“Rus Evi” Azərbaycanda fəaliyyətini dayandırmaq üçün tədbirlər görür

Bakıdakı “Rus Evi”nin önündəki yazılar sökülüb

Mərkəzin Bakıdadkı nümayəndəsi “TASS”-a bildirib ki, hələlik yalnız rus dilində olan yazı löhvəsi çıxarılıb.

Bakıdakı nümayəndəlik ardınca məlumat yayaraq, fəaliyyətlərini dayandırdıqlarını bildiriblər.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar “Rossotrudniçestvo”nun Bakıdakı nümayəndəliyi – “Rus Evi” fəaliyyətini dayandırmaq üçün tədbirlər görür”,- məlumatda deyilir.

“Rus Evi” həmçinin sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək yayılan saxta sənədlərə də münasibət bildirib.

“Bakıdakı “Rus Evi” və “Rossotrudniçestvo”nun simvollarınının qanunsuz mənimsənilməsi ilə bağlı sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət, guya Bakıda “Rus Evi”ndə rus dili kursunda tədris alanların, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu “sənədlər” həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən material saxtadır”, – Bakıda yerləşən “Rus Evi”nin “Telegram” səhifəsində yayımlanan bəyanatda deyilir.

Daha öncə sosial şəbəkələrdə “Rus Evi”ndəki rus dili kurslarında iştirak edənlərin siyahısı yayımlanıb.

Siyahıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də adı olub.

Bakıdakı “Rus Evi” ətrafında qalmaqal 2025-ci il yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” peyk telekanalında Bakıdakı “Rus Evi” ilə bağlı reportaj verilib.

“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar səsləndirilib.

Reportajdan bir neçə gün sonra, yanvarın 27-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Görüşdə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevə Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı təəccüb ifadə edib.

Bir gün sonra, yanvarın 28-də isə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və Azərbaycanı hədəf alan yazıların dərc olunması və reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Yanvarın 29-da “Rus Evi”nin rəhbəri Yevgeni Primakov “Telegram” kanalında “Baku TV”-ni məhkəmə ilə hədələyib.


Fevralın 7-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatı yoxdur və təşkilat Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozub. Bununla bağlı da Rusiya tərəfinə artıq nota verilib.


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Bakıdakı “Rus Evi”nin bağlanmasını “səhv” adlandırıb.

Əlavə edib ki, bu, ikitərəfli təmaslar vasitəsilə həll oluna bilən anlaşılmazlıqdır.

“İstisna etmirik ki, bu məsələ iki dövlət başçısı arasında dialoqda müzakirə oluna bilər”, – Kremlin sözçüsü Putinlə Əliyev arasında bu mövzuda təmasların olub-olmayacağı ilə bağlı suala cavabında bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da “Rus Evi”nin Azərbaycanda davam etdirilməsini istədiklərini deyib.

Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi (“Rossotrudniçestvo”) Rusiyanın aparıcı agentliyidir.

Agentliyin saytında deyilir ki, əsas missiyası Rusiyanın dünyada humanitar təsirini gücləndirmək olan təşkilat dünyanın 71 ölkəsində 87 xarici nümayəndəlik ilə təmsil olunub.

Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi 2021-ci ildən “Rus Evi” qeyri-rəsmi adını alıb.

Ana səhifəXəbərlər“Rus Evi” Azərbaycanda fəaliyyətini dayandırmaq üçün tədbirlər görür