Rüfət Səfərov: ”Əvvəlki mövqeyimdə qalıram”

Keçmiş müstəntiqin şikayəti təmin olunmadı

Source:
Rüfət Səfərov
Rüfət Səfərov


Keçmiş müstəntiqin şikayəti təmin olunmadı

Martın 19-da Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun şikayətinə baxılıb Apelyasiya şikayəti Xəzər Rayon Məhkəməsinin qərarından verilmişdi.

R.Səfərovun vəkili Bəhruz Bayramov 2017-ci il sentyabrın 22-də 9 saylı cəzaçəkmə müəssisəsində müvəkkilinə rəis müavini Azər Qurbanzadənin iştirakı ilə işgəncə  verilməsinə dair iddiaların araşdırılması üçün prokurorluğa və başqa orqanlara

müraciət

etmişdi.

Bundan sonra Ombudsmanın nümayəndələri R.Səfərovla görüşmüş, həmçinin prokurorluğun əməkdaşı gəlib ondan izahat almışdı.

Təxminən bir ay sonra Xəzər Rayon Prokurorluğu R.Səfərovun şikayətinin təmin edilməməsi, işgəncəyə görə cinayət işi başlanması tələbinin rədd olunması haqda qərar

çıxarmışdı

. Vəkil prokurorluğun bu qərarından Xəzər Rayon Məhkəməsinə şikayət versə də, təmin olunmamışdı. Martın 19-da Bakı Apelyasiya Məhkəməsində sözügedən məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.

Qapalı keçirilən məhkəmədə R.Səfərov özü də iştirak edərək, işgəncəyə məruz qaldığını bir daha təsdiqləyib. Keçmiş müstəntiq və müdafiəçisi Ombudsman Aparatının cəzaçəkmə müəssisəsində onunla görüşmüş əməkdaşlarının məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar. R.Səfərov bildirib ki, üzərində olan xəsarətləri onlar da görüblər.

R.Səfərov vurğulayıb ki, Azərbaycan hökumətini, hüquq-mühafizə sistemindəki qanunsuzluqları tənqid etdiyinə görə həbs olunub, işgəncəyə məruz qalır: “Amma bütün bunlar məni sındıra bilməz. Əvvəlki fikrimdə qalıram”.

Məhkəmə nə R.Səfərovun vəsatətini, nə də ümumiyyətlə, apelyasiya şikayətini təmin edib.

Məhkəmə nəzarəti qaydasında verilən işgəncə şikayətlərinin mübahisələndirilməsi üçün ölkə daxilində son instansiya apelyasiya məhkəməsidir. R.Səfərovun işgəncə ilə bağlı növbəti addımı Avropa Məhkəməsinə şikayət etmək olacaq.

Penitensiar Xidmət isə R.Səfərovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması, rəis müavini tərəfindən təhqir və təhdid olunması haqda söylədiklərini təkzib edib.

R.Səfərov sabiq YAP-çı deputat, müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun övladıdır. O, 2015-ci il dekabrın 20-də ölkədəki, o cümlədən prokurorluq sistemindəki kütləvi qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini bəyan edib. Bundan dərhal sonra Bakıdan Zərdaba ezam olunmuş prokurorluq əməkdaşları onun yaşadığı evdə axtarış aparıb, əşyaları götürülüb. Daha sonra barəsində cinayət işi başlanaraq həbs edilib. O, Zərdabdakı idarə rəhbərlərindən rüşvət alma ittihamı ilə 9 il azadlıqdan məhrum edilib. Lakin R.Səfərov ittihamları qəbul etmir, kimsədən rüşvət almadığını, hakimiyyəti tənqid etdiyinə görə cəzalandırıldığını bildirir. Onun sözlərinə görə, hakimiyyət bununla həm də ona qarşı çıxacaq başqalarının da gözünü qorxutmaq məqsədi güdür.

Ana səhifəXəbərlərRüfət Səfərov: ”Əvvəlki mövqeyimdə qalıram”