”Rublun vəziyyəti Mərkəzi Bankın valyuta siyasətinə korrektələr gətirə bilər”

Rövşən Ağayev: Tədiyyə balansının ümumi saldosu mənfidirsə, devalvasiya qaçılmazdır

Source:


Rövşən Ağayev: Tədiyyə balansının ümumi saldosu mənfidirsə, devalvasiya qaçılmazdır

İqtisadçı Vüqar Bayramov region ölkələrində valyutaların enməsindən sonra qlobal valyuta bazarında da dəyişikliklərin müşahidə olunduğunu bildirib.

“Qlobal və regional valyuta bazarındakı dəyişikliklər, milli valyutamıza da psixoloji təsir göstərir”

Bu barədə “Facebook” səhifəsində yazan Vüqar Bayramov hesab edir ki, rəsmi Ankara “1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır:

“Belə görünür ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var. Bu isə ABŞ ilə Türkiyə arasındakı gərginliyin arta biləcəyindən və bunun olacağı halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir”.

Ekspert qeyd edib ki, digər qonşu ölkə Rusiyada da rubl heç də yaxşı günlərini yaşamır.

“Amma Kreml “rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə rublun başı üzərindən “qara buludların” çəkildiyini söyləmək tezdir”.

Onun fikrincə, ABŞ Prezidenti Trampın son tviti avroya yenidən nəfəs qazandırır.

“O, Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracaatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatların Sisteminin uçot stavkasının artırlması ilə bağlı siyasətini tənqid edib. Trampın “ucuz dollar böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə o zaman avronun yenidən möhkəmlənməsi mümkündür. Qlobal və regional valyuta bazarındakı dəyişikliklər, təbii ki, milli valyutamıza da psixoloji təsir göstərir”.

Noyabrın ikinci yarısından başlayaraq dollara tələbin yenidən yüksələcəyi gözlənilir

Vüqar Bayramov yazır ki, lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi. Xarici valyutalara tələb nisbətən azalsa da, yenə də əvvəlki aylar ilə müqayisədə yüksəkdir.

Onun sözlərinə görə, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq.

“Görünür, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır. Doğrudur, Mərkəzi Bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər”.

Vüqar Bayramov
Vüqar Bayramov

V.Bayramov vurğulayıb ki, neftin qiymətinin manatın məzənnəsi üçün vacibdir, ancaq bildirir ki, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri də az əhəmiyyətli deyil:

“Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələbin yenidən yüksələcəyi gözlənilir”.

Devalvasiya risqini proqnozlaşdırmaq üçün ən yaxşı informasiya mənbəyi tədiyyə balansıdır

Onun həmkarı iqtisadçı Rövşən Ağayev hesab edir ki, ölkədəki iqtisadi vəziyyəti, o cümlədən milli valyutanın dayanıqlığını və onun qarşıdakı perspektivini qiymətləndirmək, daha dəqiqi, devalvasiya risqinin olub-olmadığını proqnozlaşdırmaq üçün ən yaxşı informasiya mənbəyi tədiyyə balansıdır.

O qeyd edib ki, tədiyyə balansının ümumi saldosu mənfidirsə, demək devalvasiya qaçılmazdır.

“Tədiyyə balansının cari hesablar balansı var, onun da göstəricilərinə də baxmaq lazımdır və ümumi tendensiyaları görmək olur. Ümumilikdə isə əsas göstərici tədiyyə balansının ümumi saldosudur”.

Ancaq Rövşən Ağayev Mərkəzi Bankın tədiyyə balansını çox ləng açıqladığını xatırladıb:

“İlin 8-ci ayı başa çatmaq üzrədir, amma AMB hələ 1-ci rübün tədiyyə balansını açıqlayıb. 2-ci rübün tədiyyə balansı isə təlimata görə, yalnız sentyabrın sonunda açıqlanacaq. Belə gecikmələrə görə, tədiyyə balansındakı məlumatlar köhnəlir və bunlarla bağlı dəqiq analiz etmək mümkün olmur. Amma qonşu Türkiyədə tədiyyə balansı hər ayın sonunda, özü də çox detallı açıqlanır, və bu da imkan verir ki, nəinki Türkiyə iqtisadçıları, hətta bizim iqtisadçılar da Türkiyə iqtisadiyyatını təhlil edib fikir yürütsünlər”.

Rövşən Ağayev
Rövşən Ağayev

Rövşən Ağayev bildirib ki, hazırda Azərbaycanın tədiyyə balansında həlledici yeri ticarət balansı tutur.

“Çünki ölkəyə valyuta gəlirləri əsasən xarici ticarətdən gəlir, onu da içərisində məhz neftin hesabına formalaşır. Son illərdə xaricə ixracın azı 90%-i, bəzən 92-94%-i neft və neft məhsullarıdır. Bu özünü tədiyyə balansında da göstərir. Tədiyyə balansında 3 hissə var – kapital hesabı, cari hesablar balansı, və maliyyə hesabı”.

İqtisadçı qeyd edib ki, bu mənada tədiyyə balansının indiki durumuna baxanda, azı yaxın 6 ayda Azərbaycanda devalvasiya riski görmürəm.

Neftin 40-50 dollara düşməsi Azərbaycan üçün daha böyük təhlükədir

Qonşu ölkələrin valyutalarının ucuzlaşmasının manata təsirinə gəlincə, iqtisadçı deyib ki, neftin 40-50 dollara düşməsi Azərbaycan üçün daha böyük təhlükədir, daha çox təsir edə bilər, nəinki bu 3 ölkədə baş verən proseslər:

“Əgər bu 3 ölkədən gələn ixrac gəlirlərimiz neft gəlirlərimizdən çox olsaydı onda buradakı proseslərin Azərbayana həlledici təsirindən danışmaq olardı. Amma indiki situasiyada isə manatın arxasında dayanan valyuta gəlirlərinin 90%-i bu 3 ölkədən asılı olmadığına görə, bu risk daha aşağıdır”.

Natiq Cəfərli
Natiq Cəfərli

Bundan əvvəl iqtisadçılar Natiq Cəfərli və Samir Əliyev də “Turan” informasiya agentliyinə müsahibə verərək, hazırki şəraitdə devalvasiya riskinin olmadığını demişdilər.

Manatın məzənnəsi dollarla müqayisədə 10-15 faiz düşə bilər

Natiq Cəfərli bildirib ki, hökumətin ciddi bir devalvasiyaya gedəcəyinə inanmır.

“Ancaq qonşu ölkələrdə baş verən belə proseslər nəticəsində ilin sonuna qədər manatın məzənnəsi dollarla müqayisədə 10-15 faiz düşə bilər”.

O qeyd edib ki, manata dünyada neftin qiymətləri çox təsir edir. Onun fikrincə, neftin barrelinin qiyməti 70 ABŞ dolları olanda milli valyuta inzibati üsullarla saxlanıla bilər.

Neftin qiyməti hökumətə manatın sabitliyini qorumağa imkan verir

Samir Əliyev isə deyib ki, əgər Azərbaycanda üzən rejim, bazar şərtləri olsaydı, onda qonşu ölkələrin prosesləri milli valyutaya təsir göstərəcəkdi.

Samir Əliyev
Samir Əliyev

“Dünyada neftinin qiyməti 70 dollardır. Bu, hökumətə imkan verir ki, manatın sabitliyini qorusun. Bu zaman kapital axınının qarşısını almaq da lazımdır. Ancaq sual yaranır: manatın məzənnəsini saxlamaq lazımdırdmı?”

Avqustun 21-də Azərbaycan Mərkəzi Bankının valyuta auksionunda manatın dollara qarşı kursu dəyişməyərək, 1 dollar 1,7000 manat səviyyəsində qalıb. Bu kurs 2018-ci il martın 7-dən stabil olaraq qalır.

Ana səhifəXəbərlər”Rublun vəziyyəti Mərkəzi Bankın valyuta siyasətinə korrektələr gətirə bilər”