‘Kənd İnkişafı haqqında” ayrıca qanunun qəbulu son dərəcə mühümdür”
“Aqrar ölkə olmaq imkanlarını sənayeləşmiş, üst texnolojinin hökm etdiyi iqtisadiyyata dəyişə bilməyən ölkə heç olmazsa kənd təsərrüfatını yeni dövrün tələblərinə uyğunlaşdırmağın öhdəsindən gələ bilməlidir”.
Bu sözləri iqtisadçı Rövşən Ağayev öz Facebook səhifəsində yayıb. Onun fikrincə, əhalinin ən azı yarsının bilavasitə gəlir və məşğulluğunun birbaşa aqrar sektordan formalaşdığı, ölkənin qida təminatının ən azı 50-55 faizinin idxaldan asılı olduğu ölkədə iqtisadi böhranının təsirlərinin minimuma endirilməsinin açarı kənd təsərrüfadındadı:
“Məsələ təkcə fermerə verilən yardımların az və ya çox olmasında, tarktor və kombaynların sayında, fermerin keyfiyyətli toxumla təminatında deyil.
Problem birbaşa aqrar sektor üçün təbii mühitin – kənd mühitinin inkişafından asılıdır. XX əsrin 70-80-ci illərdə Şimali və Qərbi Avropa ölkələrində hökumətlər bilavasitə aqrar sektoru deyil, kəndin inkişafını hədəfə almağa başladı. Ona görə də hazırda inkişaf etmiş ölkələrdə aqrar sektorun inkişafı ilə bağlı siyasət tədirlərinin əhəmiyyətli hissəsi kənd inkişafı ilə bağlı proqramlarda nəzərə alınır.
Yaşadığı mühitdə yerli özünüidarə vasitəsilə idarəetmədə səsi eşidilməyən, övladının keyfiyyətli təhslini və sağlamlıq sorunlarını yaşadığı mühitdə tapa bilməyən insanlar ömrünü fermerçiliyə bağlamaqdan qaçmağa çalışacaq. Övladını hər gün palçıqlı ayaqqabı ilə məktəbdən, həyat yoldaşını uzaq məsafədə yerləşən hansısa mənbədən vedrə-səhənglə su daşıyan görən ailə başçısının imkan düşən kimi ilk görəcəyi iş bu sorunların heç birinin olmadığı şəhərlərə qaçmaq olur. Hələ ən yeni kitablarla təchiz edilən kitabxanaların, mədəniyyət evlərinin, müntəzəm idmanla məşğul olmaq imkanlarının mövcudluğunu bir kənara qoyuram. Təkcə bir faktı deyim ki, BMT-nin ölkələr üzrə ən son statistikasına görə, Azərbaycanda kənd əhalisinin 30 faizdən də az hissəsi mühafizə edilən və borular vasitəsilə mənzilə çatdırılan su təminatına malikdir. Təhsildə vəziyyət acınacaqlıdır: şəhər yerlərində 17-18 yaşlı gənclərin hər 100 nəfərindən azı 19-20 nəfərinin ali təhsil almaq imkanı olur. Kəndə yerlərində bu 7-8 nəfərdən çox deyil.
Təəssüf ki, bizdə kənddən köçün miqyası və motivlərini kökdən araşdıran tədqiqatlar yoxdu. Amma Türkiyənin timsalında mənzərəni təxmin etmək olur. 1990-cə illərin başlanğıcında Qars, Ərzurum, Ərzincan kimi bögələrdə doğulan insanların 45-50 faizinin sosial-iqtisadi səbəblərdən İstanbul, Adana və İzmir kimi şəhərlərə axışdığı təsbit edilmişdi”.
İqtisadi bu sahədə təcili görüləcək işlərlə bağlı da təkliflərini qeyd edib: “Nəinki Avropa, hətta Qazaxıstan və Rusiya təcrübəsində olduğu kimi “Kənd İnkişafı” adlı ayrıca strategiya və dövlət proqramın qəbul edilməsi, kənd yerlərində sırf sosial layihələri dəstəkləyən Kənd İnkişafı Fondunun yaradılması və icmaların qrant layihələri əsasında bu fonddan layihələr ala bilməsi, kənd icra hakimiyyətlərinin bütün səlahiyyətlərinin blədiyyələrə ötürülməsi, Avropa və bir sıra postsovet ölkələrində (Latviya, Qazaxıstan və Rusiya) təcrübəsində olduğu kimi “Kənd İnkişafı haqqında” ayrıca qanunun qəbulu son dərəcə mühümdür.
Adını nə isəyirlər qoysunlar, hökumət “əyalətlərə qayıdış proqramı” elan etməlidir. Ağır sosial-iqitisadi problemlərin doğulduqları məskənlərdən didərgin saldığı insanların öz evlərinə qayıdışı üçün stimullar və zəmanətlər olmalıdır”.