RSF-nin 2025-cil il hesabatı: 67 jurnalist öldürülüb, 500-dən çoxu həbsdədir

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

Son bir ildə dünyada 67 jurnalist qətlə yetirilib.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) yeni hesabatına görə, bu ölümlərin 79%-i silahlı qüvvələrin, hərbiləşdirilmiş qrupların və cinayətkar şəbəkələrin payına düşür.

RSF bildirir ki, jurnalistlər zaman-zaman süni şəkildə yaratılmış nifrətin hədəfinə çevrilirlər.

Ən çox ölüm Qəzzada qeydə alınıb

Hesabata əsasən, həyatlarını itirən jurnalistlərin 43%-i İsrail orudusunun Qəzza zolağına hücumları nəticəsində həlak olublar. 2023-cü ilin oktyabrından bu yana İsrail ordusu ümumilikdə 220-yə yaxın jurnalistin ölümünə səbəb olub, onların azı 65-i vəzifə başında olarkən həlak olub.

Meksika ikinci ən təhlükəli ölkədir

2025-ci ildə Meksikada doqquz jurnalist öldürülüb. Ölkə dünyada jurnalistlər üçün ikinci ən riskli ölkə kimi qalır. Bildirilir ki, zorakılığa əsasən cinayətkar kartellər və korrupsioner qruplar səbəb olur.

Sudan və Ukrayna jurnalistlər üçün ən riskli münaqişə əraziləri olaraq qalır

Sudanda davam edən silahlı münaqişə nəticəsində dörd jurnalist, Ukraynada isə rus ordusunun hücumları nəticəsində həm yerli, həm də xarici reportyorlar həyatını itirib.

Dünyada neçə jurnalist həbsdədir?

2025-ci il dekabrın 1-nə olan məlumata görə, dünya üzrə 503 jurnalist həbsdə saxlanılır. Siyahıya Çin – 121 jurnalist, Rusiya – 48 jurnalist (onlardan 26-sı ukraynalıdır), Myanma – 47 jurnalist – başçılıq edir.

135 jurnalist itkin düşüb

Hazırda 37 ölkədə 135 jurnalist itkin sayılır. Onların 37-si Suriyada, 28-i isə Meksikada yoxa çıxıb. Jurnalistlərin 72%-nin Yaxın Şərq və Latın Amerikası ölkələrində itkin düşüb.

20 jurnalist girovdadır

Dünya üzrə 20 jurnalist girov saxlanılır. 2025-ci ildə yalnız Yəməndə yeddi jurnalist husilər tərəfindən girov götürülüb. Suriyada isə “Heyət Təhrir əş-Şam” qruplaşması bir neçə jurnalisti hələ də azad etməyib.

Hesabatda bildirilir ki, hökumətlər jurnalistlərin təhlükəsizliyinin təmin edilməsində “cəsarətsizlik” nümayiş etdirir və cəzasızlıq zorakılığı daha da artırır:

“Jurnalistlər sadəcə ölmürlər — onları öldürürlər. Heç kim jurnalistika üçün həyatını vermir — həyatları onlardan alınır”.

Azərbaycanda da media azadlığının vəziyyəti kritik olaraq qalır

RSF-nin məlumatına görə, Azərbaycanda da media azadlığı vəziyyəti kritik olaraq qalır. Təşkilat bildirir ki, ölkədə 25 müstəqil jurnalist və media əməkdaşı müxtəlif ittihamlarla həbsdə saxlanılır və onların işlərində siyasi motivlərin olması ilə bağlı narahatlıqlar mövcuddur. Medianın dövlət nəzarətində olması, akkreditasiyaların məhdudlaşdırılması və müstəqil media qurumlarına təzyiq göstərilməsi Azərbaycanda ifadə azadlığını daha da daraldan əsas tendensiyalar kimi qiymətləndirilir. Azərbaycan hakimiyyəti isə bu iddianı qəbul etmir, şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

Ana səhifəSiyasətRSF-nin 2025-cil il hesabatı: 67 jurnalist öldürülüb, 500-dən çoxu həbsdədir