Milli Şuranın oktyabrın 19-da metronun “28 May” stansiyasının yaxınlığında keçirdiyi mitinqdə tutulanlar arasında Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, insan haqlarının pozulması, qanunsuzluqlara görə bu vəzifədən istefa vermiş Rüfət Səfərov da var. Həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs cəzası verilib. R.Səfərov İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması) maddəsilə ittiham olunub.
Həmin qərardan verilən şikayətə oktyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyilə baxılıb.
Məhkəmədə sabiq müstəntiqin vəkili Bəhruz Bayramov bildirib ki, insanların sərbəst toplaşma azadlığı həm Konstitusiyada, həm İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasında, həm də başqa yerli qanunlarda təsbit olunub. Vəkilin sözlərinə görə, “Sərbəst toplaşma haqqında” qanunun 46-cı maddəsində mitinq keçirmək istəyənlərin hansısa dövlət orqanından icazə alması yox, sadəcə, xəbərdar etməsi nəzərdə tutulub: “Rüfət Səfərov nə şüar səsləndirib, nə hansısa qanunsuz hərəkət edib. Sakit dayandığı yerdə polis əməkdaşları heç bir xəbərdarlıq eləmədən, kobud şəkildə onu tutub aparıblar”.
R.Səfərov da polislərin kobudluğuyla üzləşdiyini söyləyib.
“Mən konstitusion hüququmdan istifadə etmişəm”, – deyə R.Səfərov vurğulayıb.
Hakim Namiq Məmmədov apelyasiya şikayətini təmin etməyib.
Qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək.
R.Səfərov 2015-ci ilin dekabrında siyasi bəyanatla müstəntiq vəzifəsindən istefa verəndən sonra Baş Prokurorluğun əməkdaşları Zərdaba gedərək, onun yaşadığı evdə axtarış aparıb. Təxminən bir həftə sonra onun barəsində rüşvət ittihamıyla cinayət işi başlanıb və R.Səfərov 9 il azadlıqdan məhrum edilib. O, bu ilin martında prezidentin əfv fərmanıyla azadlığa çıxıb.