“Mübahisə edə bilərəm ki, meyvəçilyin inkişafı bütün parametrlərinə görə Azərbaycana daha böyük fayda gətirər”
“Bizdə pambığı son məhsula çevirməyi yox, mahlıc kimi satmağı düşünürlər. Azərbaycanda 1 hektardan maksimum 2,5-3 ton xam pambıq yığılır. Bundan təxminən 1 ton mahlıc alınır. Hazırda dünya bazarında 1 ton mahılıcın qiyməti təxminən 1700-1800 dollardı. Hökumətin hədəfi 50 min pambıq əkməkdir. Deməli, bu sahə tam əkilsə, pambıqçılıq ən yaxşı halda 80- 90 milyon dollar valyuta gətirəcək”, – iqtisadçı Rövşən Ağayev “Facebook” səhifəsində belə yazıb.
Müasir pambıqçılıq əməktutumlu deyil
İqtisadçı bildirir ki, sovet dövründən fərqli olaraq, müasir pambıqçılıq əməktutumlu deyil: “Çünki sovet dövründə pambığın seyrəltməsi, alaq otlarından təmizlənməsi fəhlə gücü ilə aparılırdı. Amma indi pnevmatik çiyidsəpənlər toxumu elə norma ilə və məsafədə səpir ki, kolların əllə seyrədilməsinə ehtiyac qalmır. Ziyanvericilərə və alaq otlarına qarşı elə effektiv dərman vasitələri istehsal edilir ki, texnika ilə səpilən bu dərmanların hesabına pambıq tarlalarını sovet dövründə olduğu kimi əllə təmizlənməyə gərək olmur. Nəhayət, sovet dövründə çox geridə qalmış pambıqyığan traktorlar vardı. Məhsulun az qala 70 faizini sahədə qoyurdu, ona görə traktorun ardınca çoxlu sayda fəhlə ordusu tarlaları təmizləməklə məşğul olurdu. Mütəxəssislərin dediyinə görə, müasir traktorların yığdığı sahələrdə demək olar ki, əl yığımına ehtiyac qalmır. Ən yaxşı halda suvarma işində fəhlə gücünə ehtiyac var ki, bunda da 50-100 hektarlıq sahələri 3-4 nəfərin gücü ilə həyata keçirmək mümkündür”.
Meyvəçilyin inkişafı bütün parametrlərinə görə Azərbaycana daha böyük fayda gətirər
Rövşən Ağayev deyir ki, nə valyuta qazancları, nə də məşğulluq baxımından pambıqçılığın ölkəyə böyük fayda gətirəcəyini dövlət başçısına kim məlumat veribsə, sonacan analiz aparmayıb: “Bu məsələdə ən böyük günahkar Kənd Təsərrüfatı Nazirliyidir. Hər bir sahə üzrə master planlar hazırlanmalıdır. Bu planlarda inkişafı təklif olunan sahələrin gətirəcəyi faydalarla yanaşı vura biləcəyi ziyanlar da dəqiq göstərilməli, tələb olunan resurslar, risk və təhlükələr dəqiq əsaslandırılmalıdır. Məsələn, mən mübahisə edə bilərəm ki, meyvəçilyin inkişafı bütün parametrlərinə görə Azərbaycana daha böyük fayda gətirər. Pambıqçılığa sərmayə qoyulmasının əleyhinə deyiləm, amma bu sahə öz toxuculuq sənayemiz üçün xammal (iplik, parça) bazası olmayacaqsa, ondan böyük fayda gözləməyin yeri yoxdu. Özbəkistan kimi pambıqçılıq ölkəsi pambıq ixracından qazancına baxmaq kifayətdir ki, mənzərə aydın olsun”.