”Ölkədə siyasi mərkəziyyətçiliyi gücləndirmək iqtisadi problemləri daha da kəskinləşdirəcək”
“Referendum ölkənin üzləşdiyi ağır problemləri həll etməyəcək – əksinə problemləri daha da kəskiləşdirəcək”.
İqtisadçı Rövşən Ağayev bu qənaətdədir.
O, özünün “facebook” səhifəsində bu barədə yazıb:
“Məsələ çox sadədi – böyük neft pullarının belə həll edə bilmədiyi iqtisadi problemlərin səbəbi siyasidir. Müasir dünyada mərkəzləşdirilmiş siyasi sistemlərin hökmran olduğu ölkələrdə iqtisadi inkişaf mümkün deyil. Bəziləri yanlış olaraq deyir ki, iqtisadiyyatı siyasiləşdirməyin. İqtisadiyyat onsuz da siyasətdir – korrupsiyanın kökünün kəsmək üçün qərarlar siyasidir, monopoliyanın kökünü baltalamaq üçün qərarlar siyasidir, əyalətlərə maliyyə və iqtisadi müxtariyyətin verilməsi üçün qərarlar siyasidir, ölkənin sərhədlərinin əcnəbi kapital üçün manesiz açılması qərarları siyasidir, maliyyə amnistiyasının verilməsi qərarı siyasidir, prezidenti parlamentdən, parlamenti ictimai institutlardan asılı edən qərarlar siyasidir, məhkəməni hətta prezidentin qarşısında belə tam müstəqil edən mexanizmlərin yaradılması qərarları siyasidir…. Bütün bu siyasi qərarlar birlikdə iqtisadi inkişaf üçün təməl şərtlərdir”.
Rövşən Ağayev deyir ki, referenduma çıxarılan məsələlər, ümumiyyətlə, problemlərin həllini hədəfə almayıb: “Əksinə, ölkədə siyasi mərkəziyyətçiliyi gücləndirmək iqtisadi problemləri daha da kəskinləşdirəcək. Son 100-150 ilin dünya təcrübəsi göstərir ki, siyasi mərkəziyyətçiliyin güclənməsilə iqtisadi inkişaf arasında əks əlaqə mövcuddur. Ortada gedən sadəcə zaman oldu. 3-4 ayı iqtisadi durumu düzəltməyə daha effektiv istifadə etmək olardı. Zamanın dəyərini bilmək lazımdır. Müasir dünyada zaman texnologiyalar qədər inkişaf üçün önəmlidir. Zamanı qənaətlə istifadə edə bilməyənlər texnologiyaları da qazana bilmirlər”.