Rauf Mirqədirov: ”Xalqa həqiqəti demək lazımdır”
Rusiya parlamentinin deputatı Dmitri Savelyev bildirib ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olarsa, Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynayacaq.
“Trend”
agentliyinə danışan rusiyalı deputat hesab edir ki, rəsmi Bakı təşkilata üzv olmaq istəyini bildirsə, Rusiya bunun üçün israrlı siyasət aparacaq.
“Rusiya, təşkilatın aparıcı dövləti kimi Azərbaycan kimi güclü və etibarlılığını sübut etmiş bir tərəfdaşın, dostun KTMT-ə qəbul olunmasına dəstək verəcək. Azərbaycan regionda stabilliyə və sülhə təsir göstərən bil ölkədir”.
Ermənistanın etirazlarını şərh edən Savelyev deyib ki, bu, təşkilatın özünün stabilliyinə təsir göstərir.
Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa Dmitri Savelyevi Rusiya Dövlət Dumasında Azərbaycanın mövqeyini həmişə müdafiə edən və ərazilərin işğal olunmasını həmişə gündəmə gətirən millət vəkili kimi tanıdığını deyib:
“Düzdür, bütün hallarda Dmitri Savelyev təklifinin Rusiya mövqeyindən arzuolunan olduğunu ifadə edib. Ancaq Azərbaycan mövqeyindən bu məsələ dövlətin maraqları çərçivəsində müzakirə olunmalı və ona münasibət bildirilməlidir”.
Fazil Mustafa düşünür ki, Dmitri Savelyev bu açıqlamanı xoş niyyətlə səsləndirib, amma o, nə qədər Azərbaycanı müdafiə etsə də, Rusiya mövqeyindən çıxış edir:
“Əgər bizim marağımızda olarsa, hansısa bir addımın atılması istənilən birlikdə təmsil olunub-olunmamaq öz əlimizdədir. Bu baxımdan faydamıza normal nəticə olarsa, təklifləri dəyərləndirib müzakirələr aparmalıyıq. Yəni müzakirə aparmağın zərəri olmaz”.
Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü Qarabağ münaqişəsinin həllində pozitiv təsirinə gəlincə, Fazil Mustafa bunun mümkünlüyünü vurğulayıb:
“Mən Dmitri Savelyevin arqumentləri ilə tam tanış deyiləm. Amma görünür, müəyyən əsaslar var. Bütün hallarda Dmitri Savelyevin dediklərinin Azərbaycanın mövqeyi ilə uyğun gəlib-gəlməməsi daha çox müzakirəyə dəyər. Hər halda bunu başqası, Azərbaycana qərəzli mövqeyi ilə tanınan deputat söyləsəydi, onda birmənalı münasibət bildirmək olardı. Amma Dmitri Savelyev bütün platformalarda Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən, ərazilərin işğal olunmasını dilə gətirən azsaylı millət vəkillərindəndir. Ona görə biz onun çıxışlarını müsbət kontekstdən dəyərləndirməyə ən azı borcluyuq”.
Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Rusiyanın Ermənistanı bu məsələdə razı salacağına şübhə etmir:
“Çünki Ermənistanın təhlükəsizliyi Rusiyadan asılıdır. Qazaxıstanın, Belarusun və digər respublikaların isə Azərbaycana münasibətləri pozitiv olduğundan təklifi dəstəkləyəcəklər. Bunları nəzərə alaraq Ermənsitanın etirazlarının ciddi rol oynayacağı inandırıcı deyil”.
R.Mirqədirov xatırladıb ki, rəsmi Bakı daim müstəqil xarici və regional siyasət yürütməsini vurğulayır:
“Ermənistanın Cənubi Qafqazda Rusiyanın forpostu olması Moskva və Bakı rəsmiləri tərəfindən də səsləndirilib. Əgər bu variantı qəbul edəcəyiksə, xalqa həqiqəti demək lazımdır”.
Onun fikrincə, işğal altındakı ərazilərin bir qisminin qaytarılması nəticəsində Azərbaycan KTMT-yə üzv olarsa, Cənubi Qafqazda Rusiyanın ikinci forpostu olacaq.
“Nəzərə alın ki, işğal olunan rayonların hamısı qaytarılmayacaq. Səbəb Rusiyanın Ermənistan qarşısında kollektiv təhlükəsizlik müqaviləsindən kənar öhdəlikləri ilə bağlıdır. Rusiyanın bu öhdəliklərdən imtina edib-etməməsi başqa məsələdir”.
Siyasi icmalçı xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi bazaları var və Kreml üçün NATO ölkəsi olan Türkiyəyə yaxın ərazidə bazaların olması strateji mövqedir.
“Suriya hadisələri göstərdi ki, Ankara-Moskva maraqları uzun müddət üst-üstə düşə bilməz. Yəni Rusiyanın Ermənistanın istəklərini tamamilə gözardına alıb Azərbaycan mövqeyindən çıxış edərək işğal olunmuş ərazilərin geri qaytaracağına ümid çox azdır. Ən yaxşı halda 4-5 rayon azad ediləcək, bunun əvəzində Rusiya hərbi bazaları Azərbaycanda bərpa olunacaq. Yaxud bölgəyə yerləşdiriləcək sülhməramlı qüvvələrin yalnız KTMT-dən ibarət olması tələb ediləcək. Həmin qüvvələr isə Rusiya hərbçiləri deməkdir. Cənubi Osetiyada və Abxaziyada sülhməramlı qüvvələr MDB hərbçilərindən ibarət idi, ancaq Gürcüstanın maraqlarına zidd hərəkət etdilər. Beləliklə, Azərbaycan Rusiyanın hərbi-siyasi nəzarətinə qaytarılacaq və Bakı müstəqil xarici siyasətdən imtina edəcək”.
Rauf Mirqədirov hesab edir ki, Moskvanın hazırkı siyasəti Qərbin regiona daxil olmasına imkan verməməkdir. Gürcüstanla məsələ aydındır, istəyirlər ən azı Azərbaycanı nəzarət altına götürsünlər. Bu baxımdan situasiya fərqlidir, yəni Bakı Qərbin dəstəyini itirərsə, Rusiyanın çox rahat həzm edəcəyi qurbana çevriləcək:
“Əgər hakimiyyət buna razıdırsa, xalqla açıq danışmaq lazımdır və izah edilməlidir ki, nə üçün əvvəlcədən buna getməyiblər”.
KTMT MDB çərçivəsində hərbi-siyasi ittifaqdır, 1992-ci ilin mayında kollektiv təhlükəsizlik müqaviləsi əsasında yaradılıb. Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikstan, Özbəkilstan və Ermənsitan daxildir.