Rüfət Aslanlı: ”11 bank ləğvetmə prosesindədir”

”İnzibatçılar və səhmdarlar bank problemlərinin yaranmasında məsuliyyət daşıyacaqlar”

Source:


”İnzibatçılar və səhmdarlar bank problemlərinin yaranmasında məsuliyyət daşıyacaqlar”

“Azərbaycanda 11 bank ləğvetmə prosesindədir. Bununla bağlı bizə suallar ünvanlanır ki, proses ləngiyir, nə vaxt başlayacaq”, – Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı belə deyib.

Məlumatı APA yayıb. Rüfət Aslanlı bankların ləğvetmə proseslərinin ləngiməsinin səbəblərinə də aydınlıq gətirib. Deyib ki, təkcə “Bank Standart”ın ləğvetmə planının hazırlanması həddən artıq çox təfərrüatlı və hüquqi işlər tələb edir:

“Bankda 262 min fiziki və 47 mindən çox hüquqi şəxs hesabı var idi. Bunların hamısının tələblərinin siyahısı müəyyən edilməlidir. Mübahisələndirilən məsələlər var. İnsanlar “mənim tələbim 5 manat deyil, 5 manat 15 qəpikdir”, – deyir. Bu məsələlərin hamısı yerini tapmalıdır. Daha sonra bankın aktivlərinin reyestri tərtib olunmalıdır. Həm əmlak, həm tələb hüquqları, həm də gözlənilən hüquqların reyestri tərtib olunmalı, qiymətləndirilməli və məhkəmədə təsdiq olunmalıdır”.

R. Aslanlı ictimai nəzarətin təmin olunması üçün banklarda Kreditorlar Komitəsinin yaradılmasını təklif etdiklərini də deyib. O, Kreditorlar Komitəsinin tərkibinin məhkəmə qərarı ilə təsdiq edildiyini bildirib:

“Həm öhdəliklərin, həm də aktivlərin kənar qiymətləndirilməsi həyata keçirilir. Prosesin özünə hüquq nəzarəti həyata keçirilir. Baxmayaraq ki, ləğvetmə planı hazırlayır, bu planı məhkəmə təsdiq edir, hüquqi nəzarət üçün dəvət edilən şirkət hüquqi qərarların məhkəmənin təsdiq etdiyi plana uyğun olub-olmadığına ictimai nəzarəti həyata keçirir. Məhz bu xarakterli təcrübələrdən faydalandığımız təkmilləşdirmələri də ləğvetmə prosedurlarına əlavə etmişik”.

R. Aslanlı qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onların əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlarını deyir: “Biz Azərbaycan qanunvericiliyinə ilk dəfə bu təcrübəni təklif edirik. Dünyada bu təcrübə çox geniş tətbiq olunur. Bankın rəhbərlərinin cəmiyyətdən cəlb olunmuş vəsaitlər hesabına məsuliyyətsiz hərəkətləri nəticəsində bu vəsaitlər itir, bəzi hallarda hətta bilərəkdən fırıldaqçılığa da gedirlər, bank müflis olur. Dövlət də hazırda bu halda Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə əhalinin əmanətlərini qaytarır, ancaq nə səhmdarlar, nə də bankın menecmenti məsuliyyət daşımır. Bu, doğru deyil”.

Rüfət Aslanlı deyir ki, qanun layihələrində müəyyən edilib ki, belə olan halda məhz şəxsi, o cümlədən maddi məsuliyyətlər bankın səhmdarlarının, bankın inzibatçılarının, qərarların qəbul edilməsində iştirak etmiş digər vəzifəli şəxslərin təkcə bankda olan depozitləri deyil, həmçinin digər əmlakları məhz dövlətə və ictimai fondlara dəymiş zərərin ödənilməsi üçün istifadə edilməlidir.

Ana səhifəXəbərlərRüfət Aslanlı: ”11 bank ləğvetmə prosesindədir”