“Bu ölkədəki vəziyyətin, buradakı idarəetmənin də, bu məhkəmənin də bir adı var – tiranlıq. Ölkə hansı gündədirsə, məhkəmə də o gündədir”.
Bunu dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş növbəti məhkəmə prosesində hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyib.
Bu dəfəki prosesdə zərərçəkmiş şəxs qismində Natiq İmamquliyev dindirilib.
İmamquliyev məhkəmədə bildirib ki, torpaq sahəsi almaq məqsədilə Səfərova 60 min manat verib, lakin nə torpaq satılıb, nə də pulu geri qaytarılıb. Onun sözlərinə görə, sonuncu dəfə ötən il dekabrın 3-də Rüfətdən pulunu geri istəyəndə aralarında mübahisə yaranıb və o, həmin vaxt xəsarət aldığını deyir.
Pulu Tibb Universitetinin yanında verdiyini iddia edən zərərçəkmişin istifadə etdiyi telefon nömrəsinə dair anten məlumatlarını araşdıran vəkillər bu məsələ ilə bağlı ona suallar ünvanlayıblar. Müdafiə tərəfinin sorğularından məlum olub ki, Rüfət Səfərovun saxlanmasında iştirak edən polislərdən üçü ilə Natiq İmanquliyev arasında əlaqə mövcud olub. Hüquq müdafiəçisinin həbsindən əvvəl onların bir-biri ilə telefon əlaqəsinə çıxdığı anten məlumatlarından aydınlaşıb.
Müdafiəçilər İmanquliyevdən bu məsələyə aydınlıq gətirməsini istəyiblər, lakin o, bunu xatırlamadığını və suallara cavab vermək istəmədiyini bildirib. O, oxuyub-yazmaq qabiliyyətinin olmadığını da əlavə edib.Anten məlumatları Rüfət Səfərovun həbsindən əvvəl İmamquliyevin bir neçə dəfə hüquq müdafiəçisinin yaşadığı evin yaxınlığında olduğunu göstərib.
Rüfət Səfərov zərərşəkmiş şəxs qismində tanınan Natiq İmamquliyevi tanımadığını, həbs olunması üçün sifarişli seçildiyini bildirib.
Rüfət Səfərov aylardır davam edən məhkəməsindən ədalət gözləmədiyini deyib. Hüquq müdafiəçisi bildirib ki, tiranlığın hökm sürdüyü bir ölkədə ədalətli məhkəmənin mümkün olduğuna inanmır.
“Görün, bu hökumət nə vəziyyətdədir ki, anlaqsız, tərbiyəsiz birinin xidmətinə möhtac qalıb. Məni həbs etmək üçün belə birini işə qoşmaq mənim özümə qarşı da hörmətsizlikdir. Bura onsuz da məhkəmə deyil, nə qərar verirsinizsə-verin, bu tamaşanı sürdürməyin. Mənim məhkəmə adına sizə də yazığım gəlir. Ayıbdır…”, – Rüfət Səfərov məhkəmədə belə deyib.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub.
O xuliqanlıq, dələduzluq, qəsdən ağır xəsarət yetirmə maddələri ilə ittiham olunur.
Cinayət işində iddia olunur ki, Rüfət Səfərov Novxanıda torpaq satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb.
Həmin şəxslə 2014-cü il dekabrın 3-də aralarında mübahisə düşüb və onu vurub.
Rüfət Səfərov isə bu ittihamların saxta olduğunu, həmin gün axşam saat 17:00 radələrində evə qayıdarkən qarajda maşından düşəndə bir nəfərin ona hücum etdiyini, dərhal da ətrafdan polislərin qaraja daxil olub, onu qandallayıb apardığını bildirib.
Hüquq müdafiəçisi vurğulayıb ki, Natiq İmamquliyevdən pul almaması bir yana, qarajdakı hadisəyə qədər ümumiyyətlə, onu görməyib.