Rasim Səttarzadə: "8 regionda poliqon yaradılacaq"
Tullantılarla əlaqədar 8 regionda poliqon yaradılacaq. Həmin poliqonların yerləşəcəyi ərazilər müəyyən
olunub
.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə belə deyib.
O bildirib ki, daha 38 ötürücü stansiyanın yaradılması da nəzərdə tutulub: “Proseslər İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur”.
İqtisadçı Rövşən Ağayev deyir ki, Bakıdankənar ərazilərdə məişət tullantılarının emalı üçün infrastrukturun yoxluğu Azərbaycanda heç kimin danışmadığı, amma birbaşa hər kəsin mənafeyinə toxunan problemdir: "Tullantılar açıq ərazilərə atılır. Bu da ciddi ekoloji və sağlamlıq problemi yaradır. Kəndlər isə əsl fəlakət yaşayır. Hələ 2 əvvəl ekspert qrupumuz bir araşdırma sifarişi əsasında ölkənin müxtəlif regionlarında pilot olaraq seçilmiş 10 kəndin timsalında bu problemi monitorinq eləmişdi. Yerində gördüklərimiz gerçəkdən ekoloji fəlakət idi”.
İqtisadçı bildirib ki, bu günə qədər Azərbaycanda bölgələrdə məişət tullantılarının emalı hesabına ekologiyanın qorunması məsələsi hökumətin strateji hədəfləri sırasında yer ala bilməyib: "Nəticədə əhalinin 50 faizinin yaşadığı kəndlər zibilliklər içərisində boğulur. Ümid edirəm ən azıdan "ağıllı kənd"lərin və "ağıllı şəhər"lərin salınacağı deyilən yenidən qurulan ərazilərdə tullantılar açıq havaya atılmayacaq. Ən azından Ağdam və Zəngilanda ətraf rayonların da tələbatını ödəyəcək 2 emal müəsissisə qurmaq mümkündür. Makisimum 400-500 milyon dollar sərmayə ilə bu problemi həll etmək olar”.
Rövşən Ağayev deyir ki, beləliklə, emal nəticəsində əldə olunan məhsullar (elektrik enerjisi, gübrə) qısa müddətdə sərmayənin geridönümünü də təmin edər: “Son illər dünyada kanalizasiya tullantılarının su hövzələrinə axıdılmasının da qarşısı sürətlə alınır. Buna kanalizasiya tullantılarının bioloji emalı texnologiyaları vasitəsilə nail olurlar. Yeni emal texnologiyalarının əsas üstünlüyü odur ki, çıxış sularının ən azı 15 faizi yüksək səviyyədə təmizlənir, sənaye və yaşıllıqların suvarılması məqsədilə istifadə edilir. Yerdə qalan tullantılar müəssisənin xüsusi bölmələrində tam sussuzlaşdırıldıqdan sonra qurudulur və çürüdülür. Sonrakı mərhələdə isə son məhsullara (elektrik enerjisi, gübrə) çevrilir”.
İqtisadçının sözlərinə görə, bəzi ölkələrin təcrübəsində tullantılardan alınan elektrik enerjisi müəssisənin özünün enerji tələbatının 30-35 faizini qarşılaya bilir: “Məsələn, bir müəssisənin təcrübəsində gördüm, gündəlik 435 min kub tullantı suyunu qəbul edən təsisat 4 ton azot, 0.4 ton fosfor, 18 ton orqanik maddə əldə edir. Başqa bir şəhərin nümunəsində gördüyüm fakt: 2.5 mln. nəfər əhalinin gündəlik istehlak nəticəsində 200 000 ton çirkab suyun dənizə atılmasının qarşısı alınır. Bizdə sistemin necə qurulduğu maraqlıdır. Məsələn, əyalət şəhərlərində son illər sürətlə kanalizasiya sistemləri qurulur. Həmin ərazilərdə tullantılar hara axıdılır?”
Son zamanlar sosial şəbəkələrdə Bakıətrafı kəndlərin kanalizasiya və çirkab sularının təmizlənmədən Xəzər dənizinə axıdılması ilə bağlı video görüntülər paylaşılır.
Sakinlər bildirirlər ki, problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər, ancaq çarə tapan yoxdur. Burada yaşayanlar ilboyu dənizə axıdılan çirkab sularının heç olmasa yay aylarında dayandırılmasını xahiş edirdilər.
Zibillik probleminin həlli ilə bağlı İzmir böyük şəhər bələdiyyəsi bu yaxınlarda cəmi 350 mliyon lirə (40 milyon dollardan da az) investisiya ilə məişət tullantılarının emalı zavodu qurub. Müəissisə 4 rayona xidmət edəcək. Emal nəticəsində əldə olunan elektrik enerjisi 116 min ev təsərrüfatının, təxminən 500 min nəfərin enerji tələbatını ödəyəcək. Əlavə olaraq, ildə 100 ton gübrə istehsal olunacaq.
Rövşən Ağayev deyir ki, orta hesabla hər 100 min nəfər insanın məişəti tullantıları emalını 10 milyon dollar sərmayə ilə həll etmək mümkündür: “Üstəlik, qurulan zavod bölgələrin elektirik enerjisi və gübrə ehtiyacını qarşılamaqla öz xərcini qısa müddətdə ödəməklə rentabelli xidmət sahəsinə çevrilə bilər”.
Ən son açıqlanan statistikaya görə, 2020-ci ildə Azərbaycanda 3 mln. 486.5 min ton tullantı əmələ gəlib.
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, əvvəlki illə müqayisədə 6.4 faiz çoxdur: “Onların 67.4 faizini bərk məişət tullantıları, 32.6 faizini isə müəssisələrin fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib”.
DSK-nın statistikasına görə, ötən il yaranmış 2 mln. 350 min ton bərk məişət tullantılarının 74.5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0.5 faizi isə ölkə daxilində satılıb: “Müəssisələrin fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0.1 faiz az və ya 317.2 min ton təhlükəli tullantı yaranıb. Tullantıların ümumi miqdarında onların payı 9.1 faiz olub”.