Rüfət Səfərovu ölümlə hədələyən şəxsin polisə aparıldığı bildirilir

“Ümid edirəm ki, qanunamüvafiq qaydada məsuliyyət tədbirləri görülər, bir daha bu kimi hüquqazidd davranışlarla qarşılaşmaram”.

Foto: Rüfət Səfərovun şəxsi arxivindən


"Ehsan Zahidov dedi ki, sənin təhlükəsizliyinə tam təminat verilib"

Daxili İşlər Nazirliyi "Müdafiə Xətti" İnsan Haqları Təşkilatınin təmsilçisi, keçmiş məhbus Rüfət Səfərovun şikayətinə reaksiya verib.

Nazirlik Rüfət Səfərovu ölümlə hədələyən Nasir Əsgərovdan izahat alındığını və araşdırma apardığını bildirib.

Bu barədə R.Səfərov özü məlumat yayıb.

Rüfət Səfərov bildirib ki, DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidovun olunla əlaqə saxlayıb: "Ehsan Zahidov zəng edib məni ölümlə hədələyən Nasir Əsgərovun polisə gətirildiyini, ondan izahat alındığını və hazırda işlə bağlı araşdırma aparıldığını dedi. Ehsan Zahidov onu da bildirdi ki, Nasir Əsgərov əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) məhkum olunub".

Hüquqşünasın sözlərinə görə, Ehsan Zahidov onun təhlükəsizliyinə tam təminat verildiyini də deyib: "Ümid edirəm ki, qanunamüvafiq qaydada məsuliyyət tədbirləri görülər, bir daha bu kimi hüquqazidd davranışlarla qarşılaşmaram".

Rüfət Səfərov Meydan TV-yə deyib ki, Nasir Əsgərovla ilk dəfə Adil İsmayılovla bağlı filmin təqdimatında qarşılaşıblar: "Mərhum vəkil Adil İsmayılov haqqında çəkdikləri həmin filimin təqdimatdan sonra sosial şəbəkə vasitəsilə mənə müraciət etdi. Əvvəlcə telefon nömrəmi, sonra da görüş istədi. Dedim ki, nə lazımdırsa, yazıb göndərsin, görüşə də ehtiyac yoxdur. Bundan sonra yazdı ki, sən mənim sevgilimə sataşmısan. Bu sözündən şoka düşdüm. Amma o israr etdi ki, görüşək. Hətta hədələməyə başladı ki, təklikdə görüşməyə kişiliyin çatmır? Özünün adam öldürməyə görə həbsdə oluğunu da dedi. Bundan sonra daxili işlər naziri Vilayət Eyvazova müraciət etdim".

2016-ci ilin əvvəlində Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub.

O, 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət Səfərov 2019-cu ildə əfv fərmanı ilə azad olunub.

Ana səhifəSiyasətRüfət Səfərovu ölümlə hədələyən şəxsin polisə aparıldığı bildirilir