Ruben Vardanyan etiraz olaraq, hakimin suallarına cavab verməkdən imtina etdi

Ruben Vardanyan. Foto: Meydan TV

Ona qarşı olan ittihamların elanı başa çatıb

Qondarma “Dağlıq Qarabağ Respublikasında” separatçıların “dövlət naziri” olmuş, 2023-cü ilin sentyabrında hərbi əməliyyatlar nəticəsində həbs olunan milyarder Ruben Vardanyanın Bakıda məhkəməsi davam edir.

Onun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayev, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkib baxır.

Ruben Vardanyan budəfəki məhkəmə prosesində yenidən hakimlər kollegiyasına etiraz edib. Onun etirazını vəkili Avraam Berman yazılı şəkildə məhkəməyə təqdim edib. Eyni zamanda, məhkəmədə səsləndirilib, prokurorların, prosesdə iştirak edən zərərçəkmişlərin nəzərinə çatdırılıb.

Ruben Vardanyan göstərib ki, məhkəmə heyəti qərəzlidir, qeyri-obyektivdir, işə birtərəfli yanaşır, müdafiə tərəfinin iş üçün əhəmiyyətli və kifayət qədər əsaslı olan vəsatətlərini təmin etmir və s. Bu səbəbdən də hazırkı məhkəmə heyətinin onun işinə baxmasını istəmir.

Prokurorlar və zərərçəkmişlər onun etirazına qarşı çıxıblar. Onlar bildiriblər ki, hakimlərə etiraz etmək üçün əsas yoxdur, Ruben Vardanyan bu məsələdə haqsızdır. Prokurorlar etirazın baxılmamış saxlanmasını təklif edib.

Müşavirədən qayıdan hakimlər də etirazın baxılmamış saxlandığını elan edib.

Xatırladaq ki, bir neçə gün əvvəlki iclasda təqsirləndirilən milyarder eyni məzmunlu etiraz vermiş, hakimlərin qərarı da eyni olmuşdu.

Bundan sonra məhkəmə prosesində prokurorlar ittiham aktının elanını davam etdirib. İttihamın həcmi böyük olduğundan bir neçə iclasdır ki, məhkəmədə prokurorlar ittihamın elanını davam etdirir.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatdan sonra işğaldan azad edilən ərazilərdə mina partlayışı nəticəsində 65 nəfərin ölümü, 271 nəfərin yaralanması, 2022-ci ilin sentyabrında atəşkəsin pozulması nətucəsində Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusunun həlak olması, qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələrinə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16 milyon 805 min 903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları verilməsi və s. ittihamda yer alıb.

İttihamın elanı fevralın 17-də başa çatıb. Yekunda ona Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər),  278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

Hakim məlumat verib ki, bu maddələrin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var. Həmçinin təqsirləndirilən şəxs kimi, onun məhkəmədə ifadə vermək kimi, həm də ifadə verməmək hüququ da var. İfadə verməsə belə, bu, onun əleyhinə istifadə edilə bilməz.

Daha sonra hakim ona elan olunan ittihamlara münasibəti barədə sual verib. Lakin Ruben Vardanyan ittihamlara etiraz olaraq, sualları cavablandırmaqdan imtina edib.

Məhkəmə prosesi fevralın 25-də davam edəcək.

57 yaşlı Vardanyan Ruben Karlenoviç Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olub. Eyni zamanda, orada “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və s. vəzifələrdə çalışıb. O, 1 milyard dollardan çox var-dövlətilə rusiyalı biznesmen kimi “Forbes”in siyahısına daxil edilmişdi.

Lakin 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etdi və Ermənistan vətəndaşı oldu. Həımçinin separatçı rejimin dövlət naziri təyin edildi.  Həmin ərəfədə o, Rusiya Prezidenti Vladimir Putinlə də görüşmüşdü.

2023-cü ilin sentyabrında Qarabağda hərbi əməliyyatlardan sonra Ruben Vardanyan Laçın dəhlizində saxlanılıb.

Ana səhifəSiyasətRuben Vardanyan etiraz olaraq, hakimin suallarına cavab verməkdən imtina etdi