“Rusiya ilə imzalanan sənəd, Türkiyə ilə imzalanan sənəddən bir pillə aşağıdır”

Mənbə: Azərtac

Moskva bəyannaməsi ekspertlər arasında fikir ayrılığı yaradıb

Moskvada fevralın 23-də imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

Sənədə həm müsbət, həm mənfi yanaşmalar olub. Bəyannaməyə tənqidi yanaşanlar, bununla da Azərbaycanın tam olaraq Rusiyanın təsiri altına düşəcəyini qeyd edirlər. Sənədin beş maddəsi hərbi əməkdaşlığa aiddir. Tərəflər silahlı qüvvələr arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi, silah və hərbi texnika ilə təchiz olunma, hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının birgə təşkili barədə razılaşıblar.

Eskpertlər Azərbaycan rəsmilərinin Türkiyə ordusu modelinə keçməklə bağlı bəyanatlarını xatırladaraq, Rusiya ilə belə bir əməkdaşlığın adıçəkilən islahatlarla uyğun gəlmədiyi qənaətindədirlər.

“22 fevral Bəyənnaməsi Rusiyanın qısqanclığını aradan götürmək məqsədi güdür”

Məsələni Meydan TV üçün şərh edən “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev  ümumilikdə sənədi müsbət qiymətləndirdiyini deyib.

“Bəyannamə Azərbaycana Rusiya silahlarını ucuz qiymətlərlə almağa imkan verir. İndiyə qədər bu ixtiyar yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindəydi. Çox güman ki, silahın alınması, əməkdaşlıq, birgə istehsal dediyim məsələni nəzərdə tutur”, – o deyib.

Şahin Hacıyev hesab edir ki, ümumi silah istehsalı baxımından, ola bilsin ki, hansısa silah növlərinin Azərbaycanda yığılması da həyata keçirilsin. Onun fikrincə, bu cəhətdən əməkdaşlıq əlverişlidir.    

Digər tərəfdən şərhçi hesab edir ki, bu maddələri Azərbaycanın Ermənistanla Rusiya arasında olan hərbi əməkdaşlığına bir balans yaratmaq cəhdi kimi də qəbul etmək olar və bu balans yaranır.

“Çünki hərbi istehsalın imkanlarını və miqyası nəzərə alsaq, potensialımız daha çoxdur. Ona görə də bu məsələdə balans bizim xeyrimizə olacaq”, – redaktor deyib.  

“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev
Şahin Hacıyev, Foto: Meydan TV

Bununla belə, Şahin Hacıyev hesab etmir ki, bu bəyannamə Azərbaycanda Türkiyə modelli ordunun yaradılması planları ilə uyğunsuzluq təşkil edir:

“Əslində bu, məcburi addımdır. Yəni Rusiya tərəfini qıcıqlandırmamaq üçündür. Rusiya heç də Türkiyənin Azərbaycanda güclənməsinə sevinmir, qısqanclıq var və 22 fevral Bəyənnaməsi də həmin qısqanclığı aradan götürmək məqsədi güdür”.

Redaktor Prezident İlham Əliyevin Moskvada saziş üzərində bir ildən çoxdur işin getdiyi ilə bağlı fikirlərinə toxunaraq, onu çox vacib sayır:

“Bu, kifayət qədər müzakirələrin və şərtlərin olması deməkdir. Əgər bu müddət davam edəndən sonra sənəd imzalanıbsa, deməli, Azərbaycan onu məcbur edən yox, qane edən sənəd kimi imzalayıb”.

Şahin Hacıyev Şuşa və Moskva bəyannamələrini müqayisə edərkən deyib ki, Rusiya ilə imzalanan sənəd, Türkiyə ilə imzalanan sənəddən bir pillə aşağıdır.

“Azərbaycana təhdid həmişə Rusiyadan gəlib”

Politoloq Azər Qasımlı diqqəti daha çox silah satışına yönəldib.

“Sənəddən sezilir ki, Azərbaycana prosesin dayandırılmasının mümkünsüzlüyünü bildiriblər”, – deyən politoloq hesab edir ki, Azərbaycan ordusunun Türkiyə ordusu modelində qurulması planları Rusiyadan silah alışı planları ilə üst-üstə düşmür.

“Türkiyənin ordu modelinin NATO modeli olduğunu da bilməliyik. Əgər belədirsə, silahlanma NATO silahlarına uyğun, yaxud Türkiyənin aldığı silahlara uyğun olmalıdır. Bəli, Türkiyə də Rusiyadan S-400 raketləri alıb, ancaq Ankaranın niyə buna getməsi məlumdur. Çünki S-400 raketini yalnız Rusiya istehsal edir”.

Bəyannamədə olan birgə hərbi təlimlər və təhlükəsizliyin təmin edilməsi ilə bağlı tərəflərin bir-birinə hərbi yardım göstərmək barədə maddələrini qiymətləndirən politoloq deyib ki, əgər Azərbaycanla Rusiya həqiqətən strateji müttəfiq olsaydı, xarici siyasəti dostluq, müstəqilliyə, ərazi bütövlüyünə hörmət şəklində olsaydı, təbii ki, bunu müsbət qiymətləndirərdi.

“Ancaq gəlin düşünək, bu regionda Azərbaycana təhdid hardan gələ bilər, ABŞ-danmı, Türkiyədənmi? Yaxud Ermənistandanmı təhdid gələcək? Ermənistandan Azərbaycana təhdid hər zaman yalnız Rusiyanın vasitəçiliyilə olub, elə Qarabağı və 7 rayonu da Moskvanın yardımıyla işğal edib. Hazırda Ermənistan Azərbaycana təhdid etmək gücündə deyil. Nəhayət, Gürcüstan və İranmı Azərbaycana təhdid edəcək? Təbii ki, yox. İranın təhdidinə qarşı Türkiyə və ABŞ faktoru var. Azərbaycana təhdid həmişə Rusiyadan gəlib”, – Azər Qasımlı deyib.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

O vurğulayıb ki, Azərbaycan üçün önəmli olan ərazi bütövlüyünün real tanınmasıdır.

“Rusiya indi də deyir ki, Ukrayna və Gürcüstanın da ərazi bütövlüyünü tanıyır, amma Donbas, Krım, Abxaziya və Osetiya barədə başqa fikir səsləndirir. Bizə belə lazım deyil. Bizə o lazımdır ki, Əliyev Moskvaya gedib Qarabağın Azərbaycana aid olduğunu həmin sənədə yazdırsın və Putin də imza atsın. Həm də Laçın dəhlizi də daxil bütün postların Azərbaycana verilməsiylə razılığını ifadə etsin. Azərbaycana bu lazım idi. Əslində, 22 fevral sənədində birinci bu olmalıydı. Amma bunlar olmadığından, olanlar Rusiyanın diktəsi altında baş verib”, – politoloq bildirib.

“Moskva bəyannaməsi Azərbaycanın milli maraqlarına uyğundur”

Ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Azərbaycanın mövcud reallıqları nəzərə alınmaqla, bəyannamə tamamilə hədəflərinə, məqsədlərinə və milli maraqlarına uyğundur.  

“Bu, Azərbaycanın təhlükəsizlik baxımından gələcək fəaliyyəti üçün çox əhəmiyyətli olacaq”, – ekspert deyib. 

Ədalət Verdiyev
Source: https://yenicag.az/

Bununla bərabər Ədalət Verdiyev düşünmür ki, bəyannamədə olan hərbi maddələr Azərbaycanın Türkiyə modelində olan ordu yaratmaq planları ilə ziddiyyət təşkil edir.

“Bunlar fərqli məsələlərdir. Biz Türkiyə ilə strateji tərəfdaşıq. Şuşa bəyannaməsi də ölkələrin bir-birinə təhdid yaranacağı təqdirdə belə birgə məsləhətləşmələrin aparılmasını, ölkələrin bir-birinə qarşılıqlı yardım etməsini nəzərdə tutur. Rusiya ilə imzalanan son bəyannamədə isə belə bir bənd yoxdur, sadəcə, müttəfiqlik haqqında bəyənnamədir”, – ekspert deyib.

Ana səhifəSiyasət“Rusiya ilə imzalanan sənəd, Türkiyə ilə imzalanan sənəddən bir pillə aşağıdır”