Rusiya ilə Azərbaycan bir-birinə qarşılıqlı nota veriblər

Rusiya-Azərbaycan. Foto: OnePixelStudio/shutterstock

Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə nota təqdim ediblər

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iyulun 1-də bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.

“Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə səfirə Bakının son qeyri-dost hərəkətləri, Azərbaycan tərəfinin ikitərəfli münasibətlərin pozulmasına yönəlmiş addımları ilə bağlı rəsmi etiraz çatdırılıb”, – məlumatda bildirilir.

Qeyd olunub ki, azərbaycanlı diplomata Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal həbsdən azad olunması tələbilə şifahi nota təqdim edilib.

XİN bildirib ki, Yekaterinburqda Rusiya vətəndaşı olan, Azərbaycan əsilli şəxslərlə bağlı istintaq hərəkətləri Rusiya qanunvericiliyinə tam uyğun şəkildə aparılıb.

“Azərbaycanın Rusiya hüquq-mühafizə orqanlarını səlahiyyətlərini aşmaqda ittiham etmək cəhdləri Rusiyanın daxili işlərinə müdaxilə sayılır. Bu məsələyə dair ətraflı məlumat Rusiyanın İstintaq Komitəsi tərəfindən təqdim olunub”, – Rusiya XİN-nin açıqlamasında bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya cavabı gecikməyib.

XİN-nin mətbuat sözçüsü Ayxan Hacızadə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə Rusiyaya etiraz notası təqdim edib.

“Notada azərbaycanlılara qarşı işgəncə və ləyaqəti alçaldan rəftarın, eləcə də etnik dözümsüzlük hallarının narahatlıq doğurduğu bildirilib. Bakı Rusiya hüquq-mühafizə orqanlarının bu hərəkətlərini beynəlxalq hüquq və insan haqlarının pozuntusu kimi qiymətləndirib və məsul şəxslərin cəzalandırılmasını tələb edib. Həmçinin “Sputnik-Azərbaycan” ofisində aparılan əməliyyatların ölkə qanunvericiliyinə uyğun olduğu vurğulanıb. Nazirlik bildirib ki, bu media qurumunun Azərbaycanda fəaliyyət göstərməsi üçün hüquqi əsası yoxdur və buna görə də onun fəaliyyəti qanunsuz sayılır. Rusiya tərəfinin bu məsələdəki narazılığının əsassız olduğu qeyd olunub və ölkə Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb”, – Azərbaycan XİN-nin məlumatında bildirilib.

İyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda 2001-ci ildə törədilmiş və uzun illər açılmamış bir qətlin təqsirkarını müəyyənləşdirmək məqsədilə keçirdiyi əməliyyatda 2 azərbaycanlı ölüb, bir neçə nəfər saxlanılıb.

Azərbaycan tərəfi ekpertizadan sonra açıqlayıb ki, həyatlarını itirən iki nəfər – Ziyəddin və Hüseyn Səfərovlar qardaşları xüsusi amansızlıqla qətlə yetiriliblər.

Hadisədən sonra, iyunun 30-da  Azərbaycan Daxili İşlər Nazirliyi fəaliyyətinə bu ilin fevralında son verilmiş Rusiyan dövlətinə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində olan “Sputnik Azərbaycan”da əməliyyat keçirərək, 7 nəfər saxlayıb.

Məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq (178-ci maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (193-1-ci maddə) maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Həbs olunanlar İqor Kartavıx və Yevgeni Belousovdur.

Ana səhifəSiyasətRusiya ilə Azərbaycan bir-birinə qarşılıqlı nota veriblər