“Rus dayələr nikbin olurlar”

Dayə seçərkən nəyə önəm verməli?

Source:


Dayə seçərkən nəyə önəm verməli?

“Təcrübəli dayəyəm. Bundan öncə baxdığım uşağın ailəsi işlə bağlı xaricə köçdüklərindən işsiz qalmışam. İbadətlə məşğulam, uşağa da dinlə bağlı müəyyən məlumatlar verə bilərəm. Eyni zamanda, ev işlərini görə, yemək bişirə bilirəm. 1965-ci ildə doğulmuşam. Dindar ailələrdən gələn təkliflərə üstünlük verəcəyəm”, – Solmaz Kərimovanın saytların birində yerləşdirdiyi dayəlik elanıdır.

İş axtarışı saytlarında dayəliklə bağlı elanlara tez-tez rast gəlinir. Kimi dayə axtarır, kimi də dayə işləyə biləcəyini deyir. Ancaq dayə olmaq istəyən insanların hansı təcrübəyə, biliyə malik olduqlarını əvvəlcədən bilmək çətindir.

Elanlardan görünür ki, əksəriyyətinin ali təhsili yoxdur. Üstəlik, uşağa baxmaqla bərabər, ev işləri görə biləcəklərini də deyirlər. Hətta bəziləri “evdə xəstə varsa, ona da baxaram”, – söyləyir.


Həm ev işləri, həm yemək, həm də uşağa baxmaq – bir arada mümkündür?

Keçmiş teleaparıcı İlhamiyyə Rzayeva deyir ki, bizim qadınlar daha çox ev işləri, yemək işinə meyilli olduqlarından əksər insanlar rus dayələrə üstünlük verir: “Oğlum kiçik olanda onun da dayəsi var idi. 2 dayəmiz olub, ikisi də rus. Səbəb nədir? Biz elan verəndə rus dayədən öncə bir neçə azərbaycanlı qadın da gəlmişdi görüşə. Seçimimiz məhz rus dayə oldu. Zamanla yanılmadığımı gördüm. Çünki bizim qadınlar daha çox ev işləri görməyə meyilli idilər. Bu isə məni qane etmirdi. Rus dayə isə ancaq uşağa aid işləri görəcəyini deyirdi. Fikirləşdim ki, ev işi görmək istəyən gedib xidmətçi olmalıdır, dayə yox. Ona görə məhz rus qadını seçdik”.

Azərbaycanda dayəlik məktəbi yoxdur!

Keçmişdə xan, bəy, zadəgan övladlarını da dayələrə əmanət edərmişlər. Uşaqların təlim-tərbiyəsi xüsusi mürəbbiyələrə həvalə olunarmış. Belə faktlara bədii ədəbiyyatlarda rast gəlinir. Bu adət indi də Qərb ölkələrində qorunub saxlanır. Məsələn, İngiltərədə dayələr üçün xüsusi məktəblər var. Türkiyədə isə dayəlik kursları mövcuddur. Bu kursları bitirənlər şirkətlər tərəfindən işə cəlb olunur. Onlarla əmək müqaviləsi bağlanır, şirkət ailəyə zəmanət verir, məsuliyyəti öz üzərinə götürür. İnternet araşdırmasının nəticəsi göstərir ki, hələlik postsovet məkanında bu sahədə inkişaf yoxdur.


“Dayəlik etmək istəyən şəxslər öncə psixoloji testlərdən keçməlidir”

Psixoloq Aysel İsgəndərli deyir ki, bizdə hər yerindən duran elan verib dayə kimi işə qəbul olunur. Bu, düzgün deyil: “Əksər xarici ölkələrdə nəinki dayə, bağban, təmizlikçi, aşpaz, sürücü və s. kimi ev işləri görən şəxsləri də müayinələrdən keçirirlər. Çalışacaqları evdə körpə uşaqla, yaşlı insanla necə rəftar edəcəyini bilmək üçün. Bu müayinələr, testlər çox vacibdir. Əvvəla, hər hansı xəstəliklərinin, ikincisi də əsəblərinin yerində olmasını bilmək lazımdır. Dayələrə isə xüsusi diqqət edilməlidir. Axı, birbaşa uşaqla ünsiyyətdə olacaq. Sabah onunla pis davranarsa, uşaq şikayətini dilə gətirə bilməyəcək. Mediada uşaqlarla pis rəftar edən dayələrlə bağlı az oxumamışıq. Əvvəla, dayəlik məktəbi olmalıdır ki, ailələr ora müraciət etsinlər. İkincisi də işəgötürmə şirkətləri məsləhət gördükləri işçiləri xüsusi testlərdən keçirməlidirlər. Bir də dayə olmaq istəyənlər mütləq və mütləq uşaq psixologiyasından məlumatlı olmalıdırlar. Kor-koranə dayə seçmək, işçi elanı vermək olmaz”.

Kimlər dayə ola bilər?

“Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Azəri bizimyol.info-ya dayə seçiminin hal-hazırda valideynləri narahat edən əsas məsələlərdən olduğunu deyib:

“Əksər valideynlər işləyir və ya işləməsə belə çoxuşaqlı analar kömək məqsədilə dayə xidmətindən istifadə edirlər. Valideynlər dayə seçimində çox diqqətçildirlər. Bu, bir tərəfdən sevindirici haldır. Uşaqları gözəyarı tanıdığın birinə etibar etmək düzgün deyil. Uşağa baxan dayə, ilk növbədə, uşağı sevməlidir. Dayə özü ana olmasa belə, o sevgini hiss etməli və uşağa həm ana, həm də tərbiyəçi kimi yanaşmalıdır. Təbii, yalnızca uşaqları sevməklə kifayətlənməməlidir. Həm də təmizkar biri olmalıdır. Çünki uşaqlarla işləyəndə təmizliyə riayət etmək ilkin şərtdir. Özü təmizkar olmaqla yanaşı təmizliyi uşağa da aşılamalıdır. Mehriban, gülərüz, danışıq qabiliyyəti yüksək səviyyədə olmalıdır. Həm mərkəzlərdə, həm də evlərdə xidmət göstərmək üçün əcnəbi dilləri bilən dayələrə üstünlük verilir”.


“Bizdə işsiz qalanda dayə olurlar”

Dilşad Azəri dayəlik sənətinin ilk baxışda asan göründüyünü, əslində isə bunun heç də asan iş olmadığını deyir:

“Çoxu dayəliyi asan iş hesab edib, işsiz qaldıqda dayə olmaq fikrinə düşürlər. Bu, əsla belə deyil. Dayələr davranış, ünsiyyət, uşaq tərbiyəsi, uşaq psixologiyası mövzusunda xüsusi təlimlər keçməlidir. Dayə olmaq təkcə uşağı yedirtmək demək deyil. Dayə baxdığı uşağa ikinci ana olmalı, onunla normal ünsiyyət qurmalı, düzgün danışıq tərzini öyrətməli, etik qaydalara riayət etməli, məktəbəqədər dərslərin, ən azından müxtəlif dillərdə kiçik həcmli şeirləri, nağılları, saymağı öyrətməlidir. Dayələrə o qədər etibar olunur ki, hətta uşaqları özlərilə gəzintiyə belə apara bilərlər. Ona görə də dayə seçimində diqqətli olmaq lazımıdr”.


“Rus qadınlar nikbin olurlar, bizimkiləri isə dindirən kimi başlayırlar ağlamağa”

İlhamiyyə Rzayeva deyir ki, Azərbaycanda dayə olmaq o qədər adiləşib ki, savadsız, işsiz, əlindən heç nə gəlməyən insanlar bədabəddə gediş dayə işləyərəm deyirlər: “Problem də bundadır. Onlar uşaqlara nə öyrədə bilər? Bizim iki dayəmiz olub, ikisi də rus. Maraqlı budur ki, onlar uşağa həm də vətənpərvərlik ruhu aşılayıblar. Bunu onlardan biz tələb etməmişik. Ancaq bir müddət sonra gördüm ki, oğlum Azərbaycan haqda sadə bilgilərə sahibdir. Paytaxt, bayraq, şəhərlər haqqında bilir. Dayələrin oğlumun mədəni inkişafında böyük rolu olub. Əlbəttə, dili öyrənmək də öz yerində. Ancaq azərbaycanlı dayə gəlmişdi, deyirdi ki, “bilirsən nə yeməklər bişirirəm?” Fikirləşdim ki, uşaq bundan heç nə öyrənməyəcək. Biz işə gedəndə bu qadın ev yığışdırmaq, yemək bişirməklə məşğul olacaq. Üstəlik, rus qadınları çox nikbin olurlar. Yaşadıqları problemləri özləri ilə cehiz gətirmirlər. Bizimkiləri isə dindirən kimi başlayırlar necə oldu ki, bu günə düşdük, məcbur olub dayə olduq və s.-dən danışmağa. Bəribaşdan bu işi sevmədiklərini etiraf edirlər”.


Dayələrlə bağlı qorxulu faktlar

Dayələrlə bağlı internetdə xeyli qorxulu faktlar var. 2007-ci ildə Türkiyədə azərbaycanlı dayə Simuzər Rüstəmovanın baxdığı uşağa qarşı münasibəti gizli kamera ilə görüntülənib. Türkiyə mətbuatında yayılan xəbərdə deyilir ki, azərbaycanlı dayənin 19 aylıq körpəyə pis davranmağından şübhələnən valideynlər evin salonuna gizli kamera yerləşdirib və dəhşətli görüntülərlə qarşılaşıblar. Onlar dayəni məhkəməyə veriblər.

ABŞ-ın İndiana ştatının Vidersburq şəhərində isə dayəliklə məşğul olan ərlə arvad həbs edilib. 31 yaşlı Stefan Kvik və 25 yaşlı Samanta Layt dayəlik etdikləri körpələri zorlayaraq videoya çəkirmişlər.

Odur ki, dayə seçərkən ehtiyatlı olmaq lazımdır.

Ana səhifəXəbərlər“Rus dayələr nikbin olurlar”