Rusiya XİN: "Beynəlxalq təşkilatlar prosesə yalnız Bakı və Yerevanın razılığı ilə qoşula bilər"
İyunun 7-də Rusiya, Fransa və Almaniya xarici işlər nazirləri nin bir sıra beynəlxalq problemlərlə bağlı üçtərəfli telefon danışığı olub.
Bildirilir ki, nazirlər Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyəti, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin imzaladıqları üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsini müzakirə edibər.
"Turan" Rusiya Xarici İşlər Nazirliyinin
mətbuat xidməti
nə istinadən xəbər verir ki, nazirlər atəşkəs rejiminə ciddi əməl olunmasının və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinin vacibliyini vurğulayıblar: "Onlar Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində ATƏT-in Minsk Qrupunun rolunu təsdiqləyiblər. Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların bu məsələyə qoşulması yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür".
Rusiya Xarici İşlər Nazirliyi söhbətin hansı təşkilatlardan getdiyini dəqiqləşdirmir, baxmayaraq ki, bundan öncə Fransa prezidenti Makron müzakirələrin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına çıxarılmasını təklif etmişdi.
Bu, sərhəddə vəziyyət gərginləşəndə baş vermişdi. Elə həmin vaxt Ermənistanın baş naziri Paşinyan iki ölkə sərhəddində ATƏT müşahidəçilərinin yerləşdirilməsini təklif etmişdi.
Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Paris Minsk Qrupu çərçivəsində və digər beynəlxalq müstəvilərdə Moskva ilə sıx əməkdaşlıq etməyə hazırdır.
"Əgər bundan öncə Makron Azərbaycandan "öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağı" tələb edirdisə, Fransa Xarici İşlər Nazirliyinin bəyanatında yalnız bu ərazilərdə baş verən son hadisələrdən asılı olmayaraq, delimitasiya və demarkasiya çağırışlarının aradan qaldırılması üçün tərəflər arasında danışıqlara başlanılmasının vacibliyindən danışılır", – deyə xəbərdə bildirilir.
2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlayıb.
44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıblar.