid mədəni abidələri məhv etməyək. Guya, Rusiyanın müdaxiləsi olmasaydı, tarixi-mədəni abidələri dağıdardıq”,– deyə Kərimli əlavə edib.
AXCP sədri hesab edir ki, Rusiya hazırda Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına mane olur:
“Ona görə də 2022-ci ilin müttəfiqlik bəyannaməsi yalnız problemlər gətirir və dünya birliyi ilə münasibətlərin pisləşməsində Rusiyanın təsiri şübhəsizdir”.
Ancaq politoloq Zərdüşt Əlizadə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni böyük diplomatik uğur adlandırıb.
Onun fikrincə, 2 il əvvəl imzalanan sənədlə Azərbaycan Rusiyanın neytral mövqe tutmasına nail oldu:
“Rusiya Ermənistanla müttəfiq idi. Biz də diplomatik müstəvidə Moskvayla müttəfiq olandan sonra Rusiyanı iki müttəfiqi arasında seçim qarşısında qoyduq, faktiki olaraq neytrallığına nail olduq. Bu, böyük diplomatik uğurdur. Diplomatiya riyaziyyata bənzəyir, kimsə riyaziyyatı anlayır, kimsə isə anlamır”.
Z.Əlizadə Azərbaycanın Rusiyanın təsirinə düşməsi fikrini qəbul etmir:
“Rusiya böyük və dünyanın aparıcı dövlətlərindəndir, ABŞ və Çindən sonra. Təbii ki, böyük dövlətlər ətraflarında təsir dairəsi yaradırlar, necə ki Rusiya yaradıb. Bunu qəbul etmək istəməyənlərlə də müharibə aparır, hazırda Rusiya Ukraynayla savaşdadır. İkincisi, təsir dairəsini qəbul etməyən dövlətlərdə münaqişə ocağı qalayırlar, bizdə də qalamışdı. İndi biz Rusiyanı neytrallaşdırmaqla təsir dairəsi olan Qarabağ məsələsini həll etmişik. Bu, böyük diplomatik uğurdur”.
“Nəticə odur ki, sən və mən pul ödəyib Şuşaya gedə bilərik, 3 il əvvəl bu imkan yox idi. Minlərlə ailə də tədricən Qarabağa qayıdır, yollar çəkilir, evlər tikilir, körpülər salınır və.s. Xankəndidə də seçki keçirildi. Rusiyanın təsirinə düşüb nə etmişik? Ərazimizdə 2 minə yaxın hərbi qulluqçusu var, Azərbaycan diplomatik danışıqlar aparır ki, 2025-ci ildə onları çıxartsın. Həmçinin, Qərbin də təzyiqinə davam gətirir və ticari əlaqələrimiz davam edir. Nəhayət, hamı bilir ki, Azərbaycanın xarici siyasətinin əsas hədəfi Ankaradır”, – deyə Əlizadə fikrini tamamlayıb.
Siyasi Menecment Institutunun direktoru Azər Qasımlı Moskva Bəyannaməsinə Əliyevlə Putinin 2020-ci ilin noyabr bəyanatının davamı kimi baxmağın tərəfdarıdır:
“Əlbəttə, bura Rusiya ilə Azərbaycan hakimiyyətlərinin hələ bilmədiyimiz anlaşmaları da daxildir. 2020-ci il sənədinin davamı o idi ki, Rusiya ordusu Qarabağda yerləşdiriləcək, Laçın dəhlizinə və Naxçıvanla qərb bölgələrini birləşdirən kommunkikasiyaya nəzarət edəcək. Sonuc etibarı ilə ermənilər Qarabağdan getdilər və Moskva buna “yaşıl işıq” yandırdı. Sadaladıqlarım bizim qazancımız kimi görünür”.
“Amma məsələ ondadır ki, Rusiya istəyinə tam nail olmayıb, “Zəngəzur dəhlizi”ni nəzarətinə ala bilməyib. Əgər bu, olacaqsa, o zaman sualınıza tam cavab vermək mümkün olacaq. Çünki elə bir vəziyyət yaranar ki, suverenliyimizi itirərik. Hazırda həmin proses davam edir, amma hələ bitməyib”.
Deputat Elşad Mirbəşiroğlu Meydan TV-yə Azərbaycanla Rusiya arasında münasibətlərin hər zaman dinamik inkişaf etdiyini deyib.
O bildirib ki, iki ölkənin potensialı kifayət qədər olduğundan Cənubi Qafqazda təhlükəsizlik mühiti Rusiya və Azərbaycanın münasibətlərinin xarakterindən çox asılıdır:
“Qarşlılıqlı müttəfiqlik sənədinin olması dostluq münasibətlərinin və keyfiyyətli əməkdaşlıq sisteminin olduğunun göstəricisidir. Həmçinin də Cənubi Qafqaz regionunun iki dövlət arasında qarşılıqlı müttəfiqlik Bəyannaməsinin olması əhəmiyyətlidir, bundan əlavə münasibətlərin inkişafına daha da dinamiklik gətirir, konstruktiv dialoqu şərtləndirir”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, Rusiya-Azərbaycan arasında regionlararası əməkdaşlıq sistemi də səmərəli şəkildə qurulub:
“Təxminən Rusiyanın 75 regionu Azərbaycanla əməkdaşlıq edir. Bütün bunlar iki ölkə üçün vacibdir”.