Rövşən Əkbərovla bağlı istintaq yekunlaşdı

Rövşən Əkbərovun vəkili və ya ailə üzvləri ona qarşı irəli sürülmüş qəsdən adam öldürmə ittihamıyla bağlı heç bir açıqlama verməyib.

Source: Trend.az


General istintaq dövründə ev dustaqlığına buraxılmaq üçün bir neçə dəfə məhkəməyə vəsatət versə də, hər dəfə məhkəmədən rədd cavabı alıb

Həbsdə olan general-leytenant Rövşən Əkbərovun işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırmalar yekunlaşıb. Cinayət işinin materialları tanış olmaq üçün həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəf və müdafiəçilərinə təqdim olunub. İş materialları ilə tanışlıq mərhələsi başa çatandan sonra generalın işi üzrə ittiham aktı təsdiqlənəcək və cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə ittiham olunan general martın 16-dan həbsdədir. O, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir.

General istintaq dövründə ev dustaqlığına buraxılmaq üçün bir neçə dəfə məhkəməyə vəsatət versə də, hər dəfə məhkəmədən rədd cavabı almışdı.

Rövşən Əkbərovun vəkili və ya ailə üzvləri ona qarşı irəli sürülmüş qəsdən adam öldürmə ittihamıyla bağlı heç bir açıqlama verməyib.

Hələ 2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər. Anası Səmayə Əliyeva bir neçə il öncə Meydan TV-yə müsahibəsində bildirmişdi ki, hətta prezidentin Qəbələ səfərində çətinliklə də olsa, ona yaxınlaşıb, şəxsən özünə məktubunu vermişdi.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valieynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətlilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq, Rövşən Əkbərov təqsirləndirilən şəxs qismində tanınaraq həbs olunub.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Ana səhifəSiyasətRövşən Əkbərovla bağlı istintaq yekunlaşdı