Rövşən Əkbərovu Bakı Hərbi Məhkəməsinin sədri mühakimə edəcək

İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Source: MN


Məhkəmə prosesinin vaxtı bəlli olub

Həbsdə olan general-leytenant Rövşən Əkbərovun işi üzrə məhkəmə prosesinin nə vaxt başlanacağı məlum olub. Bakı Hərbi Məhkəməsindən Meydan TV-yə verilən məlumata görə, qətldə ittiham olunan general iyulun 16-da məhkəmə qarşısına çıxarılacaq. Həmin gün onun işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Rövşən Əkbərovun işi Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatındadır. Generalı Həbib Həsənovun sədrliyilə, Elbəy Allahverdiyev və Camal Ramazanovdan ibarət hakimlər kollegiyası mühakimə edəcək.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə ittiham verilib.

General 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında “Sikora” kafesində yeyib-içəndən sonra Rövşən Əkbərovla Elçin Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətlilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq, Rövşən Əkbərov həbs edilib.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Rövşən Əkbərov və ya yaxınlarının bu ittihama münasibəti məlum deyil. Amma onun vəkili barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün bir neçə dəfə məhkəməyə vəsatət verib. Lakin vəsatətlər təmin olunmayıb.

Ana səhifəSiyasətRövşən Əkbərovu Bakı Hərbi Məhkəməsinin sədri mühakimə edəcək