“Vəziyyət Əli müəllimin dediyi kimi deyil”
2015-ci ili hökumət kənd təsərrüfatı ili elan eləmişdi. Təqvimə bu cür rəsmi adların qoyulmasının nəyisə dəyişib-dəyişmədiyini qoyuram bir kənara…
Prezident Administrasiyasının məsul şəxsi Əli Həsənov Rusiya mediasına verdiyi müsahibəsində deyib ki, 2015-ci il Azərbaycanda kənd təsərrüfatı üçün inkişaf ili olub.
Aqrar sektorla bağlı xeyli araşdırmalarım olub deyə bu sahə daimi maraq dairəmdədir. Amma heç araşdırma aparan birisi kimi deyil, daimi kəndlə əlaqəsi olan şəxs deyirəm ki, bu il kəndlilərin vəziyyəti həddən artıq ağır oldu.
Xeyli sayda yaxın insanlarım bu sektorun hesabına ailə saxlayır. Bu il gördüm ki, onlar öz məhsullarını ötən mövsümdən təxminən 20-25 ucuz satdılar. Bura həm kəndlinin diri çəkidə satdığı heyvanlar, həm də meyvə-tərəvəz daxildir. Halbuki fevral devalvasiyasından sonra yaz-yay mövsümündə fermerlərə göstərilən texniki xidmətlər, xaricdən gələn dərman preparatatları (istər heyvandarlıqda, istərsə də bitkiçikilikdə istifadə olunan) orta hesabla 15-20% bahalanmışdı. Nəticədə gəlir itkisi 45-50%-ə çatdı bu il.
Yəni real vəziyyət belədir, bunu kəndlə əlaqəsi olan istənilən şəxs təsdiqləyə bilər.
Amma hətta rəsmi rəqəmlər belə aqrar sektorda vəziyyətin Əli müəllim dediyi kimi olmadığını göstərir. Məsələn, statistikanın 11 ay üzrə məlumatları göstərir ki, ötən ilə nisbətən:
1) dənli bitkilər istehsalı 22% azalıb
2) tütün istehsalı 18% azalıb
3) tərəvəz istehsalı 6% azalıb
4) meyvə istehsalı 4% azalıb
5) yaşıl çay istehsalı 21% azalıb
6) kartof istehsalı istehsalı 2% azalıb
Hələ onu demirəm ki, bu il pambıq əkən insanların məhsulu sahədə qaldı. Zavodlar bağladıqları müqavilərdən imtina etdilər və məhsulu almadılar.
İndi bu durumda olan sektora “inkişaf edir” demək olarmı?
Vətəndaş cəmiyyəti fermerlərin ağrıdıqları yerləri uzaqdan daha çox duya bilir. Hökumət onlara yaxında ola-ola bu ağrıları duymaq niyə bu qədər çətin olsun ki?