Rövşən Ağayev: İxracatda özəl sektorun payı çox cüzidi

Natiq Cəfərli: “Xarici ticarətdə dayanıqlı iqtisadi model məhz özəl sektorun üzərində qurulmalıdır”

Source:


Natiq Cəfərli: “Xarici ticarətdə dayanıqlı iqtisadi model məhz özəl sektorun üzərində qurulmalıdır”

İqtisadçı ekspert Rövşən Ağayev xarici ticarət rəqəmlərinin görünməyən tərəflərini açıqlayıb. O bildirib ki, Azərbaycanın ixracında onsuz da özəl sektorun payı çox cüzidi. Məsələn, 2014-ci ildə ümumi ixracın cəmi 6 faizi və ya 1.121 milyard dolları özəl sektorun payına düşüb:

“Hələ bu azmış kimi 2013-cü ilə nisbətən 2014-cü ildə özəl sektorun ixracı 260.1 milyon dollar (19 faiz) azalıb.

Nəzərə alsaq ki, özəl sektorun ixracınının hamısı bilavasitə qeyri-neft sektoru ilə bağlıdı, deməli, ötən il xarici bazarlara çıxış baxımından qeyri-neft sektoru üçün uğurlu il olmayıb”.


“2011-ci ilə nisbətən 2014-cü ildə qeyri-neft ixracı 196 milyon dollar artıb”

Ekspertin fikrincə, xarici ticarət statistikasının araşıdırılması göstərir ki, qeyri-neft sektorunda son illər müşahidə olunan kiçik artım əsasən dövlət mülkiyyətində olan kimya-sənaye müəssisələrinin ixracının artımı ilə bağlı olub:

“Məsələn, 2011-ci ilə nisbətən 2014-cü ildə qeyri-neft ixracı 196 milyon dollar artıb. Amma həmin artımın 137.5 milyon dolları birbaşa qeyri-neft dövlət müəssisələri hesabına təmin edilib. 4 il ərzində yerdə qalan cəmi 58.5 milyon dollar qeyri-neft sektorunda çalışan bütün özəl sektorun payına düşüb. Nəticə isə budur ki, rəsmi statisitkaya görə 2011-2014-ci illərdə qeyri-neft sektorunda Ümumi Daxili Məhsul istehsalının həcmi 13.5 milyard dollar (29.5 milyard dollardan 43 milyard dollara) artmasına baxmayaraq, qeyri-neft ixracı cəmi 196 milyon dollar artıb”.

R. Ağayev başqa bir nəticə kimi qeyri-neft ixracının qeyri-neft ÜDM-də payını göstərir. 2011-ci ildə bu 5.2 faiz idisə, 2014-cü ildə bu gösətərici 4 faizə enib.

Bu, o deməkdir ki, Azərbaycanın qeyri-neft sektorunda yeni yaranan hər 100 manat əlavə dəyərin cəmi 4 manatı ixrac gəliri kimi ölkəyə qayıdır:

“Müqayisə üçün deyim ki, Gürcüstanda hər 100 dollar əlavə dəyərin 25 dolları, Estonyiada isə hər 100 dollar əlavə dəyərin 40 dolları ixrac gəliri kimi ölkəyə qayıdır. Yüksək texnoloji məhsullar ixrac edən ölkələrin adını heç çəkmirəm: bu ölkələrdə ixracın ÜDM-ə nisbəti 70-80 faizə qədər yüksəlir”.


“Ölkədən ixrac olunan mal və məhsulların təxminən 90 faizindən yuxarı hissəsi dövlətin payına düşür”

İqtisadçı ekspert Natiq Cəfərli də deyir ki, xarici ticarətdə dayanıqlı iqtisadi model məhz özəl sektorun üzərində qurulmalıdır. Onun sözlərinə görə, Azərbaycan höküməti illər öncə belə bir modelin qurulacağı haqqında bəyanatlar verirdi: “Hökümət belə bir modelin qurulacağına çalışacağını deyirdi. Ancaq rəqəmlər bunun əksini göstərir. O mənada ki, il-ildən dövlətin xarici ticarətdə, istehsalda ümumiyyətlə iqtisadiyyatda rolu artır. Həm investor kimi, həm xarici ticarət subyekti kimi, həm də son rəqəmlərə görə ölkədən ixrac olunan mal və məhsulların təxminən 90 faizindən yuxarı hissəsi dövlətin payına düşür. Bu da onu göstərir ki, özəl sektor getdikcə iqtisadi proseslərdən daha kənarda qalır. Məhz inhisarçılığın artması ilə əlaqədardır. İnhisarçılıq azalmaqdansa, artır. Təmərküzləşmə baş verir. İnhisarçılara, məmurlara tabe olmayan şirkətlər bazardan çıxmağa başlayır. Ya müflis olurlar, ya da daha iri şirkətlər tərəfindən udulurlar. Bu təmərküzləşmənin nəticəsidir ki, həcm ciddi şəkildə dəyişməsə də, iştirakçıların sayı getdikcə kəskin şəkildə azalır”.


“Xarici ticarətdə məmurlara və ya şirkətlərə bağlı olmayan insanların ticarət aparması mümkünsüzdür”

N.Cəfərlinin fikrincə, bunun əsas səbəbi inhisarçılığın ciddi şəkildə mövcud olmasıdır. Əsasən də xarici ticarətdə: “Xarici ticarətdə məhz inhisarçılara, məmurlara və ya şirkətlərə bağlı olmayan qurumların, firmaların, insanların ticarət aparması demək olar ki, mümkünsüzdür. Ona görə də bu sahədə çalışan insanlar, şirkətlər getdikcə azalır”.

Ana səhifəXəbərlərRövşən Ağayev: İxracatda özəl sektorun payı çox cüzidi