“İnanıram ki, ermənilər də Azərbaycanda əvvəlki kimi yaşaya bilərlər”
Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ermənilərin Qarabağa qaytarılması ehtimalı və ərazilərin minalardan təmizlənməsi barədə
danışır
.
Bakı ermənilərin Qarabağa, evlərinə qaytarılması ehtimalını istisna etmir. Həmin evlər üçtərəfli razılaşma əsasında Azərbaycanın ərazisində qalıb. Bu barədə “İzvestiya”ya müsahibəsində Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bəyan edib. O qeyd edib ki, söhbət ərazilərin qaytarılmasından getmir. Siyasətçi həm də əlavə edib ki, Bakının nəzarəti altına keçmiş rayonların minalardan təmizlənməsi 5-10 ilə başa gələcək. Hazırda ilk növbədə cənub vilayətlərini minalardan təmizləyirlər. Həmin əraziləri tərk etmiş azərbaycanlıların, – 750 mindən çox insan, – 70%-ə qədəri geri qayıtmaq arzusundadır.
İlk növbədə minalar
– Azərbaycanın nəzarəti altına keçmiş rayonlara neçə adam qayıtmaq istəyir?
– Doğma torpağına qayıtmaq istəyənlər gerçəkdən də çoxdur. Zənnimcə, bu, 750 min məcburi köçkünün (Azərbaycan BMT-nin qlossarisini əlində rəhbər tutaraq, əhalinin bu kateqoriyasını qaçqınlar – başqa ölkələri tərk etmiş insanlar deyil, “daxildə köç etmiş adamlar” adlandırır) 60-70%-ni təşkil edir. Bütün bu müddət ərzində köçkünlərimizlə işləyərkən onların doğma torpaqlarına qayıtmağa can atdıqlarını görmüşük. Bax, zənnimcə, Şuşaya əhalinin 101%-i qayıdacaq (gülür). Azərbaycan xalqı Şuşanın qayıtmasını o qədər çox gözləmişdi ki, məhz ora qayıtmaq istəyənlərin sayı-hesabı olmayacaq. Qüvvədə olan qanunvericiliyimizə uyğun olaraq, dövlət məcburi köçkünlərə öz doğma yerlərinə qayıtmağa imkan verməli, onlara layiq olduğu həyatı bəxş etməlidir. Biz bunu deyərkən onların özlərinin və övladlarının talelərini yenidən qura bilmələri üçün yaxşı mənzil, yaxşı iş nəzərdə tuturuq. Ermənistanla Azərbaycan arasındakı müharibədən sonra bildiyimiz kimi, bu ərazi bütünlüklə minalanıb. Deməli, minalanmış sahələr təmizlənməlidir. İkincisi, infrastrukturu yenidən qurmaq, yəni rayonlara qaz, işıq, su, yol çəkmək, həmçinin müasir kəndlər və şəhərlər salmaq lazımdır. Bütün bu işlər yerinə yetirildikdən sonra insanların köçürülməsi məsələsi meydana çıxacaq. Biz bununla paralel olaraq, köçkünlərlə birbaşa işləyirik: bütün siyahılara yenidən baxılır, harda hansı ailənin nə qədər böyüməsi, nə ilə məşğul olması, rayona qayıtdıqdan sonra nə ilə məşğul olmaq istədiyi dəqiqləşdirilir. Bu adamlar məcburi köçkün statusu altında keçirdikləri son 30 ilə yaxın müddətdə hansı vərdişlərə yiyələnib, hansı təhsil alıblar.
– Onların hamısı işlə necə təmin olunacaq? Bu rayonlarda hansı istehsalın təşkil olunması planlaşdırılır?
– Azad olunmuş rayonların inkişaf strategiyası həmin ərazilərdə müharibədən əvvəl, 1989-1994-cü illərdə mövcud olmuş istehsalatların bərpasını nəzərdə tutur. Bir də ekologiya və kənd təsərrüfatı nəzərə alınmaqla ağıllı kəndlərin salınması.
– Bu ərazilərin bərpası üçün xarici kapitalı cəlb etmək planlaşdırılırmı?– Mənə məlum olduğu qədər, Azərbaycan bərpa işlərini öz hesabına aparacaq, buna xarici investorlar cəlb olumayacaq.– Bu nə qədər vaxt aparacaq? 5 il, 10 il?
– Düşünmürəm ki… Bilirsiniz, 10 il ərzində məcburi köçkünlər birmənalı şəkildə öz doğma kəndlərinə, şəhərlərinə qayıdacaqlar. Bizim bu müddət ərzində nə qədər iş görə biləcəyimizi zaman göstərəcək. Obrazlı desək, bir ildən sonra 10 min ev tikə biləcəyimiz söyləmək hələ ki mümkün deyil. Bunun üçün zaman, iri kapital lazımdır. Bu məsələdə əsas maneə Ermənistanın bizə heç cür minalanmış sahələrin xəritəsini vermək istəməməsidir. Belə olan təqdirdə biz bərpaya həm tez başlaya bilər, həm də bu bərpa işləri qat-qat ucuz başa gələrdi. Təəssüf ki, artıq bir neçə dəfə ailələr minaya düşüb və bu, böyük faciədir. Və bu, hələ də davam edir. Birincisi, hərbi əməliyyatların sona çatması şəraitində minalanmış ərazilər barədə informasiyanın verilməməsi beynəlxalq hüquq normalarını pozmaqdır. İkincisi, Ermənistan tərəfindən bu cür addımın atılması etimad ab-havasının yaradılması yolunda əhəmiyyətli element olardı ki, bu da xalqlar arasında uzunmüddətli sülhün yaradılması üçün zəruridir.
– Xəritələr olmadan ərazilərin minalanmadan təmizlənməsi nə qədər davam edəcək?
– Bu, çətin prosesdir. Mütəxəssislərin fikrincə, o 5 ildən 10 ilədək çəkəcək.
– İlk növbədə hansı rayonları minadan təmizləyəcəklər?– Minadan təmizləmə işləri ilk növbədə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında gerçəkləşdirilir.
– Füzuli və ya Cəbrayıldan fərqli olaraq, Hadrutda son müharibəyədək 2 minə yaxın erməni əhalisi yaşayırdı. Onlar hazırda Azərbaycanın nəzarəti altında olan doğma evlərinə qayıtmaq istədiklərini dəfələrlə ifadə ediblər. Sizcə, bu, nə dərəcədə mümkündür? Bakı onların Hadruta qayıtmalarına şərait yaratmağa hazırdırmı?
– Yəqin ki bildiyiniz kimi, eynilə azərbaycanlılar Xankəndidə, (Stepanakertin azərbaycanca adı – “İzvestiya”), Xocalıda, Ağdərədə (erməni dilində adı Mardakert olan bu yaşayış məntəqəsinə rusiyalı sülhməramlılar nəzarət edir. – “İzvestiya”). Onlar həmin ərazilərdən etnik təmizləmə nəticəsində qovulublar. Bu gün orda müstəsna olaraq ermənilər yaşayır. Ötən il əldə olunmuş üçtərəfli razılaşma bütün qaçqınların münaqişəyədək yaşadıqları yerə qaytarılmasını nəzərdə tutur. Zənnimcə, bu qayıdış forması gələcəkdə nəzərdən keçiriləcək.
– Lakin bu variantı istisna etmək lazım deyil?
– Ölkəmiz keçmiş DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayəti) erməni əhalisinin inteqrasiyasına hazırlığını dəfələrlə ən yüksək səviyyədə nümayiş etdirib. Lakin ərazidə yaşamaq hüququ ərazinin zorla alınması hüququ ilə dəyişdirilməməlidir. Odur ki, sizin sualınıza cavab olaraq deyirəm ki, bəli, onlar Azərbaycanda ölkəmizin vətəndaşı kimi yaşaya bilərlər, necə ki münaqişədən öncə bu cür yaşayıblar. Onlar dünyanın digər ölkələrində – Rusiyada, Fransada, Amerikada yaşadıqları kimi, eləcə də bizim ölkəmizdə yaşaya bilərlər. Amma, məsələn, əgər Marseldə yüz min erməni yaşayırsa, bu o demək deyil ki, Paris Marseldə daha bir erməni dövləti yaratmalıdır. Azərbaycanda 50-dən çox millət və xalq yaşayır və bununla bağlı heç bir problem mövcud deyil. Bəzən hətta tarixi vətənlərindən daha çox burda yaxşı yaşayırlar. İnanıram ki, ermənilər də Azərbaycanda əvvəlki kimi yaşaya bilərlər. Ölkənin digər millətləri və xalqları kimi, onlara da eyni cür şərait yaradılacaq.
– Erməni əhalisinin qayıtdıqdan sonra özlərinə münasibətdə zorakılıqla qarşılaşmayacağına zəmanət varmı?
– Azərbaycan ərazisində yaşayan bütün insanlar üçün təhlükəsizlik zəmanətini dövlət, onun konstitusiyası və qanunları verir. Və bütün bunların zamini ölkəmizin prezidenti İlham Əliyevdir. Yeri gəlmişkən, rusiyalı jurnalistlərin hesablamalarına görə, hətta müharibənin qızğın çağında belə prezident erməni və azərbaycanlıların dinc yanaşı yaşamasının zəruriliyi barədə 20 dəfədən çox söyləyib. İnanıram ki, ermənilər və azərbaycanlılar birgə yaşaya bilərlər, birmənalı şəkildə bilərlər. Lakin mürəkkəb birgə yaşayış yolunda irəliləmək üçün zaman və iradə lazımdır. Nə Ermənistan, nə də Azərbaycan min kilometr uzağa gedəcək. Odur ki, biz birgə yaşamağı öyrənməliyik. Digər alternativ əbədi döyüşdür. Deməli, xalqların maraqlarından çıxış etməli olsaq, alternativ yoxdur.