“Manat uzun illər ölkədə yanlış həyata keçirilən iqtisadi siyasətin qurbanıdı”
“Pul-kredit siyasətində Mərkəzi Bankın yanlışları var. Xüsusilə öz fəaliyyətində şəffaflığın təmin edilməsi, cəmiyyətin zəruri informasiyalara əlçatanlığının təmin edilməsi ilə bağlı Mərkəzi Bankın sorunları var. Lakin manatın düşdüyü hazırkı durumda həlledici günahkar Mərkəzi Bank deyil. Əgər 2 günühkar varsa, mütləq 1-cisi deyil”.
Bunu öz Facebook səhifəsində iqtisadçı Rövşən Ağayev yazıb. Ekspertin sözlərinə görə, manat uzun illər ölkədə yanlış həyata keçirilən iqtisadi siyasətin qurbanıdı: “O siyasət ki, manatın arxasında rəqabətqabiliyyətli iqtisadiyyatın, diversifikasiya olunmuş ixracın, ən zəruri məhsullar üzrə idxalı əvəzləyən yerli istehsalın, ölkəyə xarici sərmayələrin axınını təmin edən siyasi-institusional-iqtisadi mühitin, keyfiyyətli (xaricdən pulgətirən) xidmət sektorunun yaranmasına imkan verməyib, manatın altında bombaya çevrilən nəhəng korrupsiya pullarının formalaşmasına səbəb olub, yerli kapital üçün əlverişli-təhlükəsiz iqtisadi mühit yaratmadığına görə onun xaricə qaçışa məcbur edib”.
İqtisadçı hesab edir ki, təhlillərdə ədalətli və real olmaq lazımdır. Əks halda ictimai rəy əsas deyil, 2-ci dərəcəli günahkarların üzərinə yönlənəcək:
“Mərkəzi Bank rəhbərinin ən böyük günahı odur ki, zamanında yanlış olan, manatı fəalkətə sürükləyən iqtisadi siyasətə etiraz olaraq (hətta siyasi reallıqları nəzərə alaraq səssiz də ola bilərdi bu etiraz) vəzifə karyerasını bitirərdi”.