Rusiya Bakı ilə Yerevanın razılaşdırdığı məsələləri açıqlayıb

Ermənistan, Rusiya və Azərbaycan. Foto: Borka Kiss/shutterstock

Moskvada baş tutan danışıqların 9 saat davam etdiyi bildirilir

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Bakı ilə Yerevanın dəmir yolunun haradan keçəcəyi, gömrük, sərhəd və digər məsələlərdə razılığa gəldiyini bildirib.

Bu barədə Rusiya rəsmisi “Sputnik-Ermənistan”a danışıb.

Overçuk Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqların 9 saat davam etdiyini söyləyib.

Prinsipcə, mətn yüksək səviyyədə hazırdır, iki-üç uyğunsuzluq var ki, onları hələ də müzakirə etmək lazımdır. Amma əlavə olaraq dəmir yolunun keçəcəyi məqamlar, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılığa gəldik. Bu, adi dəmir yolu, pasport, sərhəd və gömrük nəzarəti olan sərhəd olacaq”, – deyə Overçuk əlavə edib.

Nəzarət və təhlükəsizlik baxımından Rusiya FTX-in mümkün iştirakı məsələsinin işlənib hazırlanmaması ilə bağlı suala gəlincə, Overçuk: “Bu, Ermənistandan asılıdır”, – deyə reaksiya verib.

Aleksey Overçuk.Foto: “trend.az”

İyunun 2-də Rusiya paytaxtında Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri – Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun iclası keçirilib.

Mayın 25-də Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən sonra elan edilmişdi ki, yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan rəhbərləri tez-tez həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə bir araya gəlir, sülh danışıqları aparır.
Lakin bu günədək tərəflər arasında, sülh sazişi imzalanmayıb.

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətRusiya Bakı ilə Yerevanın razılaşdırdığı məsələləri açıqlayıb