“Varlılar bizim məktəblərin nə dövlətinə, nə də özəlinə etimad göstərirlər”
“Mən özüm üçün mini-tədqiqat aparıram. Nazirlikdən və ya evdən harasa, deyək ki, A nöqtəsindən B nöqtəsinə piyada gedəndə, qarşıma çıxan və dəyəri 20 min manatdan yuxarı olan avtomobilləri sayıram. Saysız bahalı avtomobillər və deməli, varlı insanlar, hansı ki, pullarını öz övladlarının təhsilinə sərf edə bilərlər, amma sərf etmirlər”.
Təhsil naziri Emin Əmrullayev virtualaz.org saytına müsahibəsində belə deyib.
Nazirin sözlərinə görə, imkanlı insanlar var, ancaq onlar pullarını uşaqlarının təhsilinə yox, başqa şeylərə sərf edirlər.
İqtisadçı Rövşən Ağayev nazirin bu sözləri ilə razı deyil.
O deyir ki, iki göstərici arasında bu əlaqəni qurmaq yanlışdır, çünki 20 000 manatdan çox dəyəri olan maşına sahib olmaq hələ övladını illik xərci 4-5 min manatdan başlayıb 20-30 min manata kimi çıxan özəl orta məktəblərdə oxutmağa imkana sahib olmaq demək deyil: “Çünki kimsə bunu kreditlə, yaxın adamlardan borc götürməklə də alıb bəzən hətta işgüzar məqsədlər üçün istifadə edə bilir. Varlı adamlar övladlarının adını formal olaraq ixtiyari bir dövlət təhsil müəssisəsinə yazdırmaqla ev şəratində bahalı fərdi hazırlığa üstünlük verirlər. Çünki bizim məktəblərin nə özəlinə, nə dövlətinə etimad göstərirlər. Hətta daha zənginləri içərisində övladının yuxarı siniflərdə xaricdə oxudanlar da var”.
Nazir müsahibəsində həmçinin qeyd edir ki, 5 yaşlı uşaqların məktəbəqədər hazırlığa getməsi 90 faizə çatıb.
İqtisadçı deyir ki, nazirin müsahibəsində ona manipulyativ təsir bağışlayan 2-ci məqam budur: “5 yaşını tamam etmiş, bir neçə ay sonra 1-ci sinfə qəbul olacaq uşaqların məktəbəqədər hazırlığı ən yaxşı halda orta təhsili 5 yaşda başladıb 12 illik orta təhsilə keçid etməkdən başqa nəsə deyil. Çünki məktəbəqədər hazırlığın məqsədi və verəcəyi fayda heç də nazirin müsahibəsində deyilən kimi uşaqların daha 1 il tez hərf öyrənməsində deyil. 3 yaşından başladılmalı olan məktəbəqədər təhsil uşaqlara düşünmək və özünüifadə etmək bacarıqları formalaşdırmaq, müxtəlif proqramlar vasitəsilə 3-6 yaşı uşaqların fiziki və əqli qabiliyyətlərini inkişaf etdirmək, fərqli sosial-demoqrafik qrupa məxsus ailələrdən gələn uşaqların yetənəkləri arasında fərqləri aradan qaldırmaq, onların sosiallaşma və ünsiyyət bacarıqlarını gücləndirərək daha yetkin vəziyyətdə orta təhsilə hazırlamaq məqsədi güdür”.
Rövşən Ağayev bildirir ki, nəhayət, nazir lisey və gimnaziyalar kimi elitar müəssisələrin sayının artmasında əsas hədəflərədən biri kimi öygü ilə danışır: “Amma mən ondan gözləyərdim ki, təhsildə məhz bu tip elitar məktəblərin yaratdığı fərqlərdən, həmin fərqləri aradan qaldırmaq üçün hökumətin hansı strategiyaları izləməli olduğu barədə danışsın. Məsələn, Azərbaycanda orta təhsilin keyfiyyəti və təhsilə əlçatanlıq baxımından çox ciddi bölgəsəl, coğrafi fərqlər var. Yeni nazirin ən uğurlu işi bu fərqləri ortaya qoyan samballı bir hesabatla cəmiyyətin qarşısına çıxıb bu köklü problemin həllinə yönəlik strateji baxışını ortaya qoyaydı”.
İqtisadçı deyir ki, müsahibədə görmək istədiyi daha vacib bir məsələ təhsil menecmentinə baxış olub. Xüsusilə orta məktəblərin idarəolunması, fəaliyyətində şəffaflıq və icma qarşısında hesabatlılıq, onların fəaliyyətinin nəticələrinə görə differensial stimullaşdırma-cəza sistemlərinin olub-olmayacağı ilə bağlı düşüncələri nədən ibarətdir: “Nazirliyin nəticə əsaslı büdcə üçün təqdim etdiyi strateji hədəflər də ayrıca bir maraqlı və müzakirə açılası mövzudur – o da qalsın sonraya…”.