Rüfət Səfərov cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayıb

”Səbəb məhbuslara göstərilən qeyri-insani rəftardır”

Source:


”Səbəb məhbuslara göstərilən qeyri-insani rəftardır”

9 saylı Cəzaçəkmə Müəssisində saxlanan hüquqşünas Rüfət Səfərov sentyabrın 21-də qeyri-müəyyən müddətədək aclıq aksiyasına başlayıb.

Məlumatı onun anası Tahirə Səfərova verib. Bildirib ki, oğlunun aksiyaya başlamasına səbəb məhbuslara göstərilən qeyri-insani rəftardır:

“Rüfət dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən “kars”lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə etiraz olaraq aclığa başlayıb”.

T.Səfərovanın bildirməsinə görə, sentyabrın 21-də Qırmızı Xaş Komitəsinin nümayəndələri R.Səfərova baş çəkib.

Penitensiar Xidmətdən hələlik T.Səfərovanın bu açıqlamasına münasibət almaq mümkün olmayıb. Xidmət açıqlamalarında təcridxana və cəzaçəkmə yerlərində işgəncə şikayətlərini qəbul etmədiyini söyləyir.  Üstəlik, cəzaçəkmə yerlərində rüşvət və başqa qanunsuz əməllərin olmadığını vurğulayır.

R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemində vəziyyəti tənqid edərək işdən çıxdığını bəyan edib. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub.

2015-ci il dekabrın sonunda R.Səfərov saxlanılıb və təkrar rüşvət almaqda təqsirli bilinərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur. O, verilən ittihamı qəbul etmir.

Onun bu ilin yanvarında bir məhbusla mübahisə zəminində cərimə kamerasına (kars) salındığı bildirilirdi. Ancaq keçmiş müstəntiq həmin vaxt təxribata çəkildiyini bildirirdi.

Ana səhifəXəbərlərRüfət Səfərov cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayıb