Rus jurnalistikasının miskin siması

Bütün bunlara baxmayaraq Putin narahatdır

Source:

Bütün avtoritar üsuli-idarələrdə jurnalistikanı qandallayıb buxovlayırlar, zira avtoritarizmin ən mühüm əlaməti ifadə azadlığının məhdudlaşdırılmasıdır. Məhz ifadə azadlığının boğulması, azad jurnalistlərin əzilməsi, əksər yazarların satın alınması avtoritar müstəbidlərə imkan verir ki, gecə-gündüz xalqın dərdini çəkən millət atası barədə şit və bayağı yalanları əhaliyə həqiq məlumat kimi sırısınlar.

Allahdan gizli deyil, insandan niyə gizli olsun, Azərbaycan və Rusiya SSRİ-nin şinelindən çıxmış əkiz avtoritar bacı-qardaşdırlar, sadəcə biri cox böyük, digəri balacadır. Mahiyyət eynidir: oğurluq, yalan, şərləmə, sıxma-boğma, sifarişli məhkəmələr, terror və və zorakılıq – hamısı eyni qəlibdən çıxıb.

Azərbaycan barədə cox yazmışam, bu dəfə əhalimizin azı 2 milyon nəfərinin yaşadığı Rusiyadan yazmaq istəyirəm. Həm də Ermənistanla yanaşı əyləşdiyimiz Qarabağ qəfəsinin açarı Rusiyadadır.

Rusiyanın prezidenti Putin, lap elə bizdəki kimi, dördüncü dəfə prezident seçilmək istəyir. On yeddi ildən çoxdur ki, dövlətin informasiya siyasəti əhalini zombiləşdirməyə xidmət edir. Yalançı qələbələr, uğurlu daxili və xarici siyasət, analoqu olmayan inkişaf və əvəzedilməz və misilsiz lider barədə nağıllar xam insanların beyninə çalınır.

Bütün bunlara baxmayaraq Putin narahatdır. Uduzsa, seçilməsə, “Zilli-Sultan, bura say aldıqlarını…” ola bilər.

Törədilmiş qanunsuzluqlar, oğurlanmış milyardlar barədə heç bir hesabat vermək mümkün deyil.

Buradan da Kommunist Partiyası ənənəvi Zyuqanovun əvəzinə yeni namizədi, Pavel Qrudinini irəli sürüb. Onun seçilməsi möcüzə sayılardı, lakin möcüzə həqiqətən baş verə bilər. Uğurlu və bacarıqlı iş adamı öz Lenin adına sovxozu ilə sübut edir ki, sosial ədalət hətta Rusiyada mümkündür.

Sosial şəbəkələrdə keçirilən sorğularda onun Putin üzərində qələbəsi heyrətamizdir. Rəsmi təbliğatın Putinə yazdığı şişirdilmiş rəqəmləri İnternet cəmi iki-üç dəfə namizəd kimi çıxış etmiş Qrudininə verir. Bu rəqəmlər sübut edir ki, xalq Putindən doyub və təngə gəlib, yeni lider axtarır.

Putin təşvişə düşüb və ənənəvi göstərişləri verib. Qrudininə qarşı qarayaxma və böhtan kampaniyası başlayıb.

Namizəd Qrudininin TASS-da keçirdiyi ilk mətbuat konfransında Qarabağdakı aprel döyüşləri zamanı saxtakarlığı Azərbaycanda sübuta yetirilmiş “Layf nyus” kanalı Qrudininin milyardları barədə böhtanları yaymağa başlayıb. Namizəd sakitcə öz bank hesabları barədə izahatı bir verib, iki verib, üç verib, xeyir ha, “Life news” heç cür əl çəkməyib. Qrudinin axırda kəskin bildirib ki, bir daha bu kanalın jurnalistlərinin suallarına cavab verməyəcək.

Lakin işə “müstəqil bloger” girişib və eyni sualları verib. Ona da izahat verilib. Sonra “İzvestiya”nın jurnalisti təxribatçı suallar verib…

Nəticədə namizəd Qrudinin Rusiya iqtisadiyyatına və əhalinin rifahına böyük töhfələr vəd verən proqramı barədə jurnalistlər vasitəsilə ictimaiyyətə məlumat verməyə macal tapmayıb. Görünür, məqsəd də elə bu imiş.

Rusiya pis gündədir, əhalisinin 40 faizi yoxsulluq həddindən aşağıda yaşayır. Xarici siyasətdə təcrid olunub, ona qarşı sanksiyalar durmadan güclənir. Putinin hakimiyyətdə olduğu illərdə dollar milyarderlərinin sayı Rusiyada 10-dan 80-a qalxıb. Rus vəzifəlilərinin oğurluqları və dəbdəbəli həyatı barədə videoçarxlar sosial mediada geniş yer alıb. Şəxsən Putinin ən yaxın ətrafının xalqdan çaldığı milyardlarla dollar barədə təkzibedilməz faktlar üzə çıxarılıb.

Bu əhəmiyyətli və dövlət üçün vacib olan xəbərlər əvəzinə rus jurnalistləri varlı biznesmen Qrudininin Rusiya Kommunist Partiyasından namizəd verilməsini ağlasığmaz bir hadisə kimi təqdim edirlər.

Jurnalistlər lap elə əski kommunistlər kimi insanların paxıllıq hissindən sui-istifadə etmək istəyirlər. Baxın, varlı Qrudinin özünü kasıbların təmsilçisi kimi qələmə verir!

Ola bilsin ki, bu fənd Qrudininə qarşı işləsin. Ola da bilsin ki, əksinə, ona xeyli səs gətirsin. Unutmayaq ki, kasıb və asılı adamlar varlılardan həm də umurlar, ümid edirlər ki, varlı adam onlara maddi xeyir gətirə bilər.

Gürcüstanda Saakaşvilinin məğlub olmasının əsas səbəblərindən biri onun siyasi rəqibi Bidzina İvanişvilinin 6 milyard dollarlıq sərvətinin kasıb gürcülərin gözlərini qamaşdırması olmuşdu.

O biri tərəfdən arif adamlar çox gözəl bilir ki, sosial ədalət ideyalarının ən səmərəli ifadəçisi adətən kasıblar deyil, varlılar olmuşlar. Kasıb üsyançı olsa-olsa Koroğlu olub yol kəsə bilər. Olsa-olsa Robin Qud olub meşədə quldurluq edə bilər. Lakin varlı fabrikant Fridrix Engelsin, varlı burjua Karl Marksın, varlı mülkədar Gertsenin, zadəgan Leninin dünya kasıbları üçün etdiklərini milyon kasıb edə bilməzdi.

Qrudinin jurnalistləri təkidlə öz sovxozuna dəvət edir. Bəli, Qrudinin varlı olduğunu danmır, lakin əyani göstərir ki, onun sovxozunun işçiləri də varlıdırlar, hamısının evi, maşını, pulu var, istirahət üçün xarici kurortlara, müalicə üçün xarici klinikalara gedə bilirlər.

Lakin rus jurnalistlərini bu maraqlandırmır. Onlar ağalarının sifarişini yerinə yetirərək Putin üçün təhlükəli rəqibə çevrilmiş Qrudinininin siyasi qətli ilə məşğuldurlar.

İşə federal telekanalların aparıcıları, iri qəzetlərin baş redaktorları girişib. Bu çirkli iş üçün Putinin və onun əlaltılarının ayırdığı pul böyükdür deyə rus jurnalistləri abır-həya, peşə əxlaqı deyilən məfhumları tamam unudaraq müstəbidin müdafiəsi işinə atılıblar.

Bəli, rus jurnalistikası, nadir istisnalarla, öz eybəcər, yırtıcı və miskin simasını göstərir, çünki ortada böyük pullar var. Bu pulları kim onlara verir? Kim onları vicdanlarını satmağa, qanunları pozmağa, ədaləti tapdalamağa sövq edir?

Soruşmaq ayıbdır.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəRus jurnalistikasının miskin siması