Rus-erməni əsilli milyarder Paşinyanla mübarizə aparır

Foto: OC Media

Həbsdə olan rus-erməni əsilli milyarder Samvel Karapetyanın müdafiə komitəsi onun bir neçə şirkət vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunduğunu açıqlayıb.

“OC Media” yazır ki, çərşənbə günü onun müdafiə komitəsinə məxsus “Facebook” səhifəsi yeni ittihamları “əsassız” adlandırıb.

“Aydındır ki, Ermənistanda son vaxtlar “çirkli pulların yuyulması” ən çox yayılmış ittihama çevrilib və mütəmadi olaraq yalnız siyasi qisas kontekstində istifadə olunur”, – müdafiəçilərin bəyanatında deyilir.

“Məlum olur ki, ittiham hər hansı birbaşa və ya dolayı iştirak, iddia edilən vəsaitin gizlədilməsi və ya təhrif edilməsi ilə bağlı faktiki hallar olmadan irəli sürülüb. Maraqlıdır ki, ittihamda göstərilən əməllərdə idarəçilik xarakterli və ya əmlakla bağlı hər hansı qərardan bəhs edilməyib”, – deyə, onlar bildiriblər.

Karapetyan hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-dən həbs olunub. Onun həbsi Baş nazir Nikol Paşinyanla davam edən münaqişədə erməni kilsəsinə dəstək verdiyi bəyanatlardan sonra baş verib.

Karapetyan həbs olunmazdan əvvəl “News.am”-a müsahibəsində deyib:

“Əgər siyasətçilər [bu məsələdə] uğursuzluğa düçar olarsa, o zaman biz bütün bunlarda öz yolumuzla iştirak edəcəyik”.

Tanınmış iş adamı olan Karapetyan, ölkənin yeganə elektrik paylayıcısı olan Ermənistanın Elektrik Şəbəkələrini (ENA) idarə edən Tashir Group-un sahibidir.

Onun həbsindən sonra Ermənistan parlamenti faktiki olaraq dövlətə ENA-nı milliləşdirməyə imkan verən qanunvericiliyə düzəlişləri qəbul edib. Paşinyan bunun Karapetyanın kilsəyönlü bəyanatları ilə bağlı olmadığını, əksinə, şirkətin xidmətlərindən ictimai narazılıq və Ermənistanda elektrik enerjisinin tez-tez kəsilməsindən qaynaqlandığını söyləyib.

Bazar ertəsi Karapetyan elan edib ki, o, artıq “həmfikirlərlə” əməkdaşlıq edə biləcəyi “fundamental olaraq yeni siyasi qüvvə” yaratmağa başlayıb.

O, həbs olunmazdan əvvəl söylədiyi iradlara eyham edərək, elanında yazıb: “Biz bunu öz yolumuzla edəcəyik”.

Paşinyanın kilsə ilə münaqişəsi iyunun sonunda kəskinləşib və ən azı 15 nəfər dövlət çevrilişi, hökuməti zorakılıqla devirməyə cəhd ittihamı ilə həbs edilib.

Hakimiyyət iddia edir ki, sui-qəsdin rəhbəri, hökumət əleyhinə “Müqəddəs Mübarizə” hərəkatına rəhbərlik edən müxalifətçi, hazırda həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan olub.

“Civilnet” xəbər verir ki, çərşənbə günü geniş mətbuat brifinqində Paşinyan Karapetyanı tənqid edib və deyib ki, o, Rusiyada Ermənistandakı kimi davrana bilməz.

“Əzizlərim, siz əsas vətəndaşlığınız olan ölkədə etdiyiniz kimi, Ermənistana gələndə də diqqətli olun. Və belə bir məqamda dövlətin dadı uzun müddət ağızlarında qalacaq. Mən bunu Ermənistan Respublikasının Baş naziri kimi deyirəm”, – Paşinyan bildirib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəDünyaRus-erməni əsilli milyarder Paşinyanla mübarizə aparır