“AzurAir” və “Nord Wind” şirkəti də Bakıya uçuş həyata keçirmək hüququ əldə edib
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar həyata keçirmək üçün üç hava yolu şirkətinə icazə verib.
Xəbərə görə, “İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəlxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək.
Məlumatda bildirilir ki, həmçinin “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti də Soçi şəhərindən həftədə 7 dəfə Bakıya uçuş həyata keçirmək hüququ əldə edib.
Füzuli Hava Limanının tikintisinə 2021-ci ilin yanvarında başlanıb. 10 ay sonra, oktyabrın 26-da hava limanının açılışı olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Hava limanının tikintisində Türkiyə və Azərbaycan şirkətləri çalışıb. Bu günədək tikintinin neçəyə başa gəldiyi açıqlanmayıb.
Qarabağın bərpasına isə 2021-ci ilin büdcəsindən ümumilikdə 2,2 milyard manat ayrılıb.
Səyahət blogerləri, səyahətçilər bu hava limanının tikintisini müsbət qiymətləndirir. Ümid edirlər ki, Azərbaycan hökuməti digər bölgələrə buraxmadığı aşağı büdcəli aviaşirkətlərin Füzuliyə gəlməsinə izin verəcək. Beləliklə, azərbaycanlılar da öz ölkələrindən Avropaya ucuz çıxış əldə edəcək və bunun üçün qonşu ölkələrə üz tutmaq məcburiyyətində qalmayacaqlar.