Həbsdə olan Milli Qəhrəman, general Rövşən Əkbərovun işi üzrə iyulun 30-da məhkəmə istintaqı başlayıb. Amma o, məhkəmədə ifadə verməkdən imtina edib. General bildirib ki, sadəcə, indiki mərhələdə ifadə vermir, amma zərərçəkmişlər, şahidlər dindiriləndən sonra ifadə vermək niyyətindədir.
Bununla belə, general qısa çıxış edərək, ona verilən qəsdən adam öldürmə ittihamını rədd edib. O bildirib ki, Elçin Əliyevin qətlinin ona aidiyyəti yoxdur. Bu haqda ittihamda yazılanlar isə film ssenarisini xatırladır: “Mənə verilən ittihamın mahiyyəti mənə aydındır. Amma bu ittihamın mənə aidiyyəti yoxdur. Bu hadisədən 20 il keçir. Bu 20 ildə mənə qarşı bir sübut ortaya qoyulmayıb. Mənimlə bağlı ittihamda yazılanlar isə sanki film ssenarisidir”.
2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə kafedə mübahisə zəminində 29 yaşlı azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə, həmin vaxt orada olan Məzahir Şıxəliyevi isə vurub ona qarşı xuliqanlıq etməkdə suçlanan generalın işinə Bakı Hərbi Məhkəməsində baxılır. Ona qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 221 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Məzahir Şıxəliyev də vəfat etdiyinə görə zərərçəkmişin hüquqi varisi qismində onun qardaşı tanınıb. Mərhum Elçin Əliyevin hüquqi varisi isə onun atası Fəday Əliyevdir.
Fəday Əliyev iyulun 30-da məhkəmədə ifadə verib. O bildirib ki, oğlunun ölümünün ilk günündən onun Rövşən Əkbərov tərəfindən qətlə yetirildiyini eşidib: “Gecə saat 5-də bizə xəbər verdilər. Cənazənin dalınca özüm getmək istədim. Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, Ukraynada keçmiş səfir) və Səməd adlı dostları dedi ki, özümüz gətirəcəyik. Səmədin Kiyevdəki qardaşı Mədətdən oğlumu kimin öldürdüyünü soruşdum. O dedi ki, Rövşən öldürüb. Yası yola verən kimi Kiyevə gedib bu məsələni araşdırdım. Üç il istintaq kimi araşdırma aparmışam, orada azı 50 nəfərlə danışmışam. Hamı eyni sözü dedi – səfirliyin işçiləri, hadisə baş verən kafedəkilər. Bildirdilər ki, Rövşən eləyib. Öldürübsə, desin ki, öldürmüşəm. Oğlumun günahı olsaydı, qanını halal edərdim. İstintaqa verdiyim ifadələrə başımla cavabdehəm. Dediklərim səhv olsa, məni güllələyin”.
Oğlunun hansı səbəbdən qətlə yetirilməsinə gəlincə, Fəday Əliyevin sözlərinə görə, hadisə günü gecə saat 12 radələrində Azərbaycan səfirliyində toplaşıblar. Kabab bişirib yeyiblər, çay içiblər, gecə saat 3 radələrində dağılışıblar: “Elçin səfirliyin yaxınlığında yaşayırdı. Məzahirlə səfirlikdən çıxandan sonra evin yanındakı kafedə oturub pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçin Rövşəni masasına qonaq çağırıb. Aralarında samovar qaynatmaq məsələsinə görə mübahisə düşüb. Kafedəkilər onları çölə çıxarıb. Kafenin yanında Rövşən bıçaqla oğlumu vurub öldürüb”.
Məhkəmədə o da məlum olub ki, hadisədən sonra Elçin Əliyevin qətlinə görə Qüdrət Əhmədov adlı şəxs həbs olunub. O, Kiyevdə bir aydan artıq həbsdə saxlandıqdan sonra sərbəst buraxılıb. İstintaq onun təqsirsiz olduğu nəticəsinə gəlib.
Fəday Əliyev deyir ki, həbsdən buraxılandan sonra onun Qüdrət Əhmədovla söhbəti olub: “Qüdrəti hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. O da oğlumun dostu olub. Qüdrət çölə çıxandan sonra mənə dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və Bakıdan 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib”.
Məhkəmə prosesi avqustun 25-də davam edəcək.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Rövşən Əkbərov istintaqa da təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina edib. Lakin bundan əvvəl 2000-ci illərin əvvəllərində o, şahid qismində verdiyi ifadələrində Elçin Əliyevin qətlinə aidiyyəti olmadığını bildirib. Qüdrət Əhmədova gəlincə, onu səfirliyin işçisi kimi tanıdığını deyib. O bildirib ki, Kiyevə səfərləri zamanı adətən səfirlikdən onu qarşılamağa avtomobillə Qüdrət Əhmədovu göndərirdilər.
2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.
Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər.
2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.
Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətlilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq, Rövşən Əkbərov həbs edilib.
Zərərçəkmiş tərəf təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi olmaqla, 1 milyon 200 min manatlıq mülki iddia qaldırıb.
56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.
2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.