”Vətəndaşlar əlindəki az həcmdə torpaqla ölkənin ərzaq təhlükəsizliyini təmin edir”
“Ötən il büdcə təşkilatlarının işçilərini icbari qaydada pambıq yığımına aparırdılarsa, bu il onların özlərini pambıq əkməyə məcbur edirlər. Bu barədə rayonlardan məlumatlar gəlir. Əgər mərkəzi hakimiyyət orqanlarının yerlərdəki bu biabırçılıqdan xəbərləri yoxdursa, qarşısı mütləq alınmalıdır, əgər xəbərləri varsa, daha buna sözüm yoxdur”.
Bunu İqtisadçı Rövşən Ağayev Facebook sosial şəbəkəsindəki profilində yazıb.
O deyir ki, yerli icra orqanlarının vətəndaşları öz şəxsi mülkiyyətində olan torpaqlarında pambıq əkməyə məcbur etməsi narahatlıq doğuran məsələdir.
R.Ağayev bunun insan haqqı məsələlərinə müdaxilə olduğunu düşünür.
Bildirir ki, vətəndaşı özü istəmədiyi hansısa bir işə məcbur etmək insan hüquqları pozuntusudur:
“İnsanların öz şəxsi mülkiyyətindən necə istifadə etməsinə yalnız özü qərar verə bilər. Amma burda maraqlı olan başqa məsələlər də var. Kənd təsərrüfatına yararlı torpaqların cəmi 25 faizi pay torpaqları formasında vətəndaşlara verilib. Bu da təxminən 1.3 milyon hektardır. Yerdə qalan 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq dövlət və bələdiyyə mülkiyyətində saxlanılıb”.
İqtisadçı bildirir ki, eyni zamanda, dövlət və bələdiyyə mülkiyyətində saxlanan kənd təsərrüfatı torpaqlarının 600 min hektara yaxını əkinə yararlı torpaqlardır:
“Elə əsas sual da budur. Niyə məmurlar dövlət və bələdiyyə mülkiyyətində olan yüz minlərlə hektar torpağın 150-200 min hektarını pambıq əkinlərinə cəlb etməklə vətəndaşları rahat buraxmaq istəmirlər? Axı vətəndaşların əlindəki az həcmdə torpaqla ölkənin ərzaq təhlükəsizliyi təmin edilir. Rəsmi statistika özü etiraf edir ki, bütün kənd təsərrüfatı məhsullarının ən azı 90 faizi ev təsərrüfatlarının sərəncamında olan həmin 1.3 milyon hektar torpaqda istehsal edilir”.
Rövşən Ağayev deyir ki, əgər doğrudan da pambıq əkmək fermerlər üçün sərfəlidirsə, hökumət insanları incitmədən belə mexanizm tətbiq edə bilər:
1) dövlət və bələdiyyə mülkiyyətində olan əkinə yararlı və suvarıla bilən torpaqlardan təxminən 100 min hektar torpaq fondu açıq müsabiqələr vasitəsilə fermerlərə təklif edilir;
2) Bu torpaqlar üçün icarə haqqı alınmır, suvarma suyu üçün haqq alınmır;
3) Bu əkinlərə becərmə başlayan andan kənd təsərrüfatı sığortası təmin edilir, sığorta ödənişlərinin bir hissəsini hökumət, bir hissəsini də pambıq zavodları üzərinə götürür.”Əgər belə şərtlər altında pambıq əkməyə iddialı fermerərin sayı çox olacaqsa, deməli, bu sahə mənfəət gətirir. Maraq olmayacaqsa, deməli, sərfəli iş deyil.
Bu mexanizmin tətbiqinin bir üstünlüyü də odur ki, pambıq əkini on minlərlə adamı cəlb etməklə 0.5-1 hektarlıq sahələrdə yox, daha az sayda insan hesabına 50-100 hektarlıq sahələrdə həyata keçiriləcək. Miqyas effekti hesabına xərclərin azalması pambıq əkinlərini daha rentabelli edə bilər”, – deyə Rövşən Ağayev bildirir.
Pambıqçılıqla bağlı insanların başqa şikayətləri də var.
Məsələn, Kürdəmirin büdcə təşkilatlarında çalışan texniki işçilər Meydan TV-yə yazaraq onları pambıq yığımı dövründə zorla yığıma apardıqlarını söyləmişdilər. Onlar bunun hər il təkrarlanmasından qorxduqlarını, məcburi əməyə cəlb edildiklərini deyirdilər:
“Kürdəmir xəstəxanasının rəhbərliyi iclas keçirərək işçilərə hamının pambıq yığımına getməsini, getməyənləri işdən qovacağı ilə hədələdi. Məcbur, bütün texniki işçilər pambıq yığımına getməli oldu. Eyni zamanda, Yenikənd, Atakişi məktəblərinin də texniki işçiləri eyni qayda ilə pambıq yığımına cəlb edildilər. Başqa çarəmiz olmadığı üçün getdik”.
Bu, pambıq yığımına cəlb edilən büdcə təşkilatı işçiləri ilə bağlı ilk xəbər deyil. Bundan əvvəl Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri də pambıq yığımına cəlb edilmişdilər. Hətta
sentyabrın 19-da
pambıq yığımından dönən işçiləri daşıyan təcili yardım maşını qəzaya uğramışdı.
İşçilər arasında xəsarət alanlar olmuşdu. İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığıldığını
söyləyib
.
“Yəni, iki il ərzində pambıq istehsalı demək olar ki, səkkiz dəfə artıb və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır”.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, 2017-ci ildə ölkə üzrə hər hektardan 1510 kiloqram pambıq əldə olunub:
“İstehsal xərci isə hər hektar üçün 830 manat təşkil edib. Yığıma cəlb edilən zəhmətkeşlər isə yığdıqları pambığın hər kiloqramına görə 10 qəpik, bəzi yerlərdə isə 13 qəpik əmək haqqı alıb. Bizim apardığımız hesablamalar göstərdi ki, əksər pambıqçılar ili zərərlə başa vurublar.
Fermerlər, kəndlilər orta hesabla hər hektardan 75 manat zərərə məruz qalıblar. Bu da ümumi ölkə üzrə 10 milyon manatdan çoxdur.
2017-ci ildə 200 min zəhmətkeş hesabına pambıqçılıqdan qazanc əldə edən 2 yüksək çinli məmur oldu. Onları da siz çox yaxşı tanıyırsınız. Pambıqçılıqla məşğul olan zəhmətkeşlərə isə hakimiyyət 2017-ci ildə zülm etdi”.2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.
2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox idi.
2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilmişdi. İqtisadçı-ekspertlər dəfələrlə pambıqçılığın hazırda Azərbaycana xeyir verməyəcəyini, rentabelli olmayacağını, pambıqçılıq sahələrinin genişləndirilməsini otlaq sahələrinin hesabına baş verdiyini, son nəticədə ət istehsalının aşağı düşməsi və ətin qiymətinin artmasına səbəb olduğunu bəyan ediblər.