Bayden mübadilədə iştirak edən dövlətlərə təşəkkür edib
Avqustun 1-də Ankarada 7 ölkənin – Rusiya, Belarus, ABŞ, Almaniya, Polşa, Sloveniya və Norveçin iştirakı ilə genişmiqyaslı məhbus mübadiləsi baş tutub.
Ümumilikdə 26 məhbusun mübadiləsi həyata keçirilib.
Türkiyə mətbuatı yazır ki, mübadilə çərçivəsində 10 nəfər Rusiyaya, 13 nəfər Almaniyaya, 3 nəfər isə ABŞ-a göndərilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunub ki, mübadilə nəticəsində Qərbdə həbsdə olan 8 Rusiya vətəndaşı ölkəyə qayıdıb:
“Bu, səlahiyyətli orqanların, eləcə də xarici tərəfdaşların diqqəti sayəsində mümkün olub. Xaricdə həbsdə olan Rusiya vətəndaşlarının vətənlərinə qayıtması üçün Rusiya Prezidenti Vladimir Putin ölkədəki məhkumların əfv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Pol Uilan, Kevin Lik, Evan Qerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsu Kurmaşeva, Liliya Çanışeva, Kseniya Fadeeva, Vadim Ostanina, Alexandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov, Oleq Orlov əfv edilib“.
Onların aşağıdakı Rusiya vətəndaşları ilə dəyişdirildiyi qeyd olunub:
“Vadim Krasikov (Almaniya), Artem Dultsev (Sloveniyadan), Anna Dultseva (Sloveniyadan), Mixail Mikuşin (Norveçdən), Pavel Rubtsov (Polşadan), Roman Seleznev (ABŞ-dan), Vladislav Klyuşin (ABŞ-dan), Vadim Konoşenko (ABŞ-dan), Aleksandr Vinnik (ABŞ)”.
Memorial Mərkəzi təşkilatın keçmiş həmsədri Oleq Orlov həyat yoldaşına zəng edərək Ankaradan Kölnə uçduğunu deyib.
Müxalifət lideri İlya Yaşinin də Ankaradan valideynləri ilə əlaqə saxladığı və Kölnə uçduğunu bildirilir.
Xəbərdə qeyd olunur ki, mübadilə Ankara hava limanında Türkiyə kəşfiyyatının (MİT) vasitəçiliyi ilə baş tutub.
ABŞ Prezidenti Co Bayden yaydığı bəyanatda məlumatı təsdiqləyib:
“Onların azadlığını təmin edən sövdələşmə diplomatiyanın şücaəti idi. Ümumilikdə Rusiyadan 16 nəfərin, o cümlədən, öz ölkəsində siyasi məhbus olan 5 Almaniya və 7 Rusiya vətəndaşının azad edilməsinə nail olduq. Bu qadın və kişilərin bəziləri illərdir ki, haqsız yerə həbs olunublar. Onların hamısı ağlasığmaz əzablara və qeyri-müəyyənliyə dözüblər. Bu gün onların əzabları sona çatır”.
Ancaq Co Bayden xaricdə məhkum olunmuş rusiyalılardan hansının Rusiyaya göndərildiyini açıqlamayıb.
Bayden çətin danışıqlarda Almaniya, Polşa, Sloveniya, Norveç və Türkiyəyə təşəkkür edib:
“Dünyada haqsız yerə həbs edilmiş və ya girov saxlanılan hər bir amerikalı ailəsinə qovuşana qədər işi dayandırmayacağam”.
Leonid Volkov deyib ki, avqustun 1-də Türkiyədə keçirilən Rusiya ilə Qərb arasında əsir mübadiləsi çərçivəsində Aleksey Navalnı da azad edilməli idi.
Fevralda Korrupsiyaya Qarşı Mübarizə Fondunun sədri Mariya Pevçix demişdi ki, Navalnını Almaniyada ömürlük həbs cəzası çəkən FTX zabiti deyilən Vadim Krasikovla dəyişmək planlaşdırılır.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin siyasətçini azadlıqda görmək istəmədiyi üçün son nəticədə onu öldürmək qərarına gəlib.