Lənkəranda 29 nəfər aldadıldığını deyir
“Əmim qızı dedi ki, rəhmətlik Rövşən Lənkəranskinin (mərhum kriminal avtoritet – red.) anası Hacıxanımın katibəsidir. Onun vasitəsilə əlillik dərəcəsi ala, iş düzəldə bilir. Bizim də Hacıxanım anaya hörmətimiz var. Hamımız bilirik ki, onun ölkədə sözü keçərlidir. İnanıb, dediklərini etdik, sənədləri topladıq, pul verdik. 29 kənd sakinindən ümumilikdə 52800 manat aldı, amma dediklərini etmədi…”.
Lənkəran rayonunun Mamusta kənd sakini Qızvəst Mirahil qızı Vəliyeva belə deyir. O, öz əmisi qızından şikayətçidir. 3 ay əvvəl Lənkəran Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edən kənd sakininin sözlərinə görə, problem həllini tapmayıb:
“İnsan əmisi qızına da inanmayıb, kimə inanacaq? Əmim qızı Gülbahar Xahəsən qızı Abbasova əslində Lənkəran rayon Mamusta kənd xəstəxanasında çalışır. Dediyinə görə, Hacıxanımın da katibəsidir. Dedi ki, baş həkimin vasitəsilə əmisinə, yəni mənim atama pensiya düzəldə bilər. Atam Mirahil şəkərli diabet xəstəliyindən əziyyət çəkir. İki min manata danışdıq. Əvvəlcə min manat, sonra yenə min manat ödədim. Sonra qardaşım Əhmədağa ürək xəstəliyinə görə pensiyaya çıxsın deyə pul verdi, bacım Mirvarinin də pulunu aldı. Gülbahar dedi ki, bu pulları işlədiyi xəstəxananın baş həkimi Şakir Qasımova, həkimlər Taleh və Könülə verərək işi düzəldəcək. Qohum-əqrəba da məsələdən xəbər tutandan sonra kömək istədi, hamısından pul alındı. Bütün pulları mən yığıb verdim Gülbahara”.
“Hətta öz ailəsindən də pul alıb”
Qızvəst Vəliyevanın sözlərinə görə, əmisi qızı onun vasitəsilə öz ailəsindən də pul alıb:
“Mənə dedi ki, anamın xasiyyəti pisdir, mane olacaq, get pulu sən al, atamın pensiyasını həll edim, pensiya kartını da ad günündə hədiyyə edəcəm. Mən də gedib etdim. Atasının ad günü olanda kartı gətirmədi, dedi ki, gələn ay həll edəcəm. Öz ailəsini də aldatdı bu adam”.
“Polis mənə heç bir cavab vermir”
Şikayətçi deyir ki, aldadılanlar arasında şəhid ailəsi də var. Gülbahar Abbasovanın şəhid atasının əlillik dərəcəsini dəyişmək, oğlunu işə düzəltmək üçün pul aldığı da iddia olunur. Ümumilikdə şəhid ailəsindən 12100 manat alındığı bildirilir.
“Aradan 8 ay keçdi. Gülbahar əvvəlcə dedi ki, baş həkim sənədləri təsdiq etdirmək üçün yuxarılara verib. Amma koronavirus vaxtı olduğuna görə işlər uzanır. Getdim xəstəxanaya, yoxlatdırdım ki, heç kimin adı sənədləşdirilməyib. İşi belə görüb əvvəlcə Hacıxanımın evinə getdim. Dedilər, Hacıxanım ana 1 ildir ki, burada yaşamır, Bakıda olur. Ona görə də Polis Şöbəsinə gəlib şikayət ərizəsi verdim. DİN-in 102 xidmətinə də bu barədə şikayət etmişdim. İşə əvvəlcə Elvin adlı müstəntiq baxırdı. Sonra heç bir tədbir görmədiyindən işi ondan alıb başqasına verdilər. Düz 3 aydır ki, Lənkəran Şəhər Polis Şöbəsi mənə heç bir cavab vermir. Amma bir dəfə polisdə olanda eşitdim ki, Gülbahardan öz evindən oğurluq etdiyinə görə də izahat alınıb. Gülbaharla mənim aramda çoxsaylı SMS yazışmalar var ki, pulun alınması, kimə verilməsi sübut olunur. Ancaq polis buna əhəmiyyət vermir”, – Qızvəst Vəliyeva deyir.
Şikayətçinin sözlərinə görə, ziyana düşən qohum-əqrəbası onda günah görmür:
“Hamısı deyir ki, biz sənin vasitənlə pulu Gülbahara vermişik. Sən şikayət et, biz hamılıqla şahid ifadəsi verəcəyik”.
“Gülbahar deyir, oğlun bir iynənin qurbanı olar”
Qızvəst Vəliyeva əmisi qızı tərəfindən hədə-qorxuya məruz qaldığını da deyir:
“Polis baş həkimi, Gülbaharı izahat vermək üçün çağırandan sonra mənə hədə-qorxu gəlməyə başladılar. Azyaşlı oğlum var. Gülbahar dedi: “Sənin uşağın bir iynənin qurbanı olar. Heç bilməyəcəksən hansı həkimin əlində olub”. Mən bu hədələr haqqında Lənkəran Şəhər Polis Şöbəsinə, icra hakimiyyətinə, ərazi kənd nümayəndəsinə, DTX-ya müraciətlər etmişəm. Təkcə icra hakimiyyətinin hüquqşünası yazdı ki, get Lənkəran Şəhər Polis Şöbəsinə və ya Lənkəran Prokurorluğuna müraciət et. Bundan sonra baş həkim Şakir məni öz otağına çağıraraq hədə-qorxu gəldi ki, Talehin adını çəksən, o, səni məhkəməyə verəcək. O, məni həkim Talehin yanına apararaq səsimi gizli yazdı və şərlədi. Sonra səs yazım kənddə yayıldı. Qanun qadağa etdiyi halda kim Şakir həkimə səlahiyyət verib ki, xəlvət səs yazımı yazsın? Bu adamlar pulu mənimsəyib indi məni güdaza vermək istəyirlər. Xəstə oğlumla 113 manat pulun ümidinə yaşayıram. Camaatın pulunu mən qaytara bilmərəm. Hazırda 6 nəfərin sənədləri, sığorta kartı onlardadır, vermirlər”.
Şikayətçinin iddiasına görə, Gülbahar Abbasova onlardan aldığı pulun bir qismini xəstəxananın işçilərinə paylayıb:
“Bizə sonradan o da məlum oldu ki, Gülbahar xəstəxana işçilərinin hərəsinə 300-700 manat paylayaraq, guya bu pulların Mehriban Əliyevanın Fondu və deputata Qənirə Paşayevanın Fondu tərəfindən göndərildiyini bildirib”.
“Əmim qızı yalan danışır”
Gülbahar Abbasova isə deyilənləri Meydan TV-yə yalanlayıb:
“Mənim əmim qızı yalan danışır. O, təkcə mənimlə bağlı yox, çox insanla bağlı belə yalan danışıb. Hamını aldadıb. Polis qardaşlarım da araşdırır işi. Təkcə mənə yox, başqa insanlara da şər atmışdı. Mənə heç kim pul verməyib. Gedin o 29 nəfəri danışdırıb görün mənə kimsə pul verib?”
Gülbahar Abbasova Hacıxanımın katibəsi olması ilə bağlı deyilənləri də təkzib edib:
“Yalan söhbətdir. Mən xəstəxanada operator işçisiyəm. İnsanların adını çəkir, hamısını da çağırırlar polisə. Bu işi böyüdüb, insanlar da qalxıb ayağa, bu işi araşdırırlar. Qizvəst gedib özü şikayət verib, polisləri də aldadıb. İndi işi araşdırmaq lazımdır ki, bunun arxasında kim dayanıb. Düzdür, gəlmişdi iş yerimə, sosialla bağlı danışdıq. Sosialla bağlı insanlara kömək etmişdik. Amma mənim əlilliklə bağlı məsələdə qətiyyən əlim yoxdu. Mənim öz anam ona pul verib. Dediklərinin hamısı yalandır”.
“Oğlumu yanğınsöndürən işinə düzəldəcəkdi”
Təranə Qulamzadə İkinci Qarabağ müharibəsində həlak olan Afərin Qulamzadənin anasıdır. O da aldadılanlar arasındadır:
“Mən Gülbaharı da tanıyıram, Qisvəsti də. Pulu məndən Qisvəst alıb, amma Gülbahara verib. Ötən ilin mart ayı idi, xəstə idim. Qisvəst gəldi bizə, dedi: “Pensiya düzəldə bilən bir nəfər var. Pul ver, sənin üçün də pensiya düzəldək”. Mən də razılaşdım. Müharibədə şəhid olan oğlum Afərin Qulamzadə o vaxt Bakıda kafedə işləyirdi. Uşağın qazancı ilə lotereya (bir qrup insan pul qoyur, toplanmış pulu hər ay biri götürür – red) oynayırdım. Deyirdim, o pulla oğluma Lənkəranda iş taparıq, gəlib burda işləyər. Mən lotereyanın pulunu götürüb pensiya düzəltmək üçün verdim. Düşündüm ki, sonra pensiya alaram, o pulu toplayaram, mal-qaramı da satıb oğlumu bir işə düzəldərəm. Qızvəst sonra gəlib dedi ki, iş yeri də var, oğlumu yanğınsöndürən işinə düzəldə bilər. Mən inanmadım, dedim, yalan olar, insanları belə aldadırlar. Onda Qizvəst məni Gülbaharla calaşdırdı. Mən Gülbaharla telefonla danışdım, işlə bağlı soruşdum. Gülbahar mənə dedi: “Sənə 100 faiz qarantiyə verirəm ki, yalan məsələ deyil”. Özünü də mənə vəkil kimi təqdim etdi. Dedi: “Pulun yarısını indi, yarısını da oğlun əyninə forma geyinəndən sonra ver. Hacıxanım pulunun yarısını verir, uşaq işə başlayandan sonra onun pulunu ödəyərsən”. Mən də razılaşdım. Eşitmişdim ki, Hacıxanım adamlara kömək edir. Ümumilikdə Qizvəst vasitəsilə 12100 manat pul vermişəm. O pulu toplamaq üçün bütün mal-qaramı satmışam, oğlum nə qazanırdısa, hamısını əlindən alıb yığmışam. İki dəfə lotereya oynamışam. Oğlum gedib şəhid oldu, mən hələ də ikinci lotereyanı ödəyirəm”.
Təranə Qulamzadə deyir ki, pulu ödəyərkən heç bir sənəd almayıb:
“Mən inandım deyə səhv edib sənəd almadım. Dedilər, Taleh həkim pensiya düzəldir. Əvvəllər komissiya sədri olub, göz həkimidir. Araşdırdım gördüm həqiqətən də çox adama pensiya düzəldib. Ona görə də inanıb pul verdim. Hətta dedim, özüm gedib danışım Taleh həkimlə. Qızvəst mənə dedi ki, getsən, səni tanımır, deyəcək elə məsələ yoxdur, etməyəcək. Ona görə də inanıb pul verdim. İndi biz də şikayət ərizəsi vermişik. Yoldaşımın polisə təqdim etdiyi şikayət ərizəsində Qızvəstin və Gülbaharın adı var. Biz pulu əlbəəl Qızvəstə vermişik, Gülbahar da mənimlə iş barədə danışıb. İndi Qızvəstə deyirik, biz pulu sənə vermişik, get, kimə vermisənsə al. Biz nə Şakir tanıyırıq, nə də Taleh. Oğlum da şəhid olub, iş məsələsi alınmayıb”.
Baş həkim: “O qədər ölüvay oldum ki, gedib Qızvəstlə işbirliyi qurdum?”
Mamusta Kənd Xəstəxanasının baş həkimi Şakir Qasımov isə Meydan TV-yə şərləndiyini deyib:
“Mənim məlumatım var məsələdən, polisdə də izahatımı vermişəm. Qızvəstlə heç bir əlaqəm yoxdur, ağzına gələni danışır də. Mənim 67 yaşım var, 50 ildir həkim işləyirəm. Yəni elə ölüvay oldum ki, gedib Qızvəstlə işbirliyi qurdum? Kimdən pul alıb, kimə verib gedib alıb qaytarsın. Mən də, rayonun baş həkiminin müavini də ona dönə-dönə dedik ki, kimdən nə almısansa apar qaytar, səni tutacaqlar. Bunu sübut edən səsyazısı, video da var”.
Baş həkimin müavini haqqında şikayətlər var
Şikayətdə adıçəkilən həkimlərdən biri də Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Taleh Məmmədovdur. Meydan TV dəfələrlə cəhd etsə də, baş həkimin müavini ilə danışa bilməyib. Yerli mediada onun haqqında şikayətlər dərc
olunub
. Vətəndaşların şikayəti əsasən pensiya ala bilməmələri, yaradılan süni əngəllərlə bağlıdır.
Xəstəxanadan Meydan TV-yə bildirilib ki, həmin şikayətlərdən sonra Taleh Məmmədov Tibbi Sosial Ekespertiza Komissiyasından uzaqlaşdırılıb.
Ötən ilin may ayında isə sosial şəbəkələrdə onun işçilərlə kobud rəftarını əks etdirən videogörüntü yayılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, Taleh Məmmədov bu hərəkətinə görə töhmət alıb.
DİN: “İstintaq hərəkətləri aparılır”
Daxili İşlər Nazirliyindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı istintaq hərəkətləri aparılır:
“Lənkəran rayon sakini Qızvəs Vəliyevanın bir qrup şəxsi aldadaraq müxtəlif məbləqlərdə pullarını dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı Lənkəran şəhər-rayon polis şöbəsinə daxil olmuş müraciət üzrə istintaq hərəkətləri davam etdirilir.
Bu barədə Meydan TV-nin sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ötən ilin noyabrın 27-30 tarixlərində 10 nəfər Lənkəran rayon sakinin şikayət ərizələri polisə daxil olub.
Noyabrın 23-də isə Q.Vəliyeva polisə müraciət edərək 2019-cu ilin mart ayında atası üçün təqaüd düzəltmək adı ilə 2000 manat, bundan başqa ayrı-ayrı şəxslər üçün də təqaüd düzəltməkdən ötrü əmisi qızı Gülbahar Abbasovaya ümumilikdə 52800 manat pul verdiyini bildirərək sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Q.Vəliyeva 2020-ci ilin aprel ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətlərdə vətəndaşların etibarından sui-istifadə etməklə müxtəlif məbləqlərdə pullarını alaraq işə düzəldəciyinə və ya adlarına I və II qrup əlillik dərəcəsi təqaüdü düzəldəcəyi vədi verib aldadaraq xeyli miqdarda pullarını alaraq təkrar dələduzluq edib.
Buna görə də toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178.2.2 (Dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olduğundan yanvar ayının 9-da fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri davam etdirilir. İstintaq zamanı Q.Vəliyeva 2021-ci il yanvarın 25-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək göstərilən maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilib və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir”.
Qanunla əgər sözügedən şəxsin təqsiri sübuta yetirilərsə, onu dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Meydan TV Qızvəst Vəliyeva ilə Gülbahar Abbasova arasındakı “Whatsapp” yazışmalarını da əldə edib. Həmin yazışmalarda əvvəlcə Gülbahar Abbasova pulu tezliklə qaytaracağını, əmisi qızını pis vəziyyətdə qoymayacağını söyləsə də, sonradan heç kimdən şəxsən pul almadığını, bu səbəbdən də məsuliyyət daşımadığını bildirir.