Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən öz xarici siyasətində ABŞ və Rusiya arasında daim tarazlıq qurmağa çalışır. O, bu siyasətində çox da orijinal sayılmaz – demək olar ki, bütün postsovet ölkələri bənzər hərəkət edir. Amma yenə də hər birinin öz xüsusiyyətləri var. Belə ki, Azərbaycan üçün bu xüsusiyyətlər neft siyasəti və demokratiyanın mövcud səviyyəsi ilə bağlıdır ki, bu da ümumilikdə ABŞ və Rusiyanın Bakının ən zəif nöqtəsi olan, həyati əhəmiyyət daşıyan problemə – Dağlıq Qarabağ münaqişəsinə münasibətində özünü göstərir.
Amerika-Rusiya münasibətlərinin bugünki vəziyyəti bir tərəfdən Rusiyanın birqütblü dünyaya qarşı mübarizəsi, digər tərəfdən demokratların güclü basqısı altında olan respublikaçı administrasiyanın məcburi düşmənçiliyi ilə formalaşan həddindən artıq gərginliklə səciyyələnir. Donald Trampın Vladimir Putinlə münasibət qurmaq cəhdləri əsas düşmənə fürsət vermək, az qala onunla əlbir olmaqla bağlı kütləvi əsassız ittihamlarla pozulur.
Yenə də dünyanın əsas nüvə rəqibləri bir sıra siyasi problemlər üzrə birgə fəaliyyət göstərir. Qloballaşma dərinləşdikcə bu problemlərin sayı da artır. Bu, həm artan terror hədələri, həm dünyanın hər iki ölkənin maraqlarının toqquşduğu və ya kəsişdiyi bu və ya digər regionlarında vəziyyət, həm Çini öz tərəflərinə çəkmək uğrunda yarıgizli mübarizədir…
Rusiya heç bir iqtisadi resursu olmadan SSRİ-nin imicini qaytarmağa çalışır, ABŞ siyasi resurs defisiti yaşayaraq, bütün mümkün vasitələrlə buna qarşı mübarizə aparır. Haqqında ucadan danışmamağa üstünlük verilən məsələdən göründüyü qədər, hər iki ölkə Suriyada müharibə aparır.
İki dövlətin münasibətlərində yaxşı dövrlər də olub, həmin dövrlər haqqında bir tərəf qarşı tərəfin dəyərləndirmədiyi güzəştlər, digər tərəf beynəlxalq münasibətlər norması (bu normaya qayıtmaq yaxşı olardı) kimi danışır. Barak Obamanın elan etdiyi və Hillari Klintonun təşfiq etdiyi münasibətlərin “yenidən qurulması” üzrə qısa dövr xəcalətlə nəticələndi və tərəflər bütün təmas xətti boyunca qarşılıqlı təmkinlilik siyasətinə qayıtdılar.
Amma müasir dünya partlayış təhlükəli problemlərlə o qədər yüklənib ki, ABŞ və Rusiyanın daha uzun qarşıdurması şəraitində “isinmiş” dünya partlaya bilər. Buna görə ən yaxın gələcəkdə iki ölkənin körpü qurmağa başlayacağını gözləmək olar. Bu şəraitdə dünyanın, demək olar ki, bütün qalan ölkələri öz xarici siyasətlərinin dəyişdirilməsi formaları haqqında dərindən düşünməlidirlər. İlk növbədə, bu, Azərbaycanın da aralarında olduğu “kiçik” ölkələrə aiddir.
Müasir Azərbaycanın xarici siyasət istiqamətlərini müzakirə etsək, “Rusiya” istiqamətinin “Amerika” istiqaməti üzərində açıq-aşkar üstünlüyünü görmək olar. Bakı Rusiya ilə daha da yaxınlaşma variantını ciddi şəkildə nəzərdən keçirir, qətiyyətli addımlar atmağa yalnız keçmişin acı təcrübəsi mane olur. Moskva ilə “strateji, dostluq” münasibətləri fonunda Vaşinqtonla “insan hüquqlarının” pozulması ittihamları ilə tez-tez pozulan münasibətlər qeyri-müəyyənliklərlə doludur.
Ümumilikdə ənənəvi balans pozulub, amma xarici müşahidəçilər üçün vəziyyət fərqli görünür. Azərbaycan siyasi elitasının məhz xarici siyasət prioritetləri məsələsinə görə parçalanmış olması da sirr deyil. Siyasi elita daxilində Qərb və Şərqin gücü haqqında təsəvvürə malik olmaq üçün birbaşa Rusiya və ABŞ-ın “lehinə” və ya “əleyhinə” çıxan KİV-lərin mövqeyi ilə tanış olmaq kifayətdir. Belə ki, onların bir hissəsi nəinki amerikalıların Azərbaycanın daxili işlərinə “kobud şəkildə” müdaxilə etdiyini düşünür, həm də hesab edirlər ki, bu siyasətə qarşı bütün mövcud resurslarla mübarizə aparmaq lazımdır. Digər qisim yüksək səslə Ermənistanın dəstəklənməsində və Kremlin Azərbaycanın maddi resurslarını öz əlinə almaq istəyində özünü göstərən Rusiya təhlükəsindən danışır.
Əlbəttə, rəsmi Bakının ABŞ və ya Rusiyaya qarşı birbaşa mübarizəsi haqqında danışmaq olmaz. Bakı öz bəyanatlarını konspirologiya janrı çərçivəsində tarazlaşdırır, həm də kəskin hərəkətlər üçün “müstəqil” mətbuat var, onun fikirlərinə görə hakimiyyət strukturundan heç kim formal olaraq məsuliyyət daşımır. İndi Azərbaycanlı siyasi mühacirlərin antihökumət aksiyalarının dəstəklənməsinin arxasında keçmiş dəmir pərdənin hər iki tərəfində yerləşən xarici qüvvələrin durduğunu qeyd etmək dəbdədir. Kifayət qədər şəffaf və qeyri-müəyyəndir!
Aydındır ki, çoxdan “dondurulmuş” münaqişə şəraitində Azərbaycan rəsmi olaraq ABŞ və ya Rusiyaya qarşıdurma siyasəti yürüdə bilməz. Amma dövlətlərə üstüörtülü hücumlar, Azərbaycanda sabitliyi pozmaq cəhdində təsdiqini tapmayan ittihamlar belə hələlik qarşılıqlı iradlara diqqət yetirən Qərbdə və Rusiyada nəzərlərdən kənarda qala bilməz.
Amma ABŞ və Rusiya münasibətlərinin növbəti dəfə yenidən qurulması ehtimalı (proqnozlaşdırılması mümkün olmayan nəticələrlə) və tərəflərin konseptual məsələlər üzrə güzəşt və qarşılıqlı anlaşma əldə etdikləri halda Azərbaycanın dövlətlərə qarşı iradları problemə çevrilə bilər. Bu nəticə razılıq və güzəşt əldə olunmasının Rusiya və ABŞ-ın öz milli maraqları zonası kimi gördüyü (Rusiya coğrafi və tarixi aspektdə, ABŞ isə geosiyası) postsovet regionuna da toxunacağından irəli gəlir. Postsovet məkanının inkişafının tarixi təmayülündən irəli gələrək, ABŞ-ın postsovet Avrasiyasında öz maraqlarını daha da təşviq etmək üçün daha çox şans əldə edəcəyini gözləmək olar. ABŞ və Rusiya gündəlikdəki əsas məsələlər üzrə razılıq əldə edə bilsələr, Azərbaycanla bağlı da razılığa gələ bilərlər. Belə bir razılıq şəraitində rəsmi Bakının manevr imkanları xeyli məhduddur və rejimin asılılığı artacaq. Hazırki vəziyyətdə Şərq-Qərb istiqaməti ilə bağlı konspiroloji çıxışları məhdudlaşdırmaq və regional siyasətdə ölkənin yeri və rolu haqqında daxildə yenidən düşünmək lazımdır.