“Bu, evakuasiya deyil, olsaydı, Rusiya həmin uşaqları dərhal qaytarmalı idi”
Rusiya müharibə zamanı saxladığı 46 uşağı Ukraynaya qaytarıb.
Bunu iyulun 20-də Ukrayna Prezidentinin uşaq hüquqları və uşaq reabilitasiyası üzrə müşaviri Daria Gerasimçuk deyib.
O vurğulayıb ki, uşaqların adları olmadan axtarışa başlamaq mümkün deyil.
“İlk addım uşaqları müəyyən etməkdir. Bu, deportasiya və ya köçkün elan edilmiş uşaq haqqında mümkün qədər çox məlumat toplamaq üçün bütün bazaların uzlaşdırılmasıdır. Bunu həm tibb sahəsi, həm sosial, həm də təhsil sahəsi üzrə edirik”, – Gerasimçuk belə deyib.
Daria Gerasimçukun sözlərinə görə, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərə və Rusiyaya çıxışı olmadığı üçün axtarış əməliyyatlarını beynəlxalq təşkilatlar həyata keçirir.
O, uşaqların axtarışında Beynəlxalq Qırmızı Xaç, UNICEF və digər təşkilatlarla əməkdaşlıq etdiklərini deyib: “Rusiya hakimiyyəti 350 min uşağın sayını dilə gətirir. Niyə deyirəm ki, bu, evakuasiya deyil? Çünki evakuasiya zamanı həmin uşaqlar dərhal Ukraynaya qaytarılmalı idi, lakin bu, baş vermədi. Ancaq Rusiya hakimiyyətinin səsləndirdiyi bütün hərəkətlərə və tezislərə görə, onlar ukraynalı uşaqları geri qaytarmaq fikrində deyillər. Ona görə də biz evakuasiya haqqında deyil, məcburi deportasiya və məcburi köçkünlük haqqında danışa bilərik”.
Məlumata görə, müharibə başlayandan 1032-dən çox uşaq zərər çəkib.
20 iyul səhər saatlarında yayılan rəsmi xəbərdə 24 fevraldan sonra 353 uşağın həlak olduğu, 679 nəfərin yaralandığı vurğulanıb.
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.