Aleksandr Pankin: “Təəssüf ki, erməni müttəfiqlərimiz uzaqlaşıblar”
Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) işlərin vəziyyətini müzakirə etməyə çağırır.
Bu çağırışı fevralın 8-də Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin yerli mediaya müsahibəsində bildirib.
“Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təbii ki, buna Ermənistanın tez bir zamanda təşkilat daxilində normal və tam işinə qayıtması kömək edərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz, həqiqətən, uzaqlaşıblar”, – deyə nazir müavini vurğulayıb.
Diplomat Yerevanı müzakirələrə çağırıb:
“Biz Yerevandakı həmkarlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə çağırırıq”.
2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamamışdı.
2023-cü ilin martında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavininin kvotasından da imtina etmişdi.
Yanvarın əvvəlində Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.
2023-cü ilin noyabrında isə Yerevan Ermənistana yardımla bağlı sənədin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitinin gündəliyindən çıxarılmasını xahiş etmişdi.
1992-ci ildə yaranan KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.