Hüquq müdafiəçisi şəxsin cəza almasını istəmir
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktori Rüfət Səfərov martın 15-də axşam saat 20 radələrində yaşadığı evin yaxınlığında naməlum şəxsin hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində avtomobilinə əyləşərkən tanımadığı şəxs ona avtomobil saxladığı yerlə bağlı kobud şəkildə irad tutub.
“Məni dartıb aparmağa çalışdı. Onun əlindən çıxdım. Bu zaman başı ilə mənə zərbə endirdi. Ona qarşılıq vermədim. Dərhal avtomobilə əyləşib, polisə xəbər verdim. Bütün versiyaları, o cümlədən təxribat ola biləcəyini də istisna etmədim”, – Rüfət Səfərov bildirib.
Hüquq müdafiəçisi avtomobilin saxlanma yeri ilə bağlı iradın əsassız olduğunu deyir. Onun sözlərinə görə, uzun müddətdir maşınını eyni yerdə saxlayır və buna görə ödəniş də edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, artıq baş verənlərlə əlaqədar bir nəfər saxlanılıb:
“Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfovu saxlayıb. Araşdırmalar davam etdirilir”.
Rüfət Səfərov saxlanılan şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üçün şikayətçi olmaq niyyətində deyil:
“Ümid edirəm ki, tezliklə həmin vətəndaşla üzləşdirəcəklər. Suallarımı ünvanlayacam. Ondan yalnız üzr tələb edəcəm. İnanmaq istəyirəm ki, bu hadisənin siyasi yükü yoxdur. İnzibati, ya da cinayət mühakimə icraatı qaydasında şikayətçi olmaq fikrim yoxdur. Hesab edirəm ki, bütün hallarda tərcümeyi-halıma kimisə həbs etdirməklə bağlı hissə aid olmalı deyil. Üzr yetərli olacaq”.