Rumıniyada prezident seçkilərində ultramillətçi namizəd üstünlük qazanıb

Foto: Reuters

Nəticələr belə gedərsə, qərbyönlü Çolak yarışdan kənarlaşacaq

Rumıniyada keçirilən prezident seçkilərində ultramillətçi Kalin Georgeski (Kalin Georgesku) birinci turda səslərin böyük faizini qazanıb. Rəy sorğularında onun adı 5 faizi keçmirdi.

“BBC”-nin yazdığına görə, səslərin 99%-dən çoxu hesablanıb və  Kalin Georgeski mərkəz-sağçı “Rumıniyanın Xilası İttifaqı” Partiyasının üzvü Elena Laskonini (Elena Laskoni) təxminən 350,000 səslə açıq şəkildə qabaqlayıb.

Kalin Georgeski ifrat sağçı və rusiyayönlü namizəddir.

Seçkiqabağı favorit Baş nazir Marçel Çolak  (Marsel Ciolaku) isə üçüncü yerdədir.

Öz partiyası olmayan və əsasən “TikTok” sosial media platformasında təbliğat aparan Georgeskinin güclü nümayişi seçkinin ən böyük sürprizi olub.

Laskoni indi dekabrın 8-də keçiriləcək final mərhələsində Çolak ilə mübarizə aparmağa hazırlaşır.

Son hesablamaya görə, Laskoni mindən çox səslə Çolakı qabaqlayıb.

Nəticələr belə gedərsə, qərbyönlü Çolak yarışdan kənarlaşacaq.

Bazar günü açıqlanan exit-poll nəticələri isə Çolakı böyük fərqlə lider kimi göstərirdi, Laskoni həmin nəticələrdə ikinci yeri tuturdu.

Heç bir partiyaya mənsub olmayan Georgeski, Ukraynaya dəstək üçün Avropa İttifaqı və NATO-ya tabe olmayacağını deyib. O, Rumıniyanın Deveselu şəhərində NATO-nun raketdən müdafiə sistemlərinin yerləşdirilməsini pisləyib.

Seçki kampaniyasında əsas diqqəti yaşayış dəyərinin artmasına yönəldib, deyib ki, AB-də yoxsulluq riski altında olan insanların ən böyük hissəsi Rumıniyada yaşayır.

Dördüncü yeri tutacağı gözlənilən başqa bir millətçi Corc Simion bazar ertəsi səhər saatlarında Georgeskiyə tam dəstəyini ifadə edib.

Rumıniyada prezident əsasən simvolik rol oynayır, lakin xarici siyasət kimi sahələrdə əhəmiyyətli təsirə malikdir.

Seçkilərdə iştirak 51% təşkil edib ki, bu da beş il əvvəlki göstərici ilə müqayisə oluna bilər.

Ana səhifəDünyaRumıniyada prezident seçkilərində ultramillətçi namizəd üstünlük qazanıb