“Rus üsulu” ilə həbslər

İllüstrasiya: Meydan TV

Gürcüstanda həbs olunan müxalif liderlər zorakılıqdan şikayət edir 

Gürcüstanda son zamanlar müşahidə olunan siyasi repressiyalar fonunda bir neçə müxalif lider həbs olunub. İndiyə qədər «Dəyişiklik naminə” Koalisiyasından Zurab Caparidze, Nika Melia, keçmiş müdafiə naziri İrakli Okruaşvili həbs olunublar.

Bundan öncə “Dəyişiklik naminə” Koalisiyasının daha bir lideri Elene Xoştariya saxlanılmışdı. 

“Məni tutub lüt soyundurdular

Martın 28-də mitinqdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən inzibati ittiham əsasında saxlanılan Xoştariya polisdən ona qarşı nalayiq rəftardan öz Facebook səhifəsində yazıb:

“Həbs olunandan sonra polis idarəsində polis əməkdaşları Nino Çxartişvili və David Bolotaşvili əllərimi arxadan möhkəm qandalladılar. Sonra Nino Çxartişvili və David Bolotaşvili çənəmi və dişlərimi zədələdilər.

Foto: 1tv.ge

Daha da alçaldıcı epizod Diğomidə, müvəqqəti saxlama təcridxanasında baş verdi, burada yenə mənim istəyimin əksinə olaraq, çağırılan polis dəstələri əllərimi arxamdan bağladılar. Məni iki polis əməkdaşı (Nino Çxartişvili, Salome Laşxi və başqa şəxs) saxlayırdı. Məni tutub lüt soyundurdular. Bu məcburi çılpaqlıq təcrübəsi insan ləyaqətini alçaltmaq və onlara qarşı fiziki zorakılıq tətbiq etmək üçün iyrənc rus üsuludur”, – deyə Elene yazıb.

Elene Xoştariyanın sosial şəbəkədəki yazısına cavab olaraq Gürcüstan Daxili İşlər Nazirliyi  açıqlama yayaraq, siyasətçiyə qarşı müvafiq qanuni tədbirlər görüldüyü barədə məlumat paylaşıb.

“Aydınlaşdırmaq istərdik ki, bu il martın 28-də parlament binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı Elene Xoştariya İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə polis əməkdaşının qanuni tələbinə tabe olmamaq və xırda xuliqanlıq etdiyi üçün saxlanılıb.

Saxlanılandan sonra barəsində qanuni tədbirlər görülüb. O, əvvəlcə polisin inzibati binasına, sonra isə müvəqqəti saxlama təcridxanasına köçürülüb.

Prosedurlardan keçərkən Elene Xoştariya təcridxananın daxili nizam-intizam qaydalarını pozub, yəni yerləşdirmə ilə bağlı qanunla nəzərdə tutulmuş prosedurlardan tam keçməkdən imtina edib və özünü aqressiv aparıb. İstintaq təcridxanasının əməkdaşlarının dəfələrlə müraciətlərinə və hüquqi izahatlarına baxmayaraq, o, müayinədən imtina etməkdə davam edib. Saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilməzdən əvvəl təhlükəsizlik tələblərinə uyğun olaraq qanunvericiliyə tam uyğun olaraq onunla bağlı zəruri prosedurlar həyata keçirilib.

Bundan əlavə, müvəqqəti saxlama təcridxanasına yerləşdirildikdən sonra Elene Xoştariya İctimai Müdafiə İdarəsinin nümayəndəsi ilə görüşməkdən imtina edib”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Kimlərinsə şıltaqlığına görə övladlarını puldan məhrum etmək fikrində deyiləm”

Mayın 14-ü daha bir siyasətçi, keçmiş müdafiə naziri İrakli Okruaşvili məhkəmə zalında həbs olunub.

Foto: 1tv.ge

Siyasətçi Gürcüstan Cinayət Məcəlləsinin parlamentin Müvəqqəti İstintaq Komissiyasının tələblərini yerinə yetirməməyə görə məsuliyyət nəzərdə tutan 349-cu maddəsi ilə ittiham olunur. Maddənin sanksiyalarında cərimə, bir ilədək müddətə azadlıqdan məhrum etmə, üç ilədək müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə nəzərdə tutulur.

Okruaşvili martın 26-da parlamentin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün çağırılıb, lakin gəlməkdən imtina edib.

Əvvəlcə məhkəmə onun barəsində 20 min lari girov kimi həbs-qətimkan tədbiri seçib və məhkəmə prosesi başa çatana qədər onun Gürcüstanı tərk etməsinə qadağa qoyub. Girov ödəmə müddəti 30 gün olub və mayın 8-də başa çatıb.

Məhkəmə iclasında prokuror Natia Tatiaşvilinin dediyinə görə, Okruaşvili məhkəmənin təyin etdiyi girovu qəsdən ödəməyib. İttiham tərəfi həbs qətimkan tədbirinin – 20 min lari məbləğində girovla əvəz edilməsi barədə vəsatət qaldırmışdı.

Prokurorun vəsatətinə cavab olaraq İrakli Okruaşvili bildirib ki, o, “kimlərinsə şıltaqlığına görə övladlarını puldan məhrum etmək fikrində deyil”.

Digər müxalifətçilərə də eyni səbəblərdən komissiyaya gəlmədiklərinə görə cərimələr təyin edilib.

“Güclü Gürcüstan” koalisiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze, “Strategiya Ağmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze və “Dəyişiklik Naminə” Koalisiyasının lideri Nika Meliaya 50 min lari (təxminən 18 min dollar) məbləğində girov verilib.

“Axali” partiyasının lideri Nika Qvaramiya 30 min lari (təxminən 10 min dollar), “Vahid Milli Hərəkat” Partiyasının üzvü Givi Tarqamadzeyə isə 20 min lari (təxminən 8 min dollar) məbləğində girov verilib.

“Hər kəs yalanda iştirakdan imtina etsə, bu rejim dağılacaq”

“Dəyişiklik Naminə” Koalisiyasının daha bir lideri Zurab Caparidze barəsində isə müvəqqəti istintaq komissiyasına getmədiyi üçün artıq həbs qərarı verilib. O, məhkəmə zalında həbs edilib.

Foto: 1tv.ge

Mayın 22-də iş üzrə keçirilən iclasda hakim seçilmiş həbs qətimkan tədbirinin azadlıqdan məhrum etmə ilə əvəz edilməsi barədə prokurorun vəsatətini təmin edib. Zurab Caparidze aprelin 16-da hakim Nana Şamatavanın 20 min lari (7300 dollar) məbləğində girov təyin etdiyi parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməkdə ittiham olunur. Zurab Caparidze prinsipial olaraq məbləği ödəməkdən imtina etdiyini bildirib.

“Hər kəs yalanda iştirakdan imtina etsə, bu rejim dağılacaq”, – Zurab Caparidze məhkəmə iclasından əvvəl deyib.

“Məni sürüyərək maşına mindirdilər, telefonumu əlimdən aldılar”

“Dəyişiklik naminə” Koalisiyasının digər bir lideri Nika Melia mayın 28-i axşam saatlarında polis tərəfindən saxlanılıb.

Melia da parlamentin müvəqqəti istintaq komissiyasının iclasına gəlmədiyi üçün 50 min lari ödəməkdən imtina edib. Bir gün əvvəl, girov müddətinin bitməsinə bir neçə saat qalmış müxalifətçinin veriliş çəkilişinə gedərkən polis əməkdaşını təhqir etdiyinə görə saxlanıldığı bildirilir. Melia və tərəfdarları isə bu saxlanılmanı adam oğurluğu məqsədi ilə planlaşdırılmış xüsusi əməliyyat adlandırıb.

Nika Melia axşam saat 21:00 radələrində verilişə gedərkən, onun avtomobili Lisi gölünün yaxınlığında, əhalinin az məskunlaşdığı və meşəlik ərazidə patrul polisi tərəfindən saxlanılıb. Siyasətçinin sözlərinə görə, daha sonra o, 11 nəfərin olduğu mikroavtobusa zorla mindirilib.

Foto: 1tv.ge

“Bu 11 nəfər məni oğurladı. Nə üz ifadələrindən, nə də danışıq tərzindən polis işçisi olduğu göstərmirdi. Bir nəfər saxlanılanda ona səbəbi izah edilib, maşından düşməsi tələb edilməlidir. Amma burada hər şey zor gücünə tətbiq edildi, məni sürüyərək maşına mindirdilər, telefonumu əlimdən aldılar”.

Melia daha sonra bildirir ki, onun avtomobilində, eləcə də aparıldığı avtomobildə videoregistrator quraşdırılıb. Onun sözlərinə görə, onlar qaçırılma anını lentə alıblar, lakin sonradan polis tərəfindən zədələnərək məhv ediliblər.

“Məni mikroavtobusa mindirəndən sonra videonu çəkib fəxrlə rəhbərliyə göndərdilər. İndi də məndən soruşursan ki, girov pulunu ödəyəcəksən?” – Nika Melia məhkəmədə deyib.

Hakimin işlə bağlı heç bir sual verməməsi və əsas diqqəti Melianın təyin edilmiş girovu ödəmək niyyətində olub-olmamasına yönəltməsi siyasətçini çox qəzəbləndirib. O, hakimə müraciət edərək onu “Gürcü arzusu”nun ölkədə törətdiyi qanunsuzluqlarda şərik olmaqda ittiham edib:

“Heç kimin vecinə deyil ki, məni oğurlayıblar, ya yox. Sən mənə şüşə gözlərlə baxırsan… Sən cinayətkar dəstənin üzvüsən və heç soruşmursan ki, mən bura necə düşmüşəm, məni kim oğurlayıb, nə üçün ediblər, maşında quraşdırılmış videoregistratorlar nə üçün xarab olub”, – Melia hakimə deyib.

Bu sözlərdən sonra siyasətçi kiçik plastik butulkadan hakimin üstünə su sıçradıb.

Siyasətçi zaldan qovulub. Daha sonra proses Melianın iştirakı olmadan davam edib və hakim onun barəsində həbs qətimkan tədbiri seçib.

Ana səhifəSiyasət“Rus üsulu” ilə həbslər