“Rusiya 7 rayonu Azərbaycanın güzəştləri hesabına qaytarar”

“Rusiyanın istəkləri bəllidir: Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Sazişinə qoşulması”

Source:

“Rusiyanın istəkləri bəllidir: Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Sazişinə qoşulması”

Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markovun söylədiklərini politoloq yanaşması hesab etməyən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Meydan TV-yə bildirdi ki, ümumiyyətlə, onun dediklərində yumşaq desək, qeyri-səmimilik var: “Markovun fikirləri ideoloji təmayüllü və Rusiya hökumətinin mövqeyinin ifadəsidir. Əgər Markovun dediyi kimi Moskva Vaşinqtonun 2013-cü ildən müharibəyə qərar verdiyini bilirdisə, niyə Ukraynada dalana düşdülər? Nə idi bu dalana düşməyin səbəbi? Nə üçün Moskva bu dərəcədə korafəhim şəkildə Yanukoviçin siyasi meyitini müdafiə edirdi? Sadaladıqlarım Markovun qeyri-səmimi olduğunu və yalan danışdığını göstərir”.

Politoloq hesab edir ki, Markov Azərbaycanın işğal olunmuş 7 rayonunun qaytarılmasını çox ehtiyatla deyir, “məndə olan məlumata görə” şəklində, bununla da müzakirə mövzusu açır. Bu açıqlamanın arxasında Rusiyanın Ermənistanda hakimiyyət dəyişmək planına start verməsi dayanır. Ermənistan hakimiyyətinin müxalifətə aqressiyası da təhlükənin yaxınlaşdığını göstərir. Əgər əvvəllər müxalifətin mitinqlərinə yox deyilmirdisə, bu gün vəziyyət fərqlidir. Çünki Sərkisyan Moskvanın dəyişikliyə start verdiyini bilir. Sadəcə, Rusiya Ermənistanla, erməni xalqı ilə düşmənçilik etməməsi üçün 7 rayonunun qaytarılması söhbətini gündəmə gətirməklə baş verəcək dövlət çevrilişinə Azərbaycanı bulaşdırmaq istəyir: “Amma mən 7 rayonun qaytarılacağına şübhəylə yanaşıram, elə Markov özü də şübhəsini gizlətmir və məsuliyyəti ABŞ-ın üzərinə ataraq, Minsk Qrupu çərçivəsində bunun mümkünsüz olduğunu hesab edir. Fikrini də Amerikanın prosesi blok etməsi ilə izah edir. Halbuki Rusiyadan fərqli olaraq ABŞ və Fransa münaqişənin həllinə çalışır. Sadə bir misal, Putin əvvəlki 8 illik prezidentlik dövründə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirməyə təşəbbüs göstərmədi. Putinə kim mane olurdu? Bəlkə amerikalılardan qorxub təşəbbüs göstərmirdi? Medvedev müəyyən təşəbbüslər göstərsə də, alınmadı. O zaman baş nazir olan Putin prosesə maraq da götərmirdi. Yenidən prezident kürsüsünə qayıtdıqdan sonra Soçi görüşü keçirilsə də, orda da Qarabağ problemi yox, yalnız Cənubi Qafqazda əməkdaşlıq müzakirə olundu. Bunlar isə Avrasiya İttifaqına aid məsələlərdir”.

Mərkəz rəhbəri hesab edir ki, Rusiya 7 rayonu qaytaracaqsa, bu, Azərbaycanın güzəştləri hesabına mümkündür: “Moskva Azərbaycanın “qara gözünə” vurulmayıb ki, bu güzəştə getsin. Rusiyanın istəkləri bəllidir: Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Sazişinə qoşulması. Qarabağ münaqişəsinin tarixinə baxsaq, start vəziyyətə qayıdırıq. Biz Rusiyanın dəstəyi ilə işğal olunmuş 7 rayonu qaytarsaq da, Dağlıq Qarabağı və suverenliyimizi itiririk. Çünki Avrasiya İttifaqına və Gömrük Sazişinə qoşulmaq suverenliyi itirməkdir. Ümumiyyətlə, Markovun bir açıqlaması onun nə dərəcədə neytral olmasını açıq göstərir, o, Azərbaycanda Qərb QHT-lərinin təqib olunmasını alqışlayır. Artıq hər şey aydındır”.

Fevralın 16-da Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Ria-Novosti agentliyində keçirdiyi mətbuat konfransında (https://www.meydan.tv/az/article/ukrayna-muharibesi-rusiyaya-qarsidir-ve-bu-savasi-abs-aparir-video/) maraqlı açıqlamalarla çıxış edib. S.Markov regionda sabitliyin, sülhün yaranmamasında ABŞ-ın maraqlı olmadığını bildirmişdi.

Ana səhifəXəbərlər“Rusiya 7 rayonu Azərbaycanın güzəştləri hesabına qaytarar”