Rövşən Ağayev: Ən az artan qiymət 6 faiz, ən yüksək artan 30-35 faizdir

”Hökumət maaşları artıra bilməsə də, ən azından yaşayış minimumunun dəyərini qiymət artımına uyğun müəyyən etməlidir”

Source:


”Hökumət maaşları artıra bilməsə də, ən azından yaşayış minimumunun dəyərini qiymət artımına uyğun müəyyən etməlidir”

Azərbaycan qanunvericiliyinə görə, hər bir əmək qabiliyyətli yaşında insan il ərzində ən azı 630.5 kq müxtəlif qida məhsulları və 150 ədəd yumurta istehlak etməlidir. Nazirlər Kabinetinin təsdiqlədiyi minimum qida rasionunda 35.4 faiz süd və süd məmulatlarının, 24.1 faizi tərəvəz və kartofun, 21.7 faiz çörək və çörək məmulatlarının, 6.5 faiz ət və ət məmulatlarının (balıq və balıq məmulatları daxil), 6 faiz meyvənin, 2.8 faiz yağların (bitki və kərə), 2.7 faiz şəkər və şirniyyatların payına düşür.

Bu açıqlamanı öz Facebook səhifəsində iqtisadçı Rövşən Ağayev yazıb.

Ağayev bildirib ki, əmək qabiyyətli bir insanın öz fizioloji mövcudluğunu qoruması, iş qüvvəsini bərpa etməsi üçün tələb olunan minimum qida rasionunun 99.2 faizini yuxarıda qeyd olunan 7 qida qrupuna daxil olan ərzaq məhsulları təmin etməlidir: “İndi diqqət yetirək: son 1 ildə bu qida qrupundan 6-ı üzrə məhsulların, həmçinin yumurtanın qiymətində xeyli bahalaşma olub. Rəsmi statistikaya görə, son 1 ildə süd və süd məmulatlarının qiyməti 11.2 faiz, çörək və çörək məmulatlarının qiyməti 16.2 faiz, ət, ət məmulatları, balıq və balıq məmulatlarının qiyməti 10 faizə yaxın, meyvə 6.2 faiz, yağlar 25 faizdən çox, şəkər və şurniyyatları 16.5 faiz bahalaşıb. Amma əmək qabiliyyətli işçi üçün 2016-cı ilin yaşayış minimumunun dəyəri 2015-ci ilə nisbətən cəmi 3 faiz və ya 5 manat artırılıb: 2015-də 141 manat idi, bu il üçün 146 manata qaldırılıb”.

Rövşən Ağayev

İqtisadçı hesab edir ki, hökumət maaşları artıra bilməsə də, ən azından yaşayış minimumunun dəyərini qiymət artımına uyğun müəyyən etməlidir. Çünki bu “Yaşayış minimumu haqqında” qanunun tələbidir. Qanunun 2-ci maddəsinə görə, yaşayış minimumu göstəricisi yoxsullar üçün ünvanlı sosial yardım sisteminin formalaşdırılması, yoxsulluq səviyyəsinin ölçülməsi, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin müəyyənləşdirilməsi üçün əsas göstəricidir. Ona görə real qiymət artımı mütləq yaşayış minimumunun dəyərində öz əksini tapmalıdır.

“Nəzərə alın ki, həmin 146 manata təkcə ərzaq yox, kommunal xidmətlər və sosil xidmətlər (təhsil və səhiyyə) üçün haqlar da ödənməlidir, geyim və ev əşyaları, azyaşlı uşaqlar üçün məktəb ləvazimatları da alınmalıdır. Yeri gəlmişkən, bu il əhali üçün su tariflər də 35 faizə yaxın artırıldı. Göründüyü kimi, ən az artan qiymət 6 faiz, ən yüksək artan 30-35 faiz. Amma yaşayış minimunun dəyərində cəmi 3 faizlik artım”-deyə Rövşən Ağayev fikrini bitirib.

Ana səhifəXəbərlərRövşən Ağayev: Ən az artan qiymət 6 faiz, ən yüksək artan 30-35 faizdir