Rövşən Əkbərovun qətldə ittihamı təsdiqləndi

Baş Prokurorluq cinayət işini araşdırdığını deyir

Source: Архив


Baş Prokurorluq cinayət işini araşdırdığını deyir

Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun 20 il əvvəl Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunduğunu Baş Prokurorluq təsdiqləyib. Prokurorluğun yaydığı rəsmi açıqlamada bildirilir ki, hələ 2003-cü ildə Ukrayna hüquq-mühafizə orqanları bu cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsasıyla cinayət işinin materiallarını istintaqın davam etdirilməsi üçün Bakıya göndərilib. Hərbi Prokurorluqda və Baş Prokurorluğun İstintaq İdarəsində (o dövrdə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi adlanırdı-red.) bir müddət istintaq gedəndən sonra bu iş üzrə icraat dayandırılıb. 2020-ci ildə Baş Prokurorluqda bu cinayət işi yenidən araşdırılıb. Baş Prokurorluğun rəhbərliyi icraatın dayandırılması haqqında qərarı ləğv edib, icraat təzələnib. İstintaq idarəsində araşdırmalar nəticəsində sübutlar toplanıb və Rövşən Əkbərov həbs olunub.

Rövşən Əkbərova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında göstərilib ki, Rövşən Əkbərovla Elçin Əliyev 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içəndən sonra, gecə təxminən 3-4 radələrində kafenin yaxınlığında onların arasında mübahisə yaranıb. Mübahisə zəminində o, üstündəki kəsici-deşici predmetlə (hərbi bıçaq) Elçin Əliyevin ürək nahiyəsindən vurub.

Mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva Meydan TV-yə bildirmişdi ki, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov da o zaman hadisənin şahidi olub. Həmin ərəfədə Nazim İbrahimov Azərbaycanın Ukraynada səfiri olmuşdu. Anasının sözlərinə görə, Ukraynada bizneslə məşğul olan Elçin Əliyevlə Nazim İbrahimov dost olublar.

Ana səhifəXəbərlərRövşən Əkbərovun qətldə ittihamı təsdiqləndi