”Rüfət Səfərovun həbsi ölkənin imicinə ziddir”

Həbsdə olan hüquqşünas Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb

Source:


Həbsdə olan hüquqşünas Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb

“Turan” İnformasiya Agentliyinin məlumatına müəlliflər sənəddə R.Səfərovu həm hüquqşünas, həm də vətənpərvər bir insan kimi dəyərləndirirlər: “O, mütərəqqi düşüncəli, haqqı-ədaləti qoruyan ləyaqətli bir gəncdir. Ölkədə baş verən haqsızlıqlara, rüşvət və korrupsiyaya, habelə kütləvi hüquqsuzluğa qarşı etiraz edərək işlədiyi prokurorluq orqanından istefa verib”.

Sənəddə R.Səfərova qarşı məhz rüşvət və korrupsiya ittihamı qaldırılan cinayət işi saxta adlandırılır. Müəlliflər qeyd edirlər ki, məhz R.Səfərovun bəyanat verərək prokuroluq orqanından çıxması bəzi səlahiyyət sahiblərinin hiddətinə səbəb olub. Sənəddə R.Səfərovun uzun müddətə azadlıqdan məhrum edilməsi də əsassız sayılır: “O, tamamilə absurd ittihamlarla 9 il həbs cəzasına məhkum edildi. Lənkəran Ağır Cinayətlər Məhkəməsi işə baxarkən vəkil B.Bayramova təzyiqlər edilib, müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istənilsə də, buna imkan verilməyib, haqqında xüsusi qərar çıxarılacağı ilə hədələnib”.

Müəlliflər təqsirləndirilən R.Səfərova son söz verilmədiyini belə dəyərləndirirlər: “Bu, məhkəmə tarixində görünməmiş bir hadisə idi. Bu isə, öz növbəsində, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və ölkə qanunvericiliyinə birbaşa ziddir”. Müəlliflər hakimin çıxardığı qərarı ədalətsiz, qanunsuz və nonsens kimi dəyərləndirirlər.

Müəlliflərə görə, bu qərar təkcə azad düşüncəyə, müstəqil demokratik təfəkkürə malik olan gənc bir hüquq işçisinə qarşı yox, eləcə də özünü hüquqi dövlət elan edən ölkənin demokratik imicinə böyük bir zərbədir: “Biz Müdafiə Komitəsinin üzvü olan ictimai xadimlər, jurnalistlər, hüquqşünaslar bu sayaq aşkar haqsızlığa qarşı öz qəti etirazımızı bildirir və ümid edirik ki, həm ölkə rəhbərliyi, eləcə də hüquq müdafiəçiləri bu qanunsuz hökmün absurdluğunu dərk edərək yol verilmiş bu haqsızlığın tezliklə aradan qaldırılmasına yardımçı olcaqlar”.

Müəlliflər ölkədə fəaliyyət göstərən diplomatik korpusların, insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq qurumların da bu məsələnin ciddiliyinin fərqində olacaqlarına əminlik ifadə edirlər. Müəlliflərə görə, R.Səfərovun konstitusiyada təsbit edilən hüquqlarının pozulması azad sözə və müstəqil düşüncəyə malik vətəndaşa qarşı cəza tədbiridir.

Müəlliflər ölkə Konstitusyasında nəzərdə tutulan məqbul hüquqi vasitələrdən istifadə edərək R.Səfərovun azad olunmasına səy göstərəcək, bu istiqamətdə bütün zəruri addımları atacaqlar.

Zərdab rayon Prokurorluğunun müstəntiqi R.Səfərov 2015-ci il dekabrın 20-də bəyanat yayaraq prokurorluq orqanlarından istefa verib. Dekabrın sonunda Binəqədi rayon Məhkəməsi R.Səfərov barəsində 3 ay 26 günlük həbs-qətimkan tədbiri seçib. Ona qarşı təkrar rüşvət almaq ittihamı ilə cinayət işi qaldırılıb. 2016-cı ilin yanvaında həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bu il sentyabrın 9-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Rüfət Səfərovun həbsi ölkənin imicinə ziddir”